Ermənistan öz bəyanatlarında səmimidirsə…

post-img

İyulun 30-da Türkiyə–Ermənistan sərhədində iki ölkənin münasibətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndələri – Sərdar Kılıç və Ruben Rubinyan arasında danışıqların beşinci raundu keçirilib. Kılıç və Rubinyan görüşdən əvvəl yeni təmir edilmiş “Marqara” sərhəd-keçid məntəqəsi ilə tanış olublar. Görüş Ermənistan ərazisində başlayıb. Sonra isə sərhədin Türkiyə tərəfində – “Alican” sərhəd-keçid məntəqəsində davam etdirilib.

Müzakirələrin yekunları ilə bağlı mə­lumat yayan Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri bir daha təsdiqləyiblər. İki ölkə diplomatik pasport sahibləri üçün qarşılıqlı viza pro­sedurlarını asanlaşdırmaq barədə razılığa gəlib. Bundan başqa, tərəflər Akyaka/Axu­rik dəmir yolu sərhəd qapısının regional inkişafa uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyac­ları qiymətləndirmək barədə razılıq əldə ediblər. Razılaşma bəyanatda öz əksini bu şəkildə tapıb: “Xüsusi nümayəndələr, həm­çinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişafa uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb oluna­caq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıq­lı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prose­si heç bir ilkin şərt olmadan davam etdir­məyə razı olduqlarını təsdiqləyiblər”.

Görüşlə bağlı “X” platformasındakı hesabında paylaşım edən S.Kılıç Ermənis­tandan olan həmkarı ilə danışıqları kons­truktiv adlandırıb. “Biz Türkiyə–Ermənis­tan sərhədində, səhər Ermənistan tərəfində, günorta isə Türkiyə tərəfində danışıqların beşinci raundunu keçirdik. Münasibətlərin normallaşması prosesinin bütün aspektləri­ni və gələcək irəliləyiş imkanlarını kons­truktiv şəkildə müzakirə etdik ” – yazan S.Kılıç paylaşıma Rubinyanla görüşünün videosunu da əlavə edib.

Qeyd edək ki, R.Rubinyan və S.Kı­lıç çoxdan görüşmürdülər. Sonuncu dəfə 2022-ci il iyulun 1-də Vyanada keçirilən görüşdə xüsusi nümayəndələr Ermənis­tan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün ən qısa müddətdə Ermə­nistan–Türkiyə quru sərhədini keçmək im­kanı yaratmaq barədə razılığa gəlmişdilər. Bu istiqamətdə zəruri proseslərin başlana­cağı qərara alınmışdı.

Yada salaq ki, Ermənistan baş nazi­ri Nikol Paşinyan iyulun 26-da Armavir vilayətinə səfəri zamanı “Marqara” sər­həd-keçid məntəqəsinə gəlib, məntəqədə aparılan modernləşdirmə işləri ilə tanış olub. Layihənin ümumi dəyəri təxminən 2,5 milyon dollar təşkil edib.

ABŞ Dövlət Departamentinin mət­buat katibinin müavini Vedant Patel isə görüşdən əvvəl keçirdiyi brifinqdə xüsusi nümayəndələrin görüşünü şərh etməyib. “Bu, dövlət katibinin diqqət mərkəzində olan məsələdir və biz onunla məşğul olma­ğı fəal şəkildə davam etdirəcəyik” – deyə Patel bildirib.

Ermənistan tərəfinin Türkiyə ilə mü­nasibətləri normallaşdırmaq istiqamə­tində cəhdlər göstərməsinə, bu prosesi Azərbaycanla münasibətlərdən ayırmağa çalışmasına baxmayaraq, Ankaranın prin­sipial mövqeyindən bir addım da geri çə­kilməyəcəyi hər kəsə aydındır. Ermənistan və Azərbaycan arasında davamlı sülh əldə olunmadan, o cümlədən şərti sərhəddə təxribatlara son qoyulmadan və sərhədlə­rin delimitasiya və demarkasiya prosesi tam həllini tapmadan Türkiyənin “Alican” sərhəd-keçid məntəqəsini açacağı inandı­rıcı görünmür. Əgər İrəvan, həqiqətən də, Türkiyə ilə sərhədlərin açılmasını, qarşı­lıqlı gediş-gəlişin olmasını, o cümlədən iqtisadiyyatının böyüməsini təmin etmək istəyirsə, Azərbaycanla danışıqlar prosesi­ni sürətləndirməli, sülhə xələl gətirən ad­dımlardan əl çəkərək real yanaşma ortaya qoymalıdır.

Mövzu üzrə fikirlərini “XQ” ilə bö­lüşən “Qafqaz Strateji Araşdırmalar Mərkəzi” sədrinin müavini, siyasi elm­lər üzrə fəlsəfə doktoru Nazim Cəfər­soy bildirdi ki, görüş Türkiyənin Cənubi Qafqazda fəallaşdığını növbəti dəfə təsdiq edir. Ekspert görüşün motivləri arasında müxtəlif məqamların olduğunu düşünür. Onun sözlərinə görə, bu proses Türkiyə və Azərbaycanın koordinasiyası ilə aparı­lır. İki ölkə strateji müttəfiq kimi bölgədə əlaqələndirilmiş şəkildə hərəkət edirlər. Türkiyənin Ermənistanla münasibətləri bu koordinasiyanın əhəmiyyətli məqamların­dan birini təşkil edir:

“Görüşün ağla gələn ilk səbəbi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda müəyyən irəliləyiş­lər əldə olunub. Bəlkə də bu ilk baxışda nəzərə çarpmır. Amma mən pərdə arxasın­da müəyyən irəliləyişlərin olduğunu təx­min edirəm. Bu, görüş də, əslində, həmin irəliləyişlərə cavab vermək mahiyyətində Türkiyənin fəallaşmasını özündə əks etdi­rir. Ankaranın Cənubi Qafqazda fəallaşma­sı, heç şübhəsiz, bizim strateji maraqları­mıza uyğundur”.

Politoloq bildirdi ki, ikincisi, ABŞ-nin bu məsələ ilə bağlı Türkiyəyə yönəlik təş­viq və təkidlərinin rolu var. Çünki mövcud ABŞ administrasiyası, yəni demokratlar seçkilərdə qalib gəlmək üçün bütün im­kanlardan istifadə etməyə çalışırlar. Bura­da erməni lobbisinin dəstəyi xüsusi anlam qazanmağa başlayıb. Co Bayden admi­nistrasiyasının erməni diasporu ilə yaxın əlaqələri də yaxşı məlumdur. Bu çərçivədə erməni diasporunun dəstək vermək qarşı­lığında ABŞ-dən Ermənistanla bağlı bəzi tələbləri olur. ABŞ administrasiyası da Cənubi Qafqazda Ermənistanın durumunu yaxşılaşdıracaq, yaxud İrəvanı dəstəkləyə­cək bəzi addımlar atmağa çalışır. Bu çər­çivədə Türkiyəni təşviq, hətta bəzən ona təsir etməyə çalışırlar ki, Ermənistanla mü­nasibətləri normallaşdırma istiqamətində fəallaşsın: “Düşünürəm ki, Ankaranın bu fəallığının digər motivi Qərbdən, xüsusilə ABŞ-dən gələn təkid və təşviqlərdir. Xü­susilə, son dövrlərdə fəallığın artmasının bir səbəbi də Baydenin getməsi, Kamala Harrisin gəlməsi və demokratların seçkini udmaqla bağlı imkanlarının daha da artmış olmasıdır. Doğrudur, Tramp hələ də öndə­dir. Ancaq demokratlar Harrislə bərabər bu prosesdə şanslı ola bilərlər. Ona görə də amerikalılar bu istiqamətdə fəallaşma­ğa çalışırlar. Bu fəallaşma həm də Türkiyə istiqamətində, Ankaranın İrəvanla müza­kirələri aktivləşdirməsi fonunda cərəyan edir. Zənnimcə, bu da ikinci məqamdır”.

N.Cəfərsoy qeyd etdi ki, üçüncüsü, Ru­siyanın bölgədə fəallaşması özünü göstə­rir: “Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın yenidən ortaq plat­forma təklif etməsi cəhdini xatırlayaq. Bu da, təbii ki, Cənubi Qafqazda digər regio­nal aktor – Rusiyanın fəallaşması fonunda Türkiyənin aktivləşməsini gündəmə gəti­rir. Nəzərə almaq lazımdır ki, Rusiya həm Ermənistanla, həm də Azərbaycanla yaxşı münasibətlərə malikdir. Burada Türkiyə də fəallaşaraq, sanki buna cavab verir”.

Politoloqun fikrincə, dördüncüsü, fəal­laşan başqa güc Avropa İttifaqı, xüsusilə Almaniyadır. Azərbaycan və Ermənistan liderləri arasında 2024-cü il fevralın 17-də Münxendə Almaniya Kansleri Olaf Şolt­sun təşəbbüsü ilə görüş keçirilmişdi. Al­maniyanın timsalında Aİ-nin bölgədə fəal­laşması Türkiyənin də fəallaşmasını təmin edən səbəblərdən biridir.

Beşincisi, iyulun 30-da andiçmə mə­rasimi keçirilən İran Prezidenti Məsud Pezeşkianın “Tehran Tayms”a verdiyi müsahibədə xarici siyasətdə region ami­linə xüsusi önəm veriləcəyini xatırladan N.Cəfərsoy qeyd etdi ki, bu isə Tehranın həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərin inkişaf etdirilməsi məna­sına gəlir: “Təbii ki, İranın fəallaşması Ankaranın da aktivləşməsinə yeni impuls qazandırır. Dolayısı ilə sadaladığımız bu beş səbəb Türkiyənin də proseslərdə fəal­laşmasını gündəmə gətirir. Görüşün digər motivi isə ondan ibarətdir ki, “3+3” forma­tında müzakirələrin növbəti məkanı Tür­kiyə olmalıdır. Görüş xeyli müddətdir ki, ləngiyir. Ləngimənin əsas səbəblərindən biri də Ermənistanda buna qarşı çıxan­ların güclü olmasıdır. Sərhəddəki görüş həm də “3+3” formatı ilə bağlı etirazları və psixoloji baryeri azaltmağı, Ermənistan nümayəndəsinin görüşdə iştirakına nail ol­mağı da ehtiva edir”.

Politoloq onu da bildirdi ki, İrəvan–Bakı münasibətləri ilə bağlı həllini göz­ləyən 3 əsas məqam var. Bunlardan biri Zəngəzur dəhlizinin açılması, ikincisi Er­mənistan konstitusiyana dəyişiklik edil­məsi, üçüncüsü isə müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı­dır. Bu məsələlərin hər üçü Türkiyənin bir­başa içində olduğu və Ankaranı maraqlan­dıran mövzudur. Qoyulan məsələlər həllini tapmadan Türkiyə–Ermənistan münasibət­lərinin normallaşması istiqamətində uğurlu nəticələr əldə olunacağı problemdir. Əgər Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair bəyanatlarında səmimidirsə, bu istiqamətlər üzrə real ad­dımlar atmalıdır.

Səxavət HƏMİD
XQ



Siyasət