Nə İranın, nə də Ermənistanın “yara”sı sağalacaq
İran Prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi təcili olaraq qonşuları ilə münasibətləri yaxşılaşdırmalıdır. Onun sözlərinə görə, güclü regional əlaqələr Qərbin sanksiyalarını neytrallaşdırmağa kömək edə bilər.
Qeyd edək ki, İslam respublikasının dövlət başçısı fikirlərini İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ilə görüşündə səsləndirib. Prezident onu da deyib ki, qonşu ölkələrlə münasibətləri sıxlaşdırmaq üçün sərhəd əyalətlərinə başçılıq edən şəxslərə səlahiyyətlər verilməlidir. “Qonşularımızla münasibətləri gücləndirsək, sanksiyalar öz qüvvəsini itirəcək. Bu gün biz qonşu və regional ölkələrlə əlaqələri həmişəkindən daha çox yaxşılaşdırmalıyıq”, - deyən Pezeşkian qonşu ölkələr deyərkən, Pakistan, Əfqanıstan, Türkmənistan, Ermənistan, Türkiyə və İraqla yanaşı, Azərbaycanın da adını çəkib və əlavə edib ki, bu ölkələr ümumi maraqları qorumaq üçün həyata keçirilməli olan qarşılıqlı faydalı əməkdaşlıq baxımından əhəmiyyətli potensiala malikdirlər.
Bəri başdan deyək ki, cənab Pezeşkianın yanaşması mütərəqqidir. Amma maraqlı məqam var. Məsələ ondadır ki, İranın “Sepah Pasdaran” adlı telegram kanalı var ki, o da ölkə parlamentinin sözügedən komitəsinin iclası ilə bağlı məlumat yayıb. Həmin məlumatda bildirilib ki, Ermənistan İranın qonşusu və strateji tərəfdaşıdır və İslam respublikası hər zaman onunla ən yaxşı münasibətlərə malik olub. Çünki Ermənistan İranın Avropa ilə əlaqəsi rolunu oynayır. Ən əsası isə “Sepah Pasdaran” iclasda səslənmiş bu fikri qabardıb: “Bu dəhlizin (Zəngəzur dəhlizi – red.) yaradılması milli maraqlarımıza ziddir. Biz bölgədə sionistlərin fəallığını və neoosmanizm iddialarını görürük. Məsələdə Ermənistan hökuməti ilə mövqeyimiz üst-üstə düşür”.
Pezeşkianın mövqeyi ilə “Sepah Pasdaran”ın açıqladığı fikirlər onu göstərir ki, İranın parlament komitəsinin iclası xeyli gərgin keçib. O da görünür ki, dövlət başçısı üçün bütün qonşular prioriteti var. Hərçənd, onun fikrinin birmənalı qarşılanmadığını da söyləmək mümkündür. Çünki bütün qonşular deyil, bilavasitə Ermənistanın vacibliyindən söz açanların səsi gəlir. Yəni, birinci şəxs düşünür ki, indiki durumda İranın qarşısında dayanan başlıca vəzifə Qərbin sanksiyalarını aradan qaldırmaqdır və qonşularla əlaqələrin sıxlaşdırılması bu baxımdan vacibdir, digər cinah isə belə qənaətdədir ki, sanksiyalardan çıxmağın tək yolu Ermənistanla münasibətlərdir.
Bəli, belə təsəvvür yaranır ki, cənab Pezeşkian hazırkı duruma köhnə klişelərlə yanaşmır, məsələni geniş götürür. Onun bir müddət əvvəlki sosial şəbəkə paylaşımı da fikrimizi təsdiqləyə bilər. Məsələn, Prezident Pezeşkian həmin paylaşımında gələcəyə fərqli nəzərlərlə baxmağın, daha rasional davranmağın əhəmiyyətini vurğulamış, bir çox məsələlərə yanaşmanın dəyişməli olduğunu yazmışdı. Əlbəttə, onu demək istəmirik ki, İranda dəyişiklik məsələsini süngü ilə qarşılayan mühafizəkar kəsim var və bu kəsim Prezidentə əks mövqedə dayanır.
Amma bu məqam dəqiqdir: Ermənistanda olduğu kimi, İranda da Zəngəzur dəhlizi ilə bağlı məsələ siyasi gündəmin başlıca mövzusudur. Qeyd edək ki, “Sepah Pasdaran” bir neçə gün əvvəl İranın Ali Dini Liderinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin mövzuya yanaşmasını paylaşmışdı. Cənab Vilayətinin dedikləri ilə telegram kanalının hazırda açıqladıqları, demək olar, eynidir. Yalnız bir fərq var ki, müşavir, bilavasitə, Ermənistandan söz açmamış və demişdi ki, Zəngəzur dəhlizi layihəsi, guya, regional inteqrasiyaya, iqtisadi sabitliyə, xalqların rifahına yönəlməyib. Əksinə, bu ideya İranı və Rusiyanı qurudan mühasirəyə almaq məqsədi daşıyan tələdir. Sanki tələyə düşməmək üçün müqavimət göstərilməlidir. Diplomatın fikrincə, Tehranla Moskva Qərbə qarşı müştərək cəbhənin üzvləridirlər.
Cənab Vilayəti açıqlamasında dolayısı ilə xəbərdarlıq etmişdi ki, Tehran Zəngəzur dəhlizinə qarşı sözlə deyil, həm də əməllə də cavab verəcək. “Sepah Pasdaran” onun mövqeyini “İran öz “qırmızı xəttini” nümayiş etdirərək, sərhədə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirib” şəklində təqdim etmişdi. Kanal, həmçinin, bildirmişdi ki, passiv və müşahidəçi siyasət erası bitib, “İran indi qabaqlayıcı və aktiv strategiya yürüdür”. Çünki “bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır”.
