Alimlərimiz qədim türk lüğəti konfransında

post-img

Qırğızıstanın Bişkek şəhərində keçirilən “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransda Azərbaycanı AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov təmsil ediblər.

Professor Nadir Məmmədli “Divanü lüğat-it türkün tədqiqi tarixi” mövzusunda məruzə ilə çıxış edib və beynəlxalq mərasimin bölmə sədri kimi Türk dünyasının ən qiymətli kitablarından olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildlərini konfransın idarə heyətinə təqdim edib.

Nadir Məmmədli çıxışında çap olunmuş kitabları bu möhtəşəm yubileyə töhfə kimi qiymətləndirib və qeyd edib ki, ötən əsrin 30-ci illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərini türkologiya tarixində ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib: “Xalid Xocayev bu kitabın tərcüməsindən sonra “əks-inqilabi pantürkist təşkilatın üzvü və Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnib. Alimin evində axtarış aparılan zaman “Divan” üzə çıxmadığından itmiş hesab olunub. 

Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verən, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır. 

Professor İsmayıl Kazımov isə “Azərbaycan dilinin tarixi qrammatikası və Mahmud Kaşğarinin “Divani luğat it-türk” əsəri” mövzusunda məruzə edib. Türkoloq alim bildirib ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri dünya tarixində yazılmış ilk türk lüğətidir: “Bu, adi sözlük deyil, eyni zamanda, yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləşdirən güzgüsüdür, min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mötəbər bir qaynaqdır. Lüğətdə istifadə edilmiş kəlmələr, söyləmlər, ifadələr, cümlələr, ədəbi örnəklər - şeirlər, atalar sözü və məsəllər, hikmətlər hələ də canlıdır. Bu əsərlə türklüyün, türk qrammatikasının təməli qoyulur. Türk dili dövrün güclü dilləri - ərəb, fars və soğdak dilləri ilə qarşılaşdırılır, müqayisə edilir”.

Beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan alimlər iştirak ediblər.

XQ

 

Mədəniyyət