Birinci yarımildə 162 milyon manat artıq və əsassız ödəniş aşkarlanıb

post-img

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.

Nazirlikdən bildirilib ki, nəticədə ümumilikdə 162 milyon 11,12 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10 milyon 220,8 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluq və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85 milyon 240,02 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən bu ilin birinci yarımilliyində xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76 milyon 771,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.

Yoxlamalar zamanı hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib

 

Son xəbərlər