Gürcüstanın dostu, borçalıların arxa-dayağı

post-img

Ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir tarixindəki ən önəmli siyasi liderlərdən biri olaraq həm ölkəsinin daxili siyasətində, həm də beynəlxalq münasibətlərində misilsiz xidmətləri ilə taleyüklü rol oynamışdır. Ulu öndər qonşu Gürcüstanla dostluq və qonşuluq əlaqələrinin qorunub möhkəmlənməsinə də tarixi töhfələr vermişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstanla münasibətlər xalqlarımızın köklü maraqlarına uyğun inkişaf etmiş, əməkdaşlığın bütün sahələrində ciddi uğurlara nail olunmuşdur.

Müsahibimiz Gürcüstan parlamentinin keçmiş deputatı, energetika nazirinin müavini olmuş, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov bu mövzuda söhbətimizin davamında bildirdi:

– Təkcə Azərbaycanın deyil, bütün Qafqazın lideri kimi tanınmış Heydər Əliyev ölkəmizin müstəqillik qazanmasından sonra xalqlarımız arasında dostluq münasibətlərinin davamlı olmasına çalışırdı. Onun rəhbərliyi dövründə Azərbaycan və Gürcüstan arasında enerji sahəsindəki əməkdaşlıq yeni şəraitdə daha çox diqqət yetirilən önəmli məsələlərdən idi. "Bakı-Tbilisi-Ceyhan" neft kəməri Heydər Əliyevin ideyalarından biri olaraq Azərbaycan neftinin Gürcüstan və Türkiyə ərazisindən dünya bazarlarına çatdırılması üçün strateji bir yol açdı. Bu kəmər həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafında mühüm rol oynadı.

Heydər Əliyevin Gürcüstanla münasibətləri onun xarici siyasətində öncül yer tutmuşdur. Azərbaycan və Gürcüstan arasında yeni mərhələyə yüksəldilmiş əməkdaşlıq yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmayıb, həm də regional təhlükəsizlik, beynəlxalq aləmdə həmrəylik məsələlərini də əhatə etmişdir. Ulu öndər bu münasibətləri iki ölkənin maraqlarına uyğun şəkildə inkişaf etdirmiş və bu gün də iki ölkə arasında davam edən qonşuluq, dövlətlərarası dostluğun təməlində Azərbaycan liderinin yüksək məramı və yaratdığı möhkəm əsaslar dayanır.

Mən bu tarixi prosesin təkcə şahidi deyil, həm də çox yaxın iştirakçısıyam, bir çox halda mərkəzində dayanan insan olmuşam. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı çoxəsrlik dostluq və birgəyaşayış münasibətlərimiz baxımından tarixi hadisə oldu. Bu diplomatik missiyalar müstəqillik şəraitində ikitərəfli əlaqələrin inkişafına xidmət etməyə başladı, bir çox problemlər sürətlə yoluna qoyuldu.

Bunu ona görə xüsusi qeyd edirəm ki, o vaxta qədər başımıza çox oyun gəlmişdi, keçməkeşli və çətin yollardan keçməli olmuşduq. Bunları unutmaq, yada salmamaq mümkün deyil. O dövrdə Azərbaycandakı hakimiyyət böhranı, Qarabağ problemi vəziyyəti son dərəcə mürəkkəbləşdirmiş, ölkə qanlı müharibəyə sürüklənmişdi. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların yerli çətinliklərinə əlavə olunub onları talenin ümidində qoymuşdu. O vaxt Gürcüstan Respublikasının Prezidenti seçilən Zviad Qamsaxurdiyanın rəhbərliyi altında “çiçəklənən gürcü millətçiliyi” yerli azərbaycanlılara qarşı çevrilmişdi.

