Qlobal səviyyədə müşahidə olunan demoqrafik transformasiyaların mühüm istiqamətlərindən biri doğum səviyyəsinin azalma tendensiyasıdır. Əvvəllər, əsasən, inkişaf etmiş Qərb cəmiyyətlərinə xas bu demoqrafik meyilin təsir dairəsinə Azərbaycan da daxil olub.
Dünya üzrə doğuşun ölümə nisbətinin azalması əhali artımı tempinin zəifləməsinə və demoqrafik strukturun dəyişməsinə səbəb olur. Sosioloji və psixoloji amillər, mənzil əlçatanlığının zəifliyi, artan kirayə haqqı, uşaqların böyüdülməsi və təhsil xərcləri gəncləri daha ehtiyatlı qərarlar qəbul etməyə sövq edir. Eyni zamanda, müharibələr, terror hücumları və iqtisadi böhranlar ailələrin uşaq sahibi olmaq qərarını təxirə salır.
2025-ci ilin ilk 3 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 22 min 119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb. 2019-cu ildən etibarən doğulan körpələrin sayı və hər 1000 nəfərə düşən doğum səviyyəsi davamlı olaraq azalmaqdadır. 2019-cu ildə 141,2 ; 2020-ci ildə 126,6; 2021-ci ildə 112,6; 2022-ci ildə 122,8; 2023-cü ildə isə bu say 112,6 nəfər olmuşdur. 2024-cü ilin yanvar–oktyabr aylarında 102,3 min körpənin doğumu qeydə alınmışdır.
İlin sonuna qədər proqnozlaşdırılan yekun doğum sayı təxminən 110 civarında olsa da, bu 2019-cu illə müqayisədə 30 mindən çox azalma deməkdir. 2025-ci ilə dair ilkin təhlillər və əvvəlki illərin dinamikasına əsaslanan statistik proqnozlar göstərir ki, doğum səviyyəsində azalma tendensiyası davam edə bilər.
Sosioloq Elçin Bayramlı “XQ”-yə açıqlamasında bu tendensiyanı belə şərh etdi:
– Ölkədə son 10 ildə uşaq doğumu 40 faiz azalaraq kəskin həddə çatıb. Boşanmaların artması bütövlükdə cəmiyyətimizin, xalqımızın yenilənməsini zəiflədir. Yəni əhalinin xüsusi çəkisində uşaqların payı aşağı düşür, yaşlı nəslin payı isə artır. Sözügedən proses ciddi bir demoqrafik faciəyə və milli genofondumuzun məhvinə aparmaqla, eyni zamanda, strateji təhlükəsizlik məsələsini formalaşdırır.
Uşaq doğumunun azalmasının əsas səbəbləri sırasında sosial-iqtisadi vəziyyət və mənəvi deqradasiya dayanır. Ailə qurmaq üçün ev olmalıdır ki, bunu da almaq mümkün deyil. İkinci bir tərəfdən işsizlik və yoxsulluq problemi ciddi nüanslardır. Belə problemlər qurulan mövcud ailələrdə uşaq doğulmasının sayını azaldır. Ağır sosial vəziyyətdə əksər gənclər 1 uşaqlı ailə modelinə keçməyə üstünlük verirlər. Azərbaycanda çoxuşaqlı ailə arxa plana atılıb, təkuşaqlı və maksimum halda ikiuşaqlı ailə modeli yaranıb. Əhalinin qocalması ilə yanaşı, gələcəkdə əhalinin məhsuldar qüvvələri də azalacaq. Gənclərin azalması və yaşlı nəslin çoxalması iqtisadiyyata da mənfi təsir göstərəcək. Belə olan halda əksəriyyət sosial qağıya möhtac duyur. Bu isə dövlətin iqtisadi resurslarını, işçi qüvvəsini zəiflədir, sosial ödənişlərini artırır.
Ailələrə sosial dəstək proqramı həyata keçirilməlidir. Bununla da ailə quranlara dövlət səviyyəsində müəyyən həcmdə ev və işlə bağlı dəstək göstərilməlidir. Gənclərə uzunmüddətli faizsiz kreditlərlə ev verilməlidir. Bu gün bir millətin davamlılığı üçün ailələrdə minimum 3 uşaq olmalıdır. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu vəziyyət müəyyən bir həddə gəldikdən sonra onun qarşısını almaq mümkün olmur. Məsələn, bəzi Avropa ölkələri yüksək məbləğdə ailələrə dəstək versələr də, uşaq sayı artmır. Yəni müəyyən həddi keçdikdən sonra prosesi geri qaytarmaq da çətin olur.
Sosioloq Yusif Nəbiyev isə doğum səviyyəsinin azalmasını geniş struktur və mədəni dəyişikliklərin nəticəsi kimi dəyərləndirdi:
– Bunun əsas səbəbləri arasında isə iqtisadi qeyri-sabitlik, qadınların təhsil və karyera prioritetlərinin dəyişməsi, əmək bazarında daha aktiv rol oynamağa başlamaları, gənclərin ailə qurmağa və uşaq böyütməyə dair motivasiyalarının azalması, çox uşağı sağlam tərbiyə etmək və böyütməyin daha çətin görünməsi kimi amillər yer alır. Sosioloq Entoni Qiddensin “transformasiya ailəsi” anlayışına görə, müasir cəmiyyətdə ailə institutunun funksiyası dəyişməkdədir.
Qısaca desək, övlad sahibi olmaq artıq şəxsi seçimin nəticəsidir, ictimai vəzifə kimi görülmür. Əhalinin yaşlanması ilə bəzi sosial problemlər ortaya çıxa bilər. Gənc işçi qüvvəsi azalır, pensiya sistemi yüklənir. Sayı azalmaqda olan gənc nəsilin vergiləri ilə formalaşan pensiya büdcəsi sayı artmaqda olan yaşlı nəsli maliyyələşdirməkdə aciz qalır.
Bu o deməkdir ki, işləyənlər azalır, pensiya alanlar çoxalır. Bu gedişat gənc nəsli kiçilməkdə olan bütün ölkələrin ortaq problemi olaraq üzə çıxır. Keçmişi unutmuş, gələcəyi isə zamanın ümidinə buraxıb işləyirik. Yalnız düzgün demoqrafik təşviqlər, çevik iş rejimləri və sosial rifah kimi amillər doğum səviyyəsini artırmasa da, ümidsizliyi azaldır ki, bu da zamanla doğum səviyyəsini yenidən yüksəldər.
Şahanə ZİYAD,
BDU jurnalistika fakültəsinin tələbəsi