Biz sülh ordusuyuq

post-img

Biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək... Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var... Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı bu bəyanatla çıxış edəndə  44 günlük İkinci Qarabağ müharbəsindən – yəni bizim şanlı Qələbəmizdən cəmi yeddi ay keçmişdi. O zaman bəzi “ekspert”lər yazırdılar ki, Ermənistan dövlətinin beli sındırılıb, işğalçı ölkənin ordusu diz çökdürülüb, erməni hərbçilərinin dörddən biri fərarilik edib: “Yəni Ermənistanın  daha bizimlə hesablaşmaqdan başqa yolu yoxdur. Belə bir vaxtda ordu üçün yenidən milyonların ayrılmasına nə ehtiyac var? Həmin vəsaiti əhalinin sosial məsələlərinin həllinə yönəltmək daha doğru olmazmı?”

... Son zamanlar regionda baş verən ictimai-siyasi proseslər, sülhə və sabitliyə törədilən təhlükələr, ölkəmizin üzləşdiyi təhdidlər, xüsusən, Fransanın Ermənistanı silahlandıraraq, Azərbaycana qarşı açıq düşmənçilik yolu tutması ­cənab İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu növbəti dəfə sübut etdi. Dünyanın əksər dövlətlərinin Azərbaycanın qələbəsini alqışladığı dövrdə, Ermənistanın baş nazirinin ölkəsinə və ordusuna rüsvayçılıq damğası vuran məğlubiyyət sənədini  (Nikol Paşinyanın həmin sənədi harada imzaladığını Ermənistan əhalisi hələ də bilmir) camaata izah etməkdən ötrü dəridən-qabıqdan çıxdığı günlərdə Azərbaycan Prezidentinin yeni silah müqavilələri barədə danışması fəhmin deyil, bilavasitə müdrikliyin göstəricisi idi.

Hələ ötən ilin son ayında AZƏRTAC “Armenpress”ə istinadən xəbər verdi  ki,  Fransa Senatı Ermənistana ­CAESAR  (Sezar) tipli artilleriya qurğuları və ­MİSTRAL raket kompleksi göndərmək barədə qərar qəbul edib. O zaman mən Qay Yuli Sezarın böyük dövlət xadimi və qüdrətli sərkərdə olduğunu xatırladaraq təəssüf etmişdim ki, Sezar Ernənistana gələndən sonra “Hay Yuli Sezar” ola bilər. Yəni Azərbaycan Ordusunun əli ilə hörmətsiz və urvatsız edilmək Sezarın adına yaraşmaz. 

Son günlər isə Fransa Senatının həmin qərarının  reallaşdırılması barədə xəbərlər yayılır. Doğrusu, mən bir vətəndaş olaraq, Fransa kimi aparıcı NATO ölkəsinin Ermənistanı silahlandırmasından ciddi narahat olmuşdum. Sonra  Azərbaycan, Türkiyə və Rusiyanı təmsil edən hərbçi mütəxəssislər əsaslandırılmış faktlarla sübut etdilər ki, Azərbaycan Ordusunun arsenalında “Sezar”dan üstün keyfiyyətlərə malik hərbi texnikalar var. 

Bu məqamda olduqca mühüm olan bir faktı xatırlatmaq istərdim. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi. Qardaş ölkənin dövlət başçısı həmin tribunadan dedi ki, müharibə başa çatdı. Ancaq mübarizə hələ davam edəcək. Fikrimcə, həmin sözləri olduğu kimi təqdim etmək daha münasib olar:

 “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir”. 

Cənab Ərdoğan “fərqli cəbhələr” deyəndə Makron və makronkimilərin Ermənistanda yaratdığı revanşist əhval-ruhiyyəni nəzərdə tuturdu. Ərdoğandan söz düşmüşkən, fəxrlə xatırladırıq ki, Azərbaycan Ordusunun arsenalını  Türkiyə istehsalı olan hərbi texnikalar, xüsusən, “Bayraktar” pilotsuz uçan aparatlar  da kifayət qədər zənginləşdirir.  