Erməni və gürcü millətçiliyinin soydaşlarımıza qarşı düşmənçiliyinin belə azğın həddə çatması Qafqaz xalqlarının, ilk növbədə, azərbaycanlıların öz torpaqlarında milli mövcudluğu təhlükədə qoyulmuşdu. 1993-cü ildə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi hər iki qonşu ölkənin həyatında yeni dövrün başlanğıcı oldu. İki liderin dostluğu və xalqlarımızın taleyinə cavabdehlik missiyası Cənubi Qafqazda ziddiyyətlərin tədricən aradan qalxmasına kömək etdi.

Təəssüf ki, Ermənistanda nə onlara bərabər bir şəxsiyyət hakimiyyətə gəldi, nə də belə siyasət yeridildi. Nəticədə, erməni millətçiliyi Qafqazı qan çanağına çevirdi. Azərbaycanla Gürcüstanın çoxəsrlik dostluq münasibətlərinin qorunub saxlanması hər iki ölkəni mənasız qarşıdurmadan və gözlənilən faciələrdən qorudu. Bu ənənə ötən illərdə də davam etdirilərək, indi regionda əmin-amanlığın, sülhün, tərəqqinin ictimai qarantına çevrilib.

– İsak müəllim, heç şübhəsiz ki, burada Heydər Əliyev şəxsiyyətinin misilsiz rolu olub. Şübhəsiz, bunu Gürcüstanda da yaxşı bilirlər.

– Bunu Borçalıda yaşayan azərbaycanlılar kimi, bütün gürcü xalqı da yaxşı bilir və heç vaxt unutmur. Ulu öndərlə sovet dövründə görüşüb tanış olmuşdum. Bu görüş mənim taleyimdə sonralar da olduqca mühüm rol oynadı. Keçən əsrin 80-ci illərinin əvvəlində Gürcüstanda yeni salınan komsomol şəhərciyi Qardabani rayonunun ərazisində yerləşirdi. Bu böyük və zərbəçi tikintiyə bütün Gürcüstan səfərbər olmuşdu. Mən o dövrdə rayon komsomol təşkilatının rəhbəri olduğumdan bu işin bütün taleyi mənə tapşırılmışdı.

Komsomol şəhərciyinin açılış mərasiminə Gürcüstanın o zamankı rəhbəri Eduard Şevardnadze özü gəlmişdi. Dəvət olunmuş fəxri qonaqlar sırasında Azərbaycan xalqının lideri, Moskvadan Siyasi Büronu, Sovet rəhbərliyini təmsil edən Heydər Əliyev də var idi. Deyim ki, ən hörmətli və mötəbər qonaq kimi də o qarşılandı. Ulu öndərin belə yüksək nüfuzu yerli azərbaycanlılarda böyük fəxarət hissi doğururdu. Yadımdadır ki, mərasim başlayan kimi Eduard Şevardnadze Heydər Əliyevi xüsusi bir səmimiyyətlə baba olmağı münasibəti ilə təbrik etdi. Heydər Əliyevin ilk nəvəsinin dünyaya gəlməsi münasibətilə səslənən bu təbrik gurultulu alqışlarla qarşılandı və sürəklə davam etdi. Bu, həm də tədbir iştirakçılarının, eləcə azərbaycanlıların Heydər Əliyevə sevgisinin ifadəsi idi.

Şəhərcikdə xatirə olaraq ağacəkmə mərasimində Heydər Əliyevi mən müşayiət etdim. Daha doğrusu, Gürcüstan komsomolunun o vaxtkı rəhbərinin təqdimatı ilə bu iş rayon komsomol komitəsinin I katibi kimi mənə havalə edildi. Ulu öndərlə ilk tanışlığımız da o vaxt oldu. Elə o mərasimdə də onun qayğı və diqqətini dərhal hiss etdim. O nəhəng şəxsiyyət qısa təmas zamanı bəzi məsələlərlə maraqlandı, dil öyrənməyi, Gürcüstanın siyasi həyatına fəallıqla qoşulmağı tövsiyə etdi. Mən sonrakı görüşlərimizdə Heydər Əliyevin bu söhbətləri unutmadığının şahidi oldum.