Belə bir durumda Prezident Pezeşkianın dediklərinin konstruktivlik fazasının daha yüksək olduğu aydındır. Çünki o, ölkəsinin məhz indi tələdə olduğunu vurğulayır. Doğrudur, dövlət başçısının təqdimatı başqa cürdür. Cənab Pezeşkian daha çox sanksiyalardan yan ötmək üzərində dayanır. Amma, principsə, mahiyyət eynidir. Axı indiki durumda İran daha çox təcrid altındadır. Başqa sözlə desək, Ermənistanla əlaqələr Qərbin sanksiyalarından qorumur.
Üstəlik, erməni iqtidarı üçün Ermənistanın İslam respublikası ilə münasibətlərinin Qərblə təmaslardan daha üstün status daşıdığını söyləmək mümkünsüzdür. Qərb çox asanlıqla İrəvan-Tehran əlaqələri müstəvisində birincinin mənfəətini sığortalaya, baş nazir Nikol Paşinyan administrasiyasına İranla əlaqələri kəsmək göstərişi verə bilər. Nəzərə alsaq ki, İranı sanksiyalara məruz qoyan Qərbdir, həmin Qərbin Tehranın vəziyyətini daha da ağırlaşdırmağı düşünməyəcəyini və bu zaman İrəvanı alət kimi yada salmayacağını söyləmək mümkünsüzdür. Görəsən, İran hakim siyasi elitası Ermənistana bu qədərmi etibar edir?
Reallıq budur ki, İran-Ermənistan ənənəvi yolundan ikincinin qazancı elə də böyük deyil və həmin yol məhdudlaşsa, İranın Avropaya çıxışı tamamilə bağlanacaq, Tehran üçün təcrid bir qədər də dərinləşəcək. Görəsən, İranda bu barədə də düşünən varmı? Ehtimal etmək mümkündür ki, Prezident Pezeşkiandan başqa kimsə məsələnin fərqinə varmır. Fərqinə varılsaydı, nə Vilayəti, nə də İran Parlamentindəki müzakirə zamanı ənənəvi kursun tərəfdarları Zəngəzur dəhlizinə qarşı çıxardı.
Məsələ ondadır ki, Ermənistan da təcrid durumdadır və ötən müddət göstərdi ki, yalnız İranla quru əlaqəsinə bel bağlamaq vəziyyəti aradan qaldırmayacaq. Qərbin “kəbinlik arvad” qayğısına da bel bağlamaq mümkünsüzdür. Çünki Gürcüstana da vaxtilə indi Ermənistana olan qlamur yanaşma var idi. Hətta ölkənin polisinin əmək haqqı da ABŞ Dövlət Departamenti tərəfindən ödənilirdi. Amma sonradan Qərb, loru dildə desək, quyunu ora daimi su tökməklə saxlamaq üçün əlini cibinə atmadı. Daha sonra yaşananlar da hər kəsə məlumdur, hazırda Qərb-Gürcüstan ziddiyyəti də. Yəni, Ermənistan, necə deyərlər, başına çarə tapmalıdır. Çarə isə Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşmasındadır.
O da tam aydındır ki, İrəvanın Bakı ilə münasibətlərinin hazırkı axarında Türkiyə-Ermənistan sərhədlərinin açılması qeyri-mümkündür, prosesin müstəqil, ölkəmizdən kənar seqmenti yoxdur. Ermənistanın Avropa ilə əlaqələrinin Türkiyə üzərindən gerçəkləşməsinin optimallığı amili isə var. Bunu Qərbdə çox gözəl anlayırlar. Elə erməni iqtidarı da durumun fərqindədir. Onun fərqində olmadığı haqqında az əvvəl söz açdığımız qeyri-mümkünlükdür. Paşinyan administrasiyası dəfələrlə çalışıb ki, Ankara ilə münasibətləri Bakı ilə münasibətlərdən kənar tutsun. Amma heç vaxt istəyinə çatmayıb və çata da bilməz. Deməli, Zəngəzur dəhlizi olmadan Ankara-İrəvan xəttində də optimallıqdan danışmaq mənasızdır və bunu Türkiyə rəhbərliyinin bəzən dolayısı ilə, bəzənsə açıq şəkildə vurğuladığı məlumdur.
Bütün bunları nəzərə alsaq, cənab Pezeşkianın irəli sürdüyü region dövlətləri ilə əlaqələrin gücləndirilməsi və bununla sanksiyalardan qorunmağın, onların təsirini heçə endirməyin vacibliyi məntiqi tam yerinə düşür. Deməli, İslam respublikasının dövlət başçısının dilə gətirdiyi fikirlər Ermənistan üçün də mesaj olmalıdır. Çünki regional əməkdaşlığın ən mühüm seqmenti və effektivlik vahidi Zəngəzur dəhlizidir. O dəhliz ki, ideyası Azərbaycan tərəfindən irəli sürülüb və Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd yoxlanışı olmayan yolu nəzərdə tutur. O dəhliz ki, ondan həm İrəvanın, həm də Tehranın bəhrələnməsi mümkündür. Tam aydındır ki, dəhliz olmasa, nə Ermənistanın, nə də İranın “yarası sağalacacaq”. Ölkələrin hər ikisinin təcriddən qurtuluşu məhz Zəngəzur dəhlizindən keçir. Qalır bu həqiqəti dərk edib reallıqla barışmaq.
Ə.CAHANGİROĞLU
XQ