Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, görkəmli publisist və tənqidçi, şərqşünas-alim Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açıb. Atası Əhməd bəy 1905-ci ildə çar hökumətinə və erməni daşnaklarına qarşı mübarizə məqsədilə “Difai” təşkilatını yaratmışdı. Davamlı təqiblərə məruz qalan Əhməd bəy 1908-ci ildə Vətəni tərk etmək məcburiyyətində qalıb və ailəsi ilə birgə İstanbula köçüb.
Sürəyya Ağaoğlunun uşaqlıq və gənclik illəri ziyalılar, alimlər, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın dostları arasında keçib. Hələ uşaq yaşlarından vəkil olmağı arzulayan Sürəyya xanım ictimai-siyasi proseslərin əhatəsində böyüyüb.
Sürəyya Ağaoğlu İstanbul Universitetinin Hüquq fakültəsinə qəbul olunmağa qərar verib. Lakin o vaxtlar həmin fakültədə yalnız oğlanlar oxuyurdular. İnadından dönməyən Sürəyya xanımın qətiyyəti və əzmi sayəsində az sonra qız tələbələr üçün Hüquq fakültəsi açılır. 1928-ci ildə fərdi iş lisenziyasını alaraq Türkiyənin, eləcə də bütün Türk dünyasının ilk qadın vəkili kimi tarixə düşüb. O, kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmək məqsədilə 1948-ci ildə Türkiyədə ilk dəfə “Sürəyya Ağaoğlu uşaq dostları” adlı dərnək yaradıb, öz hesabına uşaqlar üçün sığınacaq tikdirib.
Bir neçə xarici dili mükəmməl bilən Sürəyya Ağaoğlu beynəlxalq konfranslarda Türkiyəni yüksək səviyyədə təmsil edib. 1946-1960-cı illərdə İstanbul Vəkillər Kollegiyası İdarə Heyətinin yeganə qadın üzvü olub. Sonralar Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının üzvü, Qadın Hüquqşünaslar İttifaqının BMT-nin Cenevrə Təşkilatındakı nümayəndəsi, Hüquqşünas Qadınlar Federasiyasının vitse-prezidenti seçilib. S.Ağaoğlu sonuncu dəfə 1989-cu il dekabrın 29-da İstanbulda “Qadın haqları və müasirləşmə” mövzusunda konfransa qatılıb. Binadan çıxarkən pilləkənlərdən yıxılan Sürəyya xanım beyin qanaması keçirərək dünyasını dəyişib.
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Atatürk siyasətinin prioritetlərindən biri türk qadınını önə çəkərək, cəmiyyətdə onların fəallığına nail olmaq idi. Sürəyya Ağaoğlu da bunun sayəsində Türkiyədə adını ilklər siyahısına yazdıra bilmişdi. Bütün həyatı boyu Atatürk dəyərlərini qoruyub saxlayan, Kamalist fəlsəfəsinə dərindən nüfuz edən, ictimai həyatında bu dəyərlərə bağlılığı ilə seçilən Sürəyya Ağaoğlu ömrünün sonunadək Böyük öndərin şəxsiyyətinə sayğı ilə yanaşdı, dəvət olunduğu xarici ölkələrdəki konfranslarda, plenar iclaslarda, Türkiyənin müxtəlif məkanlarında Mustafa Kamal paşadan hörmətlə söhbət açdı, xatirələr söylədi.
Atası Əhməd bəy Ağaoğlunun Atatürklə münasibətlərində kəskin, ziddiyyətli təzadlar olmasına baxmayaraq, S.Ağaoğlu bu iki tarixi şəxsiyyətin münasibətləri fonunda heç vaxt fərqli, neqativ yanaşmalar ortaya qoymadı. Atatürkün başlatdığı Qurtuluş savaşı və Türkiyə inqilabı S.Ağaoğlunun şəxsi keyfiyyətlərini, bilik və bacarığını ortaya qoydu, istedadının parlamasına imkan yaratdı, qadınların ictimai-siyasi həyatda fəal mövqe qazanması səyini əsirgəmədi. Bu, Sürəyya xanımın Türkiyənin inkişafına yön verən 10 qadından biri olaraq tarixləşməsində mühüm rol oynadı. S.Ağaoğlunun Türkiyənin müxtəlif mətbu nəşrlərində, televiziya arxivlərində, özünün qələmə aldığı memuarlarında Atatürklə bağlı xatirələri qorunub saxlanılır. Hələ gənc yaşlarında Atatürkü yaxından görən S.Ağaoğlu bu tarixi şəxsiyyətin ailəsini yaxından tanıyıb, onun evində keçirilən ziyafətlərdə iştirak edib.
