Postmüharibə dövründə liderlik

post-img

V məqalə

Zəkalı xarici siyasət anlayışı

Məqsədimiz zəkaya, mənəviyyata, ağıla, fəzilətə əsaslanan və “Intelligent Foreign Policy” adlandırdığımız xarici siyasət fenomeninin Azərbaycan təcrübəsinin siyasi-nəzəri təhlilini aparmaqdan ibarətdir. Bir neçə səbəbdən bu məsələni aktual hesab edirik. Birincisi, bizə görə, zəkavi xarici siyasətin Azərbaycan nümunəsinin, ümumiyyətlə, müasir liderlik nümunələri sırasında özəl və təkrarolunmaz yeri vardır. Bu liderlik istiqaməti XXI əsrin şərtləri daxilində Avrasiya məkanında analoqu olmayan modeldir. Bunu konseptual, siyasi və nəzəri cəhətdən sübut edəcəyik. 

İkincisi, axtarışlar dünyanın hər hansı ölkəsi üçün əsl zəkavi xarici siyasətin sistemli və konseptual nümunəsinin mövcudluğunu üzə çıxarmadı (məxfi yanaşmaları bilmirik). Politoloji kontekstdə Jozef Nayın (kiçik) dərin və maraqlı araşdırması vardır. Lakin, o, fikrimcə, bizim qoyduğumuz kontekstdə problemi tam əhatə etmir və həm də yalnız ABŞ təcrübəsi ilə bağlıdır. Üçüncüsü, “Intelligent Foreign Policy” termini məhz  Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı işlədilir və onun araşdırılması ilk növbədə Azərbaycan filosof, politoloq və alimlərinin işidir. 

Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, hələlik “Intelligent Foreign Policy” termininin ifadə etdiyi liderlik məzmunu tam mənasında yalnız İlham Əliyevin fəaliyyətinə məxsusdur. Bu qənaət mühüm hesab etdiyimiz bir neçə siyasi-diplomatik  xarakterli faktorun qarşılıqlı münasibətləri fonunda yaranmışdır. Onları konkret müəyyən etməyə çalışaq. 

Hər şeydən öncə, zəkavi, müdrik siyasi liderliyin çoxkomponentli olduğunu vurğulamaq lazımdır. Bu o deməkdir ki, anlayış kimi “zəkavilik” yalnız şüur, təfəkkür, intellekt koqnitiv mahiyyətli (yəni sırf nəzəri, məntiqi idraki) parametrləri ehtiva etmir. Bunlarla yanaşı, ümumiyyətlə, Şərq siyasi süuru, o cümlədən, Azərbaycan dövlətçilik ənənəsi üçün çox əhəmiyyətli olan fəzilətliliyi də özündə ehtiva edir. Bu barədə qərbli Jozef Nay (kiçik) 2020-ci ildə dərc olunan “Mənəviyyatlı xarici siyasət nədir?” adlı məşhur məqaləsində açıq yazır (“Project Syndicate” nəşri). Onu deyək ki, J.Nay burada “mənəviyyat” anlayışını mədəniyyət, əxlaq və mənəvi dəyərlərin sintezində nəzərdə tutur. 

O, arqumentlərini H.Kissincerin belə bir fikri ilə əsaslandırmağa çalışır. H.Kissincer demişdi: “Mənəvi ölçüləri olmayan güc hesablamaları hər bir fikir ayrılığını  sınağa çevirəcək...”. Fikirlərinə davam edən məşhur diplomat vurğulamışdı: “Digər tərəfdən, tarazlığa əhəmiyyət verməyən əxlaqi göstərişlər ya “səlib yürüşləri”nə, ya da əbəs siyasi çağırışlara meyillidir; ya da beynəlxalq nizamın özünün ahəngdarlığını təhlükə altına atmaq kimi həddindən artıq risk altındadır.” (J.Nay, 2020). 

Deməli, XXI əsrdə dünyanın ən güclü dövləti olan ABŞ-ın fəlsəfi və siyasi-nəzəri fikrində belə bir özəllik möhkəm yer almaqdadır: mənəviyyatdan, əxlaqdan və fəzilətdən kənarda xarici siyasətin perspektivi yoxdur! Onun uğuru müvəqqəti ola bilər və gec-tez iflasa aparıb çıxaracaq. Bunu anlamaq Qərb üçün bir qədər gec deyilmi? Bəlkə, Qərb siyasətçiləri və politoloji fikir formalşdıranları Makiavelliyə elə də önəm verməməli idilər? 

Əslində, bizim üçün əhəmiyyətli və daha maraqlı olanı bundan ibarət deyildir. Çünki Qərbin siyasi liderləri axtarışda olanda bizim üçün fakt olan bir həqiqət mövcud idi. Biz ulu öndər Heydər Əliyevin “mənəviyyatı olmayanların siyasətdə işi olmamalıdır” kəlamını nəzərdə tuturuq. Və yaxud bu tezisi “siyasətlə məşğul olmaq üçün gərək ona layiq mənəvi-əxlaqi kefiyyətlərə malik olasan” kimi demək mümkündür. Yəni onlar üçün tapıntı olan bir politoloji məqam ənənəmizdə qədimdən mövcuddur və onun daşıyıcıları müasir Azərbaycan siyasətinin aparıcılarıdır. Azərbaycanda siyasi uğur mənəviyyatla sıx bağlılıqda dərk edilir və qəbul olunur. 