... Hələ 2016-cı ilin aprelində – Aprel döyüşlərindən sonra yazmışdım ki, Azərbaycan Ordusu xalqın və dövlətin etibarlı dayağıdır. İndi həmin arqumentimin miqyasını dəyişirəm. Çünki zaman sübut etdi ki, Azərbaycan Ordusu təkcə ölkəmizdə deyil, regionda sülhün və sabitliyin dayağıdır. Bunu artıq bütün beynəlxalq təşkilatlardakı dostlarımız və strateji müttəfiqlik etdiyimiz ölkələrin hərbçi ekspertləri də söyləyirlər. 

Biz fəxr edirik ki, müstəqil Azərbaycanın son 31 ildə əldə etdiyi çoxsaylı möhtəşəm nailiyyətlərdən biri də qüdrətli ordunun formalaşdırılmasıdır. Bu gün hərbi-strateji cəhətdən əməkdaşlıq etdiyimiz ölkələrin hamısının ekspertləri ən mötəbər beynəlxalq tribunalardan etiraf edirlər ki, Azərbaycan dövləti Qafqazda lider ölkə olduğu kimi, Azərbaycan Ordusu da ən yüksək səviyyədə təchiz müasir olunmuş ordudur.

Hamı etiraf edir ki, Azərbaycan Silahlı Qüvvələrinin  maddi-texniki bazasının müasirləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin yaradılması, ordudakı nizam-intizamın gündən-günə möhkəmləndirilməsi, Milli Orduda qabaqcıl Avropa ölkələrinin hərbi quruculuq təcrübəsinin və NATO standartlarının tətbiqi, eləcə də ordu ilə bağlı digər çoxsaylı faktlar bugünkü Azərbaycan həqiqətləri sırasında özünəməxsus yer tutur. Vaxtilə fərariliyin baş alıb getdiyi (indi Ermənistan ordusu məhz həmin gündədir), ayrı-ayrı siyasi qüvvələrin tabeliyində olan Azərbaycan Ordusu bu gün, sözün həqiqi mənasında, sivil dünya orduları sırasında dayanmağa layiq, vahid mərkəzdən idarə edilən, peşəkar Silahlı Qüvvələr nümunəsinə çevrilmişdir. Təsadüfi deyil ki, erməni ekspertlər bugünkü Ermənistan ordusunu xarakterizə edərkən ironiya ilə yada salırlar ki, müasir  Ermənistan ordusu 1992-ci ilin Azərbaycan Silahlı Qüvvələri ilə müqayisə olunmaq səviyyəsindədir. Bunu ermənilər deyirlər.

Biz isə başqa məqamlardan söz açırıq. Daha doğrusu, Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev 2022-ci il  iyunun 26-da  – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında demişdir: “Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə  –  hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi”.

Dövlət başçımız İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə deyib ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar: “Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”. 

Amma bu məqamda başqa bir faktı da xatırlatmağa ehtiyac var. Belə ki, Prezident İlham Əliyev Qarabağ Zəfərimizdən, mükəmməl ordu quruculuğundan, silahlı qüvvələrimizin madd-texniki bazasının müasirləşdirilməsindən, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı nümayiş etdirdiyi peşəkarlığın dünyanın bir çox hərbi mərkəzlərində öyrənilməsindən danışmaqla yanaşı, ordumuzun çətin günlərini də tez-tez yada salır və Ulu öndər Heydər Əliyevin atdığı addımları məmnunluqla xatırlayır.  

Bu sətirləri cənab Ali Baş Komandanın ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışından seçdiyimiz iqtibasla tamamlayırıq: 

“Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.

Silahlı Qüvvələr Gününüz mübarək!

İttifaq MİRZƏBƏYLİ

 





Ordu