"Bir ömür belə keçdi. Səssiz gəmini gözlərkən" memuarında S.Ağaoğlu Atatürkdən öncə onun ailəsini tanıdığını qeyd edərək yazır: "Atamın böyük dostu Ömər Nacigilin evinə tez-tez qonaq gedərdik. Bağçaları çox gözəl idi. Ağaclara dırmaşıb doyunca meyvə yeyərdik. Tez-tez ora Kamalın anası deyə tanıdığımız, daim mavi bir yaylıq bağlayan sərt baxışlı və sərt rəftarlı bir xanım gəlirdi. O gəldiyi zaman biz uşaqlar bağçanın dörd bir tərəfinə qaçardıq. Bu xanımın Atatürkün anası olduğunu sonradan öyrəndik".
S.Ağaoğlunun memuarlarından aydın olur ki, Atatürklə əyani tanışlığı 1925-ci ildə İstanbul Universitetini bitirəndən sonra Ankarada olub. Ailəsinə gənc hüquqşünas kimi qayıdan S.Ağaoğlunun cəsarət göstərib İstanbul Universitetində hüquq fakültəsinin qızlar üçün açılmasında göstərdiyi fədakarlıq Atatürkün diqqətindən yayınmamışdı. Mustafa Kamal paşa ilə görüşünü həyatının ən xoş günü kimi xatırlayan S.Ağaoğlu yazır: "Ankaraya qayıdandan qısa bir müddət sonra Atatürk anamı, atamı, Tezəri və məni evinə şam yeməyinə dəvət etdi. Biz gedəndə Lətifə xanım (Atatürkün xanımı -red.) Cavad Abbas bəy (Atatürkün yavəri, üç dəfə Türkiyə Böyük Millət Məclisinin millət vəkili – red.) və Məqbulə xanımın (Atatürkün bacısı) əri Mustafa bəylə söhbət edirdilər. Lətifə xanım bizi qəbul etdi və Kamalın fermada olduğunu söylədi. Bir az sonra Atatürk gəldi. Böyük bir şövqlə, ümidlə işlədiyi fermadan traktorla qayıtmışdı. Yorğun və xoşbəxt görünürdü. Üzünü anama tutub: – Sitarə xanım, Əhməd bəy üstümdəkiləri dəyişdirmədən olar - sualına atamla anam "Əlbəttə, paşam" – cavabını verdilər. Fermadan çox məmnun qayıtmışdı. Atama: – Əhməd bəy, şam ağacları böyümüşdü, meşəlik olmuşdu. Bax, Ətlik, Keçiörən parıldayır – dedi".
"Atatürkün öydüyü şam ağacları hələ bir fidan idi, Keçiörəndə və Ankaranın digər yerlərində zəif lampa işıqları yanırdı. Bütün bunlar Atatürkün nəzərində böyük işlər kimi görünürdü, amma gələcəyi görərək özünü xoşbəxt hiss edirdi" – söyləyən S.Ağaoğlu bir qədər sonra İsmət paşanın gəldiyini xatırlayır: "Atatürk mənim və Tezərin yaxşı təhsil almağımızla iftixar edirdi. Bax, İsmət – dedi – Sürəyya hüquq fakültəsini bitirdi, Tezər fəlsəfə fakültəsinin sonuncu kursundadır. Türk qızları nə gözəl irəliləyirlər. İsmət paşa heç bir cavab vermədi".
İsmət paşanın atası ilə münasibətlərinin o qədər də yaxşı olmadığını xatırlayan Sürəyya xanım oxucunun diqqətini paşanın laqeydliyi üzərinə yönəltmək istəməyərək, Atatürkün bu iki bacının, Türkiyənin gələcəyi olacaq gənc xanımların uğurlarına nə qədər sevindiyini vurğulayaraq xatirələrini dilə gətirir: "Süfrədə Atatürk məni sağında, Tezəri isə solunda oturtdu. Çox xoş söhbət edirdi. Bizə keçmiş günlərindən, əyləncəli xatirələrini danışdı".