Sonralar Qardabani şəhərinin meri və rayon partiya komitəsinin katibi vəzifəsini tutdum. SSRİ-nin iflasından sonra Gürcüstanda ifrat millətçi Qamsaxurdiyanın hakimiyyətə gəlişi borçalıların həyatında təlatüm yaratdı. 1992-ci ildə Eduard Şevardnadze hakimiyyətə gələndən sonra vəziyyət tamamilə dəyişdi, mən də Qardabani rayonunda icra başçısının müavini təyin olundum.

1995-ci ilin oktyabrında Gürcüstan parlamentinin deputatı seçildim. İctimai-siyasi fəaliyyətimiz daha da genişləndi. Ulu öndərin açdığı yolla mənəvi dayağımız, milli dövlətimiz olan Azərbaycanla rəsmi əlaqələrimiz yarandı. Gürcüstan nümayəndə heyətinin tərkibində, həm də parlamentin Azərbaycan əsilli millət vəkili kimi mən də Heydər Əliyevlə dəfələrlə görüşdüm. Ulu öndərin təşəbbüsü ilə təkbətək görüşlərimiz də oldu. Bu böyük insan Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini dərindən öyrənməyə çalışır, ciddi məsələləri davamlı olaraq diqqətdə saxlayırdı.

– Heydər Əliyevlə görüşlərinizlə bağlı daha çox nələrdən danışmaq istərdiniz?

– Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı təkcə Azərbaycanın həyatında yox, Gürcüstan azərbaycanlılarının taleyində də xilaskarlıq missiyası ilə yadda qalıb. Sovet rejiminin çöküşü dövründə Heydər Əliyev hakimiyyətdə olsa idi nə Azərbaycanda, nə də Gürcüstanda o müsibətlər başımıza gəlməzdi. Çətin zamanda Heydər Əliyev xilaskarlıq missiyası ilə milləti səfərbər etdi, dövlət müstəqilliyini qorudu. Bizi də Gürcüstanda millətçilərin tüğyan edən azğınlıqlarından və deportasiyasından xilas etdi.

1996-cı ilin yanvarında Gürcüstan parlamentinin nümayəndələri Bakıya gəlmişdi. Prezident Sarayında Heydər Əliyev Gürcüstan parlamentinin o zamankı deputatları Ramiz Bəkirovu, Hidayət Hüseynovu və məni ayrıca qəbul etdi. Ulu öndər bir saatdan çox çəkən görüşdə hər birimizi diqqətlə dinlədi, Borçalıda soydaşlarımızın qayğı və problemləri ilə maraqlandı. Bu bizim üçün tarixi, həm də çox məsuliyyətli görüş oldu. Heydər Əliyev Gürcüstanda mövcud olan durumu incəliklərinə qədər bilirdi. Hiss etdik ki, bizimlə görüşündə bəzi faktları dəqiqləşdirmək niyyətində olub.

Ulu öndərin millət atası kimi nəsihəti, qürurverici sözləri indi də yadımdadır: “Siz Gürcüstanda yaşayan azərbaycanlılar, unutmayın ki, bu ölkə sizin vətəniniz, dövlətinizdir. Siz bu dövlətin qurulmasında, möhkəmlənməsində və inkişafında gürcü qardaşlarla çiyin-çiyinə çalışmalısınız. Sizin Gürcüstan parlamentinin deputatı seçilməyiniz məni çox sevindirir. Çalışın ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz zəka və bacarıqları ilə hamıdan öndə olsunlar”.

Ümummilli lider növbəti dəfə Gürcüstana səfərə gələndə Rustaveli adına Opera və Balet Teatrında azərbaycanlılarla görüşdü. Burada Azərbaycan liderinin söylədiyi və mühüm tarixi əhəmiyyət kəsb edən fikirləri bizi daha da ruhlandırdı, arxasız olmadığımıza inandıq. O, bizə müraciət edərək dedi: “Siz diaspor deyilsiniz. Siz Gürcüstanda aborigen xalqsınız və Gürcüstan sizin vətəninizdir. Siz də bizim soydaşlarımızsınız, tək deyilsiniz”.

