Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Sağlam qidalanma sağlam gələcəyin təməlidir. Bu baxımdan gələcək nəslin indidən düzgün formalaşması üçün onların necə qidalanması məsələsi daha çox gündəmə gəlir. Düzgün qidalanma həyat keyfiyyətini: sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bir sıra qeyri-infeksion xəstəliklərin (QİX) və halların qarşısını almağa imkan yaradır.
Bu fikirləri XQ-yə müsahibəsində Azərbaycan Tibb Universitetinin müəllimi, Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü Aida Bəndəliyeva qidalanma ilə bağlı “Nə yeyək ki, sağlam qalaq, gec qocalaq?”– sualımıza cavab olaraq bildirdi. Eyni zamanda, söhbətinə davam etdi:
– Qidalanma zamanı qida rasionunun seçilməsində insanın yaşının nəzərə alınması vacib amildir. Xüsusən qeyri-düzgün qidalanma insanın vaxtından əvvəl qocalmasına təsir göstərir. Ona görə, ahıl yaşlıların və qocaların qida rasionunun düzgün seçilməsinə ciddi əməl olunmalıdır. Yaşlı insanlar həzm prosesinin çətinləşməsini nəzərə almalı, həmişə eyni vaxtda yeməyə üstünlük verməli, qida qəbulu vaxtı onun həcmini və kaloriliyini (yağlar və karbohidratları, xüsusilə şirniyyat və digər qənnadı məmulatlarını, nişastanı) azaltmaqla, qidalanmanı tənzimləməlidir. Ahıl yaşlı insanların qida rasionunda bioloji fəal maddələrin miqdarını (vitaminlər, mikroelementlər, fosfatidlər, aminturşular və s.) artırmaq, qidanı təbii antisklerotik maddələrlə zənginləşdirmək tövsiyə olunur. Bu çəxslər qida qəbulları arasında uzun fasiləyə yol verməməlidirlər. Onlar qidalanarkən düyü, makaron məmulatları, paxlalılar, qaymaq, xama, duzlu, yağlı pendirlər, yumurta sarısı, turşəng, ispanaq, şəkər, qənnadı məmulatları, yağlı dondurmalar, şokalad, kremli məmulatlar kimi qidalardan maksimum az istifadə etməlidirlər. Əksinə, yaşlı insanların sağlamlığının qorunması üçün çörək və un məmulatlarından (buğda və çovdar çörəyi, həmçinin kəpək həlimi, soya unu, dəniz kələmi qatılmış çörəklər və peçenyelər), yağlılığı az olan süd məhsullarının bütün növlərindən, suda, sobada bişirilmiş, qiymə halında olan ət, quş əti, balıqların yağsız növlərindən, həftədə 2–4 ədəd, ilıq bişirilmiş yumurtadan daha çox istifadə etməlidirlər.
– Yaşlı insanlar istədikləri içkiləri qəbul etməkdə sərbəstdirlərmi? Yoxsa hər hansı maye qəbuluna məhdudiyyət var?
– Qidalar arasında orqanizmin sağlamlığında ən əhəmiyyətli içki vasitəsi sudur. Su yaşamaq üçün çox önəmlidir. Su aldığımız hava qədər vacibdir. Onun tərkibi minerallarla çox zəngindir. Orqanizmdə gedən reaksiyalarda su həlledici rol oynayır. Su bədən temperaturunu tənzimləyir, həzmə, zərərli maddələrin orqanizmdən xaric olunmasına kömək edir. Gündə ən azı 2–3 litr maye qəbul etmək lazımdır. Səhər yataqdan qalxan zaman 1 stəkan su içməkdə fayda var. Hər gün 2–3 litr çiy su içməyə vərdiş etmək üçün, ilk ayda hər yarım saatdan bir 30 qram çiy su içmək uğurlu müalicə üsulu sayılır. Orqanizmdə qızdırma, ağrı, zehni və fiziki halsızlıq olanda, yorğunluq və əsəb zamanı qidadan imtina etmək, yalnız aclıq hiss edəndə yemək, həm də yeməkdən 10–15 dəqiqə əvvəl 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum içməyi həyat normasına çevirmək lazımdır. Adi vaxtlarda yeməkdən yarım saat əvvəl su içilməlidir. Yemək zamanı və yeməkdən dərhal sonra içəndə isə su 10–15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmi pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha faydalıdır.