Rasionallıq və mənəviyyat

Deməli, müasir Qərb politoloji fikrində zəkavi xarici siyasətin vacib komponenti kimi mənəviyyatı, əxlaqı, mədəniyyəti görməyə başlamışlar. Lakin məsələnin çox mühüm tərəfi siyasi zəkada məntiqi qüdrətə bağlıdır. Çünki liderin məntiqi potensialı geniş, əhatəli və inandırıcı olmasa,  heç bir mənəviyyat onu uğura apara bilməz. Maraqlıdır ki, Azərbaycanda müstəqil dövlət quruculuğu təcrübəsində keçən əsrin 1991-1993-cü ilin birinci yarısı müddətində də bu həqiqət mövcud olmuşdur. Yalnız yüksək mənəviyyatlılıq və hətta böyük millilik liderin uğurunu təmin etmir. Burada rasional düşünmə və davranma olduqca ciddi əhəmiyyət kəsb edir. Lider mənəviyyatla yüksək məntiqi zəkanın sintezini tapa bilməlidir! Bəs burada istiqamətverici və müəyyənedici kriteriyalar nələr ola bilər?

Dünya təcrübəsi göstərir ki, yüksək məntiqi zəka ilə səmimi və böyük mənəviyyatın sintezi realpolitika müstəvisində reallaşanda liderin uğur şansı xeyli artır. Realpolitika kontekstində düzgün qərar qəbul etmək isə bu silsilə məqalələrdə dəfələrlə vurğuladığımız düzgün siyasi diaqnostika və siyasi proqnozlaşdırma əsasında hədəfləri, strateji məqsədləri müəyyən etmək sayəsində mümkün olur. 

Digər mühüm kriteriya milli ideyanın mövcud tarixi mərhələnin şərtlərinə uyğun müəyyən edilməsindən ibarətdir. Heydər Əliyev keçən əsrin 90-cı illərində milli ideyanı “ərazi bütövlüyünün bərpa edilməsi” kimi müəyyən etməklə dahiyanə addım atmışdır. Onun reallaşması mexanizmi kimi isə güclü dövlət və güclü cəmiyyətin qurulmasını götürmüşdür.

Göründüyü kimi, Heydər Əliyev mərkəzində yüksək zəkavi məntiq və mənəviyyatın dayandığı çoxpilləli və çoxistiqamətli bir konseptual sistem yaratmış və onu eksklüziv olaraq reallaşdırmışdır. Buna görə də, şübhəsiz ki, Heydər Əliyev XX əsrin son onilliyində özünəməxsus zəkavi xarici siyasətin yaradıcısıdır və bu, siyasi varislik xətti ilə sonrakı mərhələdə Prezident İlham Əliyevin zəkavi xarici siyasət kursu üçün ciddi təməl rolunu oynamaqdadır.    

Siyasətdə intellektual fəzilət

Ümumiyyətlə, müasir fəlsəfədə “intellektual fəzilət” anlayışı çox aktualdır. Onu filosoflar çox müxtəlif aspektlərdə təhlil etməyə çalışırlar. Biz həmin anlayışı Heydər Əliyev – İlham Əliyev xətti daxilində Azərbaycan təcrübəsinə siyasi-nəzəri səviyyədə tətbiq edirik. Bunun üçün tam əsasımız vardır. Çünki İlham Əliyevin lider kimi fəaliyyətində intellektual fəzilətlilik ciddi bir yer tutur. Burada başlanğıcda “intellektual fəzilətliliyin” siyasi ­kontekstdə anlamı müəyyən olunmalıdır. 

Ümumi fəlsəfi aspektdə “fəzilətlilik” anlayışı qədimdən fəlsəfi təfəkkürdə əsas yerlərdən birini tutmuşdur. Platon və Aristotel daxil yunan filosofları fəzilətliliyi əsasən mənəvi-əxlaqi dəyərlər kontekstində tərif etmişlər. Onun sırasında “müdriklik” fəzilətliliyin vacib komponentlərindən biri kimi təsəvvür edilmişdir. Bundan başqa, Platona görə, fəzilətli olmaq cəsarətli, ədalətli, fəal, comərd, daim yeni biliklər əldə etməyə çalışan şəxsiyyətin keyfiyyətləri kimi təqdim edilir. Aristotel və başqa qədim filosoflar da eyni mövqedən, lakin bir qədər fərqli keyfiyyətləri önə çəkməklə fəzilətliliyi tərif etmişlər. 