Biz bu həqiqəti bilsək də nə söyləmək, nə də eşitdirmək imkanımız var idi. Buradakı azərbaycanlıların qədim tarixi, mədəniyyəti, adət-ənənələri var. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Qardabaninin qədimliyi bir yana, Telavi rayonunun Qaracala kəndinin 500 ildən çox yaşı var. Laqodexinin Qabal kəndinin də tarixi çox qədimdir. Kaspi rayonunda 10-dan artıq belə kənd var. Ulu öndər də bunları yaxşı bilirdi. Ona görə də Gürcüstan prezidentinin və hökumət nümayəndələrinin də iştirak etdiyi tədbirdə azərbaycanlıların yerli, köklü xalq, Gürcüstanın isə onların vətəni olduğunu çox böyük cəsarətlə söylədi.

Ümummilli lider Heydər Əliyev daim çalışırdı ki, Gürcüstanda – qədim Borçalı obalarında soydaşlarımız öz mədəniyyətlərini, ana dili və digər milli keyfiyyətlərini unutmasınlar. Gürcüstanda onun göstərişi ilə həyata keçirilən bütün layihələrin mərkəzində də məhz bu amal dayanırdı.

– Görüşləriniz sonra da davam etdimi?

– Davam etdi, çox maraqlı və yaddaqalan, həm mənim taleyimdə silinməz izlər qoydu, həm də Azərbaycan – Gürcüstan əlaqələrini dərinləşdirən görüşlər bir neçə dəfə də oldu. Gürcüstanın rəsmi heyətlərinin bütün Bakı səfərlərində iştirak etmişəm. Hər dəfə də Heydər Əliyev məni xüsusi hörmətlə qəbul edib. Görüşlərin birində bildirdim ki, Azərbaycandan Gürcüstana göndərilən yanacaq Ermənistana ötürülür. Heydər Əliyev ani sükutdan sonra təmkinli, həm də diplomatik bir cavab verdi: “Bakı məhz azərbaycanlılara görə, Gürcüstana yanacaq verir”. Amma onu da anladım ki, Heydər Əliyevin də bu xəyanətdən xəbəri var. O, bu məsələni çox ciddi araşdırdı və məlumatların təsdiqindən sonra bu “xəyanətkar alverə” son qoyuldu. Bundan sonra mənə olan münasibət və inamının daha da artdığını gördüm.

Ulu öndər Gürcüstan azərbaycanlılarının həyatı və məişəti ilə çox maraqlanırdı, hər şeyə diqqət edirdi, ən adi saydığımız detallar barədə maraqla soruşurdu.

Onu da bildirim ki, Heydər Əliyevin 1998-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Gürcüstanda da böyük sevinclə qarşılandı. Bu, Gürcüstanda yaşayan azərbaycanlılar üçün də bayram idi. Hər yerdə bu hadisə ilə əlaqədar qurbanlar kəsilir, bayram təntənəsi davam edirdi. Həm deputat həmkarlarım, həm də ətrafımdakı adamlar və seçicilər Heydər Əliyevlə danışmağı və onların təbriklərini çatdırmağı məndən xahiş edirdilər.

Heydər Əliyevin gərgin iş qrafikini nəzərə alaraq ona zəng etmədim, amma ünvanına təbrik teleqramı göndərdim. Səhərisi mənə təşəkkür məktubu göndərmişdi. Bu, Heydər Əliyevin nə qədər diqqətcil, hər şeyi həssaslıqla dəyərləndirən bir şəxsiyyət olduğunun təsdiqi idi. Ulu öndər heç kəslə müqayisə edilməyən nadir şəxsiyyət idi.

1999-cu ilə kimi – deputat olduğum illərdə Ulu öndərlə münasibətlərimiz davam etdi. Heydər Əliyevlə görüşlərim taleyimin ən xoş səhifələri kimi yaddaşımdadır.

