Bu ilin yanvar-iyun aylarında ölkədə 62 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Hesabat dövrü ərzində Azərbaycanın qeyri-neft-qaz sektorunda ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 42 milyard 985 milyon manata yüksəlib. Bu dövrdə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 69,2 faiz olub.
2025-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31,2 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 3,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 6,3 faiz çoxalıb.
Rəsmi statistikaya məxsus bu müsbət göstəricilərin əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Azərbaycan iqtisadiyyatın bütün sahələrində, eləcə də sənayenin inkişafında böyük uğurlar əldə edir. Bu gün iqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal obyektlərinin, sənaye parklarının yaradılması da davamlı xarakter daşıyır.
Qeyri-neft-qaz sektorunda nəzərə çarpan müsbət dinamika həm də ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların geniş cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.
Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və mövcud sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və bu sahəyə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır. Qeyri-neft sənayesinin inkişafı Azərbaycanın karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
Son illərdə respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırır, ixrac imkanlarını genişləndirir. Eyni zamanda, Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin mövcudluğu, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlərin dərinləşdirilməsi qeyri-neft sənayesinin inkişafını şərtləndirir.
Qeyri-neft sənayesində müsbət göstəricilərin əldə olunması nda bir sıra digər amillər də mühüm rol oynayır. Belə ki, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, həmçinin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən layihələr və qlobal miqyaslı təşəbbüslər qeyri-neft-qaz ixracının artımını sürətləndirir. Bundan başqa, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin müasirləşdirilməsi daşımaların həcminə müsbət təsir göstərir.
Ölkə rəhbərinin tapşırığı ilə qeyri-neft-qaz sektorunda istehsal olunan məhsulların xaricə, o cümlədən, qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər də ardıcıl həyata keçirilir, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər getdikcə gücləndirilir. Bu, ilk növbədə, investorlar üçün mühüm önəm daşıyan investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması layihələrində özünü qabarıq büruzə verir.
Bu fikrin təsdiqi olaraq yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunda əldə edilən ixrac göstəricilərinə nəzər salaq. Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollara yüksəlib. 2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1 faiz artaraq 565 milyon dollara bərabər olub. Bu müddətdə aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı 7,7 faiz artaraq 145 milyon dollara yüksəlib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600 milyon dollar olub.
Son illərdə Azərbaycanın kənd təsərrüfatı sektorunda yaradılmış məhsul bolluğu daxili bazarın tələbatını ödəməklə yanaşı, ölkənin ixrac potensialının artmasına da mühüm töhfələr verir. Bu baxımdan əsas bitkiçilik məhsullarından sayılan pambıq mahlıcı və pomidoru xüsusi qeyd etmək olar. Elə cari ilin yanvar-aprel aylarında ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında adıçəkilən məhsulların üstünlük təşkil etməsi də bunu təsdiqləyir. Belə ki, hesabat dövründə Azərbaycandan 26,8 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,8 faiz çoxdur.
Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon dollar, Türkiyəyə 287 milyon dollar, Gürcüstana 155 milyon dollar, İsveçrəyə 152 milyon dollar, Ukraynaya isə 96 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal göndərilib. Qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayında da artım müşahidə edilib. Belə ki, 2019-cu ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində bağlanan əmək müqavilələrinin sayı 2025-ci ilin iyul ayının 1-nə 451 min 682 vahid artaraq 991 min 604 olub.
Hesabat dövründə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları da artıb. Belə ki, bilin I yarımilində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 704 milyon manata yaxın vergi daxil olub, proqnoza 106 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 422 milyon manat və ya 5,1 faiz çox olub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 421,6 milyon manat olub, proqnoz 103,6 faiz yerinə yetirilib. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 547 milyon manat və ya 9,3 faiz çoxalıb. Ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz sektorunda, 26,2 faizi isə neft-qaz sektorunda müşahidə olunub.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə gəlirləri də artıb. Belə ki, dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil edərək 10 milyard 277 milyon manata çatıb. Bu da proqnozla müqayisədə 457 milyon manat və ya 4,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 232 milyon manat və ya 2,3 faiz çox təşkil edib. Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri- neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizi vergi, 30,1 faizi gömrük orqanlarının, 3 faizini isə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların payına düşüb.
Qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmində də artlım müşahidə olunub. Belə ki, hesabat dövründə əsas kapitala 8 milyard 73,5 milyon manat investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 13,5 faiz çoxalıb. Ümumi sərmayənin 4068 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinin, 2672 milyon manatı (33,1 faizi) xidmət sahələrinin, 1334 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Göründüyü kimi, son illər ölkəmizdə qəbul olunmuş məqsədli dövlət proqramları, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu da öz növbəsində ixracın strukturunda qeyri-neft mallarının payının getdikcə artmasına imkan yaradır.