Şərq fəlsəfi ənənəsində isə fəzilətlilik insan yaşam qaydasının (ontolojisinin) mərkəzi anlayışı kimi qəbul olunmuşdur. İnsan mütləq surətdə fəzilətli olmalıdır. Bunun üşün isə onun düşüncələri ilə əməlləri uyğun gəlməlidir (müasir fəlsəfi terminlərlə bu, mənəvi-əxlaqi fəzilətliliklə intellektual fəzilətliliyin vəhdəti deməkdir). Deməli, Şərq fəlsəfi təfəkküründə orijinal şəkildə qədim dövrlərdən mənəvi-əxlaqi fəzilətlə şüuri (intellekt) fəzilətlilik qarşılıqlı əlaqədə nəzərə alınmışdır. O cümlədən, bu, siyasətdə əsas keyfiyyətlərdən biri kimi qəbul edilmişdir.  

Bəs müasir filosoflar intellektual fəzilətliliyi necə təsəvvür edirlər? Bu mövzuda yazılan əsərləri təhlil edib ümumiləşdirsək, belə bir mənzərə alınar: intellektual fəzilətlilik qeyri-xətti düşüncəni, açıqlığı, intellektual cəsarətliliyi, xeyirxahlığı, humanitarlığı, xilaskarlığı və milli ilə bəşərinin vəhdətini ifadə edir. Bu faktorlar arta və ya azala bilər – hələlik yekdil mövqe yoxdur. Ancaq biz siyasi liderlik aspektində siyasətçinin intellektual fəzilətliliyini bir neçə faktorla müəyyən etməyə üstünlük veririk. Həmin faktorlar İlham Əliyevin lider kimi “Intelligent Foreign Policy” həyata keçirən siyasətçi olaraq yüksək özəl keyfiyyətlərini müəyyən etməyə işıq salır.

Siyasi təfəkkürün xoşniyyətliyi 

İlham Əliyevin siyasi təfəkkürünün mahiyyətcə xoşniyyətli olması lider kimi fəaliyyətinin təməl prinsiplərindən biridir. Əslində, burada “xoşniyyyətli” anlayışının siyasi mənasını izah etmək zəruridir, çünki hələ siyasi ritorika buna alışmamışdır. Apardığımız fəlsəfi və siyasi-nəzəri araşdırma göstərir ki, İlham Əliyevin lider kimi siyasi təfəkkürünün mahiyyətcə xoşniyyətli olması təsadüfi deyildir – Azərbaycan Prezidentinin böyüdüyü ailədə bu ənənə mövcud olmuşdur. Heydər Əliyev fəaliyyəti dövründə intellektual fəzilətliliyin nümunəsi olmuşdur. Bu da Ulu öndərin siyasi təfəkkürünün təbiətən xoşniyyətli olmasından qaynaqlanır. Bu tezisin təsdiqini Heydər Əliyevin ifadə etdiyi fikirlərdə görmək mümkündür. 

Ulu öndər demişdir: “Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir”. İntellektual fəzilətlilik nümunəsi budur! Ümumiyyətlə, türk dövlətçilik şüuruna xas olan gözəl bir xüsusiyyədən söhbət gedir. Yəni türk liderə qarşı ən böyük ədalətsizlik olsa belə, o yenə də ədalətli davranmalıdır. Böyük fəlsəfədir! Qədimdən türk həyat fəlsəfəsi və siyasətə aid əsərlərdə bu məqam yer almışdır. Məsələn, “Kutadğu-Bilik”də və “Nizamülmülk”də türk bəyin bütün hallarda ədalətli olması və ədaləti bütün cəmiyyətdə təmin etməsi mərkəzi tələb kimi qoyulur. Bu, türk cəmiyyətlərində lider olmağın əsas şərtidir. 

Onun fəlsəfəsini də Heydər Əliyevin kəlamlarında görmək olur. Məsələn, Ulu öndər öyrədirdi: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”. Heydər Əliyev bununla, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin formalaşmasında və mövcudluğunda mənəvi faktorun aparıcı rol oynadığını vurğulayır. Yəni bir cəmiyyətin kökü mənəviyyatla bağlıdırsa, onun uğurlu olması üçün mütləq mənəvi dəyərlər aparıcı olmalıdır! Avtomatik olaraq bu tezis siyasi liderliyə də aiddir! 

Hətta Heydər Əliyevin bu tezisindən alınır ki, Azərbaycan üçün real və faydalı, uğurlu liderlik “vətənpərvər liderlik”dir! Çox maraqlı formuldur. Bu qənaət Ulu öndərin aşağıdakı fikrindən birbaşa alınır: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

İndi siyasi məntiq və intellektual fəzillətlilik kontekstində Heydər Əliyevin fikrinin ümumi ideya mənzərəsinə baxaq. Birinci, “cəmiyyət mənəviyyat üzərində təşəkkül tapır”. İkinci, “vətənpərvər olmayan insan mənəviyyatsızdır”, yəni bu cəmiyyətə faydalı deyil və hətta ona aid etmək olmaz! Zəkavi xarici siyasət nümunəsi prizmasında məntiqi-rasional aspektlə intellektual fəzilətliliyin qarşılıqlı əlaqəsində dərin mənası olan tezisdir! Bu tezis İlham Əliyevin intellektual fəzilətliliyinin dərk edilməsi üçün açar rolunu oynaya bilər

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru   

 

Siyasət