– Ulu öndər Heydər Əliyev heç vaxt Gürcüstan azərbaycanlılarının problemlərini Azərbaycanın taleyindən ayrı təsəvvür etməyib. Məhz bunun nəticəsidir ki, düşmən qüvvələr Borçalını azərbaycanlılarsız qoya bilmədilər.

– Haqlısınız, Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu istər birinci, istərsə də ikinci dövrdə qonşu Gürcüstanla əlaqələrin inkişafına və orada yaşayan azərbaycanlıların problemlərinin həllinə xüsusi diqqət göstərirdi. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Borçalının taleyi xüsusi diqqətə alındı, hətta özü çətin durumda olan Azərbaycan bu müqəddəs işə səfərbər oldu. 1993-cü ildə Gürcüstanda ictimai-siyasi və iqtisadi vəziyyət son dərəcə gərgin idi, hadisələrin məcrası hər gün dəyişirdi. Soydaşlarımızın narahatlığına ciddi səbəblər var idi. Bu təhlükə və haqsızlıqları Heydər Əliyev kimi siyasətçi görə bilərdi və gördü də. Ulu öndər ilk gündən Gürcüstan rəhbərliyindən bu məkrli münasibətlərin aradan qaldırılmasını tələb etdi. Düşmən qüvvələr duruş gətirə bilməyib geri çəkildi. Azərbaycandan göndərilən nümayəndələrə tapşırıldı ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemləri dərindən öyrənilsin.

O vaxtlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı işləyən mərhum Aslan Aslanov məhz Heydər Əliyevin göstərişi ilə bu gərəkli missiyanın icrası ilə məşğul idi. Ulu öndərin Gürcüstan və Borçalıda yaşayan azərbaycanlılarla bağlı tapşırıqlarının icrasında mən də birbaşa iştirakçı olmuşam.

Heydər Əliyev Azərbaycan – Gürcüstan əlaqələrinin möhkəmləndirilməsinə, daha da inkişafına, orada yaşayan soydaşlarımızın problemlərinin həllinə, qədim yurd yerlərimizdəki milli abidələrimizin, maddi-mənəvi dəyərlərimizin, bir sözlə, tarixi yaddaşın qorunub saxlanılmasına xüsusi önəm verirdi. 1993-cü ildən başlayan bu iş mütəmadi olaraq davam etdirilmiş, Gürcüstan azərbaycanlılarının bütün problemləri diqqətdə saxlanılmış və onların həlli gündəmə gətirilmişdir.

Görkəmli ictimai-siyasi xadim, uzun illər Ulu öndərlə çiyin-çiyinə yüksək dövlət vəzifələrində çalışmış Həsən Həsənov çıxışlarının birində demişdi: “Heydər Əliyev Gürcüstanı çox sevirdi. Sovetlər dönəmində ölkələr arasında əlaqələr Moskvanın icazəsi ilə qurulurdu. Amma Heydər Əliyev deyirdi ki, bunun Azərbaycan ilə Gürcüstan arasında əlaqələrə heç bir aidiyyəti yoxdur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Gürcüstanla münasibətlər yeni inkişaf dövrünü yaşadı. Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Gürcüstan azərbaycanlılarının ən yüksək həddə çatan narahatlığı məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində aradan qaldırıldı. Heydər Əliyev Azərbaycanın və Gürcüstanın dostluğunu müstəqillik epoxasında daha da möhkəmləndirdi. Ən əsası, Borçalı torpağının Qərbi Azərbaycanın taleyini yaşamaması üçün gerçək təhdidlərin qarşısını məhz ümummilli lider Heydər Əliyev aldı. Gürcüstan azərbaycanlıları bu xilaskarlığı heç zaman unutmayacaqlar.

– Maraqlı söhbətə görə sağ olun. Gürcüstanda yaşayan soydaşlarımıza daha xoş günlər arzulayırıq.

Namiq QƏDİMOĞLU
XQ

Müsahibə