Fransa “Xarqo”nu unutmur

post-img

Ölkəmizdə keçirilən Milli Ordu Günü ərəfəsində Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmi nümayiş etdirilib. Sənədli filmin nümayişi Azərbaycan səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

“Salnaməfilm” studiyasının istehsal etdiyi filmin təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, ekran əsərinin ssenarist və rejissoru Tahir Tahiroviç və Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, eləcə də fransız siyasətçilər və incəsənət xadimləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Səfiri Leyla Abdullayeva çıxış edərək, ölkəmizin İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi çoxsaylı mühüm hərbi, iqtisadi və strateji töhfələrdən danışıb. Faşizmlə mübarizədə sovet ordusunun yanacaq ehtiyacının 90 faizinin məhz Azərbaycanın qarşıladığını vurğulayıb. Səfir qeyd edib ki, həmin dövrdə 3 milyon əhalisi olan Azərbaycandan 600 min əsgər 1941–1945-ci illərdə nasistlərə qarşı müharibəyə yollanıb və onların bəziləri müxtəlif Avropa ölkələrinin azadlığı uğrunda partizan hərəkatlarına qoşulublar. 130-dan çox azərbaycanlı İkinci Dünya müharibəsində qəhrəman adına layiq görülüb, 170 mindən çox əsgərimiz müxtəlif orden və medallarla təltif olunub. Müharibədə kişilərlə yanaşı, azərbaycanlı qadınlar da şücaət göstəriblər.

Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizəsindən, Müqavimət Hərəkatında fəaliyyətindən, bu ölkənin Tarn və Qaron departamentində Kabertat partizanlarına qoşulmasından, müxtəlif əməliyyatlarda qəhrəmanlığından danışılıb.  Digər Avropa ölkələrində də azərbaycanlı əsgərlərin partizan hərəkatlarında göstərdikləri qəhrəmanlıqlar xatırladılıb. 

Səfir Ali Baş Komandan İlham ­Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsindən, igid oğullarımızın qəhrəmanlığından danışıb, Azərbaycanın sülhün, ədalətin bərqərar olmasında maraqlı olduğunu vurğulayıb.

Sonra “O, Xarqo idi” sənədli filmi nümayiş olunub. Filmdən sonra ssenarist və rejissor Tahir Tahiroviç əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bu filmin lentə alınmasından, onun yaranması ideyasından, ekran əsərində hər bir hadisənin arxiv materiallarına əsaslanmasından, filmin ərsəyə gəlməsindən və məqsədlərindən bəhs edib.

Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov babası ilə olan xatirələrindən danışıb. Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare ölkəmizdə çalışdıqları zaman Fransa qəhrəmanı Ə.Cəbrayılovun doğma şəhəri Şəkiyə səfərlərindən, onunla söhbətlərindən, onun ölümündən sonra qəbrini ziyarət etmələrindən, Əhmədiyyə ilə birgə partizan hərəkatında olmuş Rene Şambarın Şəkidə dostunun qəbrini ziyarət etməsindən danışıblar.

Həyat yoldaşı Fransanın Azərbaycandakı səfirliyində işləmiş Aleksanr Vattən Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı partizanlarla bağlı arxivlərdə işləməsindən, onların haqqında hazırladığı kitabdan söz açıb. Tədbirdə müharibə vaxtı azərbaycanlı əsgərlə ailə qurmuş, Azərbaycanda yaşamış və 50 ildən sonra ölkəsinə səfər etmiş fransız ­xanım İvon Bottonun xatirəsi də yad edilib.

XQ

 

Mədəniyyət