İsmət İnönü məclisi tərk edib gedəndən sonra məclis əvvəlki məcrasına qayıdır, Atatürk "Türk gəncliyinin gələcək nümunələri" olan Tezər və Sürəyya xanımın baxış və düşüncələri ilə maraqlanır. Müxtəlif tədbirlərdə, Atatürklə bağlı anım gecələrində o günləri xatırlayan Sürəyya xanım həmin axşamı belə xatırlayırdı: "Yemək zamanı Atatürk məni sağ, Tezəri isə sol tərəfində əyləşdirdi. Çox xoşbəxt idi. Yemək gələndə xidmətçi boşqabı Atatürkə, o isə mənə uzatdı. Təbii ki, alıb qabağıma qoydum. Sonra boşqabı Tezərə uzatdı. Mənimlə üzbəüz oturan atamın gözlərindən şimşək yağırdı. Yemək xoş keçdi. Biz gedəndə Lətifə xanım yavaşca:
– Evdə çəkəcəyin var. Atan sənə çox hirsləndi – dedi və güldü. Anamla atam hirslərini tökmək üçün evə qədər də gözləmədilər. Atatürkün bizi evə aparmaq üçün verdiyi avtomobilə minər-minməz atam:
– Hüquq fakültəsini bitirmisən, amma adam olmamısan. Dünyanın ən böyük şəxsiyyətlərindən biri sənə xidmət edir, sən də sakitcə alırsan – dedi. Asta səslə:
– Nə edim, mən də hüquq fakültəsini bitirən ilk türk qızıyam – dedim".
S.Ağaoğlunun qardaşı, Türkiyənin ictimai-siyasi ədəbi həyatında böyük xidmətləri olan Samət Ağaoğlu və bacısı Tezər Ağaoğlunun da Atatürklə bağlı xatirələri var və bu xatirələrin bir qismi çap olunub. Ağaoğluların çap olunan memuar xatirələrindən aydın olur ki, Mustafa Kamal və Lətifə xanım Əhməd bəyin Ankaranın Keçiörən məhəlləsindəki evlərinə tez-tez baş çəkib, qonaq olublar. Ağaoğlu bu barədə yazırdı: "O dövrdə (1924-1928-ci illər nəzərdə tutulur - A.A.) Atatürk xoş ailə mühitində olmağı xoşlayır, vaxt keçirməyi sevir, gənclərlə söhbətlərdən xoşhal olurdu: "Biz o illərdə Ankaranın sayılan, oxumuş, yüksək təhsil görmüş və Qərb anlamında həyat mübarizəsinə atılmış gənclər idik. Ona görə də Atatürk sevgi və təqdir hisslərini bizdən əsirgəmirdi".
Atatürk Ağaoğlular ailəsinə hörmət və sayğını bir çox ictimai yerlərdə, toplantılarda büruzə versə də, çılğın milliyyətçi Əhməd bəylə bir neçə dəfə qarşı-qarşıya gəlmiş, hətta münasibətləri bir müddət düzəlməz hal almışdı. Atatürkün qarşısında hər kəs müvazinətini, şəxsi ləyaqət hissini saxlaya bilməsə də, ən çətin anlarda Əhməd bəy Ağaoğlu işsiz qalsa da, özünün yazdığı kimi, həyatın xaricinə atılsa da, cəsarət göstərə bildi. 1934-cü ilin yazında İstanbulda Atatürklə Əhməd bəyin münasibətlərinin sağ qırılma nöqtəsi barədə Sürəyya Ağaoğlu yazır: "Böyük Adada yaxt-klubda qalırdıq. Bir gecə Atatürk yanında Cəlal Bayar (Türkiyə Cümhuriyyətinin 3-cü prezidenti, Atatürkün yaxın silahdaşı), Şükrü Qaya, Qılınc Əli, aktyor Vəsri Rza, Şükrü Naili paşa və bəzi xanımlar kluba gəldi. Bir az oturduqdan sonra:
– Əhməd bəy, İsmət paşa "Əhməd bəyə dövlət qulluğunda yer yoxdur" – dedi. Atam sərt bir şəkildə:
– Mən kimsədən dövlət qulluğu istəmədim – cavabını verdi.
Atatürk görünür bu cür sözlərlə Əhməd bəy Ağaoğluna vəzifədən kənarlaşdırılmasında Baş nazir İsmət İnönünün olduğunu çatdırmaq istəyib. Atasının emosional, sərt davranışını gözəl bilən Sürəyya xanım söhbətə müdaxilə edərək, vəziyyəti bir qədər yumşaltmağa çalışır. Həmin gərgin söhbəti xatırlayan S.Ağaoğlu yazır: "Mən söhbətə qarışaraq anamın vəfatından sonra atamın çox üzgün və əsəbi olduğunu söylədim. Atatürk uzaqlaşdı. Getməyə hazırlaşırdıq ki, Atatürk məni rəqsə dəvət etdi və "gəl bizi barışdır, atan mənə çox əsəbiləşdi" – söylədi. Bir az sonra Atatürk ilə qarşılaşan atam:
– Mən həyat yoldaşımı itirdiyimə görə yasdayam. İstənilən vaxt oxşanacaq, istənilən vaxt atılacaq adam deyiləm. Kimsənin də önündə əzilmərəm – demişdi. Şükrü Naili paşa (Atatürkün gənclik dostlarından biri, Qurtuluş savaşının qəhrəmanı) eşitdiklərindən heyrətlənərək Atatürkə "Paşam, müsaidə edin, məmləkətdə heysiyyətli adamlara toxunulmasın" – sözləri ilə müraciət edərək, cümhurbaşqanı qarşısında Əhməd bəyi müdafiədən çəkinməmişdi".
Memuar və xatirələrində atası ilə Atatürkün münasibətlərindəki ziddiyyətlərə toxunan S.Ağaoğlu hər iki tarixi şəxsiyyətin ömürlərinin sonuna yaxın bir araya gəldiklərini yazır: "Bir axşam o zaman qaldığım "Ankara Palas" hotelinin restoranında qardaşım Səməd, Bəha Arıkan və digər dostlarımızla yemək yediyimiz zaman Atatürk yaxın ətrafı ilə gəldi. Yanında kiçik Ülkü (Atatürkün mənəvi qızı) da vardı. Atatürk rəqs edərkən bizi gördü, masamıza yaxınlaşdı. Samətə:
– Nə qədər də atana bənzəyirsən! – dedi. Sonra məni rəqsə dəvət etdi. Rəqs vaxtı:
– Sürəyya, atan necə də bəxtiyardır. Övlad sahibi olmaq dünyada ən böyük nemətdir. Mən də bu əskikliyimi Ülkü ilə aradan qaldırmağa çalışıram – dedi. Atatürk mənə:
– Atana zəng elə və onun şərəfinə içdiyimi söylə – dedi. Bu hadisə atamla İstanbulda aralarında olmuş xoşagəlməz münaqişədən sonra baş verirdi. Yavəri Nəsrullah bəylə atama zəng etdik. Atatürk onun könlünü almaq istəyirdi".
Əhməd bəy Ağaoğlunun Atatürklə son görüşü 1937-ci ilin yazında İstanbulda Böyük Adada olub. Həmin görüşü Sürəyya Ağaoğlu belə xatırlayır: "Klubda atam, Fuad Sirmən, Hamit Peksan bəylər ilə oturduğumuz vaxt "Atatürk gəldi" – söylədilər. Atam: – Aman, məni görməsin – deyə ağacların arxasına çəkildi. Yanımızda oturan iki nəfər də qalxıb getdi. Bir azdan Tofiq Rüştü yaxınlaşıb Atatürkün gəlib bizi çağırdığını söylədi. Getdik. Qazi atama sarıldı. "Həsrətin qəlbimdə, "Lakin kim bilir sən haradasan" - şərqisinin sözlərini söylədi. – Çox darıxdım sənsiz – dedi. Sonra əlavə etdi: – Vaxtilə Sürəyya sənin yaraşıqlı olduğunu söyləmişdi. Haqlı imiş. Bu baş ancaq bir türkdə ola bilər".
Bir neçə gün sonra Əhməd bəyin halı pisləşir. Kluba gələn Atatürk xəbəri eşidən kimi salonda Fəhri Okyarın uşaqları ilə bir yerdə dincələn Sürəyya xanımı yanına çağırıb əvvəlcə "Keçmiş olsun" – deyib, tapşırıq verir: "Haydı, get atanın yanında otur, salona enmə, ona yaxşı bax".
Bu, Əhməd bəylə Atatürkün həyatda son görüşü idi. Mustafa Kamal paşa Atatürkə sayğı, hörmət bəsləyən Ağaoğlu ailəsi üçün ən ağır tarix bu böyük tarixi şəxsiyyətin 1938-ci ilin 11 noyabrında gözlərini əbədiyyən qapatması oldu. Özünü daim Atatürkçü, milliyyətçi hesab edən, bundan daim qürur duyan S.Ağaoğlu memuarında həmin ağır günü xatırlayaraq yazır: “Atatürkün öldüyü gün Üsküdarda məhkəmə iclasında idim. Mənə elə gəlirdi ki, sanki bundan sonra həyat büsbütün dayanacaq. Nəhayət, ağlaya-ağlaya gəmiyə mindim, məhkəməyə getdim və dərhal da evə döndüm. Evdə anamın öldüyü günlərdə olduğu kimi matəm yeli əsirdi. Atam başını yazı masasının üstündə əyərək hönkür-hönkür ağlayırdı:
– O sanki bir dağ idi – deyirdi. Bəzən alov püskürürdü. Alovu məni də qarsıyırdı. Amma bu, nə gözəl bir alov idi”.
Akif AŞIRLI,
“Şərq” qəzetinin baş redaktoru
PS. Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi hesabına Azərbaycan Türk Ocağı İctimai Birliyi tərəfindən hazırlanıb.