Provokatorun həbsi

post-img

Avropada radikal-sağçı ekstremistlərin tərəqqi etməsinin səbəblərini araşdıranlar bu kəsimdə qeyri-müəyyən qəzəbin yaratdığı davranışları müşahidə ediblər. Nifrətə, qəzəbə söykənən siyasi fəallığın mahiyyəti ondan ibarətdir ki, bu qruplