Ağdam Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verilib. Bu, tikinti materialları və sənaye istehsalı sahəsində fəaliyyət göstərən, müxtəlif növ plastik boruların istehsalı və satışı ilə məşğul olan “Ceer Plastik” MMC-dir.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, yeni rezidenti sənaye parkında plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsi həyata keçirəcək. İnvestisiya dəyəri 5 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən parkın ərazisində plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
İndiyədək Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən bugünədək 172 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə qərarlaşan Ağdam Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
XQ