Qidada xörək duzunun miqdarını azaltmaq, ürək-damar xəstəliyi zamanı ondan tam imtina etmək lazımdır. Xörək duzunda yalnız iki mikroelement – xlor və natrium var. Amma dəniz duzunda olan 64 mikroelementin hər biri orqanizm üçün faydalıdır. Soğan, sarımsaq, qıtıqotu və turp xörək duzunu əvəz edə bilər.
– Qida rasionu necə tərtib edilməlidir ki, həzm prosesi normal olsun?
– Bu, çox vacib məsələdir. Yalnız qida rasionu düzgün tərtib edildikdə həzm prosesi yaxşı gedir. Ona görə də nəyi nə ilə birlikdə yeməyin faydalı olduğunu bilmək çox vacibdir. Amerikalı naturopat, yazıçı, alternativ tibbi, aclıqla müalicəni, vegetarianlığı təbliğ edən professor Herbert Şelton qida vasitələrinin bir-birilə uyuşmazlığının baş verməsinin qarşısını almaq üçün bəzi məhsulların qəbul edilmə uyğunsuzluğunu müəyyən etmişdir.
Onun fikrincə, zülalla zəngin qidaları karbohidrat tərkibli qida ilə, yəni qoz, ət, yumurta və digər zülali ərzaqları çörək, kartof, pirojna və şirin meyvələrlə eyni vaxtda yemək məsləhət deyil. Bir dəfə yumurta, balıq, süd və pendir yedikdə, başqa vaxt çörək, yaxud sıyıq və əriştə yeyilə bilər.
Karbohidratlı qidanı turş qida ilə, yəni çörək, kartof, noxud, paxlalı bitkilər, banan və xurmanı pomidor, limon, portağal, kivi, naringi, feyxoa, ananas və digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil.
Yağlar zülalla, yəni qaymaq, kərə yağı, xama, bitki yağı, ətlə, yumurta, pendir, qoz-fındıq və digər zülali qidalarla eyni vaxtda yeyilməməlidir. Çünki onlarla bir vaxtda yeyilən yağlar mədənin fəaliyyətini məhdudlaşdırır və mədə şirəsi ifrazına mane olur.
Nişastalı qidalar şəkərlə, yəni cem, meyvə, kərə yağı şəkər, şirə, sıyıq və kartofla yola getməz. Şəkəri dənli bitkilərlə eyni vaxtda qəbul edəndə bağırsaqlarda çürümə baş verir. Nişasta ilə zəngin olan qidaları ayrı-ayrı yemək vacibdir, çünki iki nişastalı qida növünü eyni vaxtda yeyəndə, məsələn, kartof, yaxud sıyıqla çörək yeyiləndə biri digərinin həzmini pozur.
Südü qatıq, süzmə, ayran, şor və pendirə çevirdikdən sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir, çünki süddəki yağ müəyyən müddət mədə şirəsinin ifrazına mane olur, süd mədədə deyil, onikibarmaq bağırsaqda həzm olunur. Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır. Onunla eyni vaxtda qəbul olunan qidalar da həzm olunmur.
– İllər öncə belə tövsiyələr də yox idi, xəstəlik də bu həddə deyildi. Kim necə istəyirdi, elə qidalanırdı. Bunun səbəbi barədə nə deyə bilərsiniz?
– İllər öncə ekologiyamız bu qədər çirklənməmişdi, iqlim dəyişikliyi yox idi. Yay yay idi, qış da qış. Yediklərimiz təbii, keyfiyyətli idi. İndi fəsillər də, ona uyğun təbiət də dəyişib. Ətrafa atılan çirkli, zəhərli qazların, tullantıların artması əkinə - biçinə də, heyvandarlığa da, ümumən iqtisadiyyata, o cümlədən kənd təsərrüfatı məhsullarının keyfiyyətinə də təsir edib. Tam sağlam, keyfiyyətli qida tapmaq müşkülə çevrilib. Odur ki, hər kəsin sağlam bəslənməsi üçün bütün bu cəhətlərə mütləq diqqət edilməlidir. Hər ailədə qidalanma zamanı yeknəsəngliyə, uyuşmazlığa və təkrara yol verməmək üçün həftə ərzində hansı ərzaq məhsullarından, tərəvəzlərdən və meyvələrdən istifadə ediləcəyinin əvvəlcədən planlaşdırılması məqsədə uyğundur.
Nə yediyimizə, nə içdiyimizə diqqət etməliyik. Yoxsa xəstəliklər astanada növbədədir.
Söhbəti qələmə aldı:
Z.HÜSEYNOVA
XQ