“Gərginlik” pərdəsi arxasında əməkdaşlıq

post-img

Rusiya–Ermənistan ticarətində çiçəklənmə

Son aylarda Rusiya ilə Ermənistan arasında münasibətlərin “soyuqlaşdığı” görüntüsü yaradılır. Geosiyasi ritorika, media müzakirələri və Paşinyan hakimiyyətinin bəzi çıxışları ikitərəfli münasibətlərdə böhran havası formalaşdırır. Lakin iqtisadi və ticarət əlaqələri bu ritorikanı qəti şəkildə təkzib edir.

İyulun 29-da Moskvada Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidmətinin rəhbəri Sergey Dankvert ilə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Tiqran Petrosyan arasında görüş keçirilib. Görüşdə tərəflər arasında fitosanitar əməkdaşlığın dərinləşdirilməsi, bitki mənşəli məhsulların, xüsusilə də çiçək ixracatının genişləndirilməsi müzakirə olunub. Statistik göstəricilər isə “gərginlik” fonunda sürətlə inkişaf edən ticarətin reallıqlarını açıq nümayiş etdirir.

2025-ci ilin 23 iyul tarixinə qədər Ermənistandan Rusiyaya 103,4 min ton meyvə-tərəvəz məhsulu idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz artım deməkdir. Daha bir diqqətçəkən fakt isə “çiçək mövsümündəki” sıçrayışdır: yalnız bu ilin əvvəlindən Rusiyaya Ermənistandan 71,1 milyon ədəd kəsilmiş çiçək ixrac olunub – bu, keçən illə müqayisədə 47 faiz çoxdur.

Halbuki bu rəqəmlər iki ölkə arasında dərin iqtisadi inteqrasiyanın davam etdiyini göstərir. Rusiya üçün Ermənistan hələ də əsas tərəfdaşlardan biri olaraq qalır. Ermənistan isə açıq şəkildə bəyan edir ki, Rusiya bazarı onlar üçün “xüsusi əhəmiyyət” daşıyır. 14 erməni istehsalçısı artıq Rusiya çiçək bazarına çıxış imkanı qazanıb. Yaxın zamanlarda birgə audit və inspeksiya prosesləri ilə bu sayın daha da artması gözlənilir.

Tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqının fitosanitar qaydalarına əməl olunması və informasiyaların vahid sistemdə izlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Bu, təkcə ticarət deyil, həm də idarəetmə səviyyəsində inteqrasiyanın dərinləşməsini göstərir.

Görüş zamanı həm Rusiya, həm də Ermənistan nümayəndələri ikitərəfli əlaqələrin “yüksək səviyyədə və ardıcıl inkişaf” etdiyini təsdiqləyiblər. Bütün bunlar isə bir daha sübut edir ki, siyasi ritorikalar fonunda iqtisadi gerçəklik tamam başqa istiqamətdə inkişaf edir. Bu reallığı isə nə “gərginlik” ritorikası, nə də üçüncü tərəflərin istəyi dəyişə bilir.

Gözəlliyi ilə tanınan çiçəklər indi Rusiya–Ermənistan münasibətlərinin simvoluna çevrilmək üzrədir – səssiz, lakin çox danışan simvol...

Renat DADAŞOV,
hüquqşünas-politoloq



Siyasət