Sumqayıtda “Xeyir xəbər”

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadə “Xeyir xəbər” adlı tamaşa hazırlayıb. Milli mücadilə yolumuzu, mübariz ruhumuzu tərənnüm edən yeni əsərin səhnə versiyası dünən nümayiş olunub.

Sumqayıt Teatrından aldığımız məlumatda deyilir ki, şəhidlərimiz, qazilərimiz və müharibə veteranlarımızın qəhrəmanlığına ithaf olunan səhnə əsərində Xeyirin Şər üzərindəki qələbəsi və tarixi ədalətin təntənə məqamı əksini tapıb.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı bu əsərdə bir ailənin taleyi kontekstində milli-mənəvi dəyərlər, təmkin, iradə, Vətən sevgisi təbliğ olunur. Bu prosesdə obrazların qarışıq duyğuları, psixoloji məqamları, fərdi istirablarını üstələyən Vətən sevgisi quruluşçu rejissor tərəfindən həssaslıqla işlənilib. Rejissor ideyasını mükəmməl aktyor oyunu, bədii tərtibat və situasiyanı düzgün assosasiya edən musiqi tamamlayır.

Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafika və montaj işi Sahil Nəzərova məxsusdur.

Səhnə əsərində Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Məryəm Hüseynli, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Akif Mirzəyev və Siyavuş Mahmudov çıxış ediblər.

XQ

 

Mədəniyyət