Ürəyinizi hər ürəksizə verməyin!

post-img

Hər dəfə qaçanda, sevinəndə, kövrələndə, qorxanda və ya nədənsə həyəcanlananda sinəmizdə bir döyüntü hiss edirik. Bu, ürəyimizin səsidir – bizim üçün gecə-gündüz işləyən, narahatlıq keçirən ürəyimizin səsi...

Biz yatanda o yatmır, dincələndə dincəlmir. Biz işlərimizi bəzən ləngitsək, də o ləngitmir. Saat kimi dayanmadan işləyir. Hət­ta saat geri qalsa da o geri qalmır. 

Bəs biz ürəyimizi nə qədər tanıyırıq? Elə isə gəlin ürəyimizi yaxından tanımağa çalışaq.

Hesablamalara görə, orta yaşlı bir adamın ürəyi dəqiqədə təx­minən 72 dəfə, gün ərzində 100 min dəfə, həyatı ərzində isə təx­minən 2,5 milyard dəfə döyünür.

İnsan ürəyindən ömrü ərzində keçən qanın miqdarı, bütün gücü ilə işləyən mətbəx kranından 45 il ərzində axan suya bərabərdir. 

Gülmək insan ürəyini sağlamlaşdırır. Gülək ki, (hırıldamaq yox) ömrümüz uzansın. Güldürək ki, ömürlərə ömür calayaq. Çün­ki gülüş sayəsində ürək divarları daha yumşaq olur, qan dövranı isə təxminən 20 faiz sürətlənir. Deyilənə görə, il ərzində ən çox infarkt halları dekabrın son həftəsində və bazar ertəsi günləri baş verir.

İnsanın ürəyi elektrik impulslar yaradır.

Ürək yaman şeydir...

Ürək həm də arzular, istəklər, xatirələr, səmimiyyət və nifrət yuvasıdı. O istəməsə, biz sevgi hissindən, mərhəmətdən məhrum olarıq. Çünki ürəksiz yaşamaq mümkünsüz olduğu kimi, hissiz, duyğusuz, sevgisiz də yaşamaq yaşamaq deyil. Ürək var, ürək də var. Ürək var, ancaq bir canın yaşaması üçün sakit-sakit döyünür. Ürək də var, bu narahat dünyanın ağrılarını çəkir. Ürək gərək daim sevinsin, insanı xeyirxah əməllərə səsləsin.

Ruhu şad olsun, görün, Bəxtiyar müəllim necə deyir:

Neyləyirəm o ürəyi- 

Yox arzusu bir diləyi!? 

Bacarmırsa o sevməyi 

Demək o heç ürək deyil. 

O heç mənə gərək deyil.

Onu da deyək ki, çağımızda mal-mülk oğruları kimi ürək oğ­ruları – vəfasızlar da çoxalıb. Buna görə də ürəyinizi hər ürəksizə etibar etməyin, onu qoruyun! Bəlkə bu da insan oğlunun qədəridir ki, ömür payını ürəkdən yaşayanların çoxu elə ürəkdən dünyasını dəyişir...

Səməd MƏLİKZADƏ

Sosial həyat