Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la hərbi sahədə böyük razılaşmaların əldə olunduğunu bəyan edib. Dövlət başçısı bu barədə fikirlərini özünün Telegram kanalında yaydığı videomüraciətində bölüşüb.
“Hazırda tərəfdaşlarımızla müxtəlif səviyyələrdə yeni danışıqlar və görüşlərə hazırlaşırıq. Məqsədimiz eynidir – Ukraynanın və sülhə can atan bütün qüvvələrin mövqelərini gücləndirmək,” – deyə Zelenski bildirib.
Ukrayna lideri silah razılaşmalarının detalları barədə açıqlama verməyib. Lakin ABŞ-la yeni hərbi əməkdaşlıq sənədlərinin prinsipləri razılaşdırılıb.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni silah və texnika göndəriləcəyini açıqlayıb. Bu paketə "Patriot" zenit-raket kompleksləri də daxildir. Tramp konkret neçə sistemin göndəriləcəyini dəqiqləşdirməsə də, Avropa İttifaqını bu texnikaların dəyərini Vaşinqtona kompensasiya etməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Ukraynaya 180 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri üçün avadanlıqların satışına razılıq vermişdi.
Yeni razılaşmalar, Ukraynanın müdafiə imkanlarının artırılması və Qərbin təhlükəsizlik öhdəliklərinin konkretləşməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
S.ELAY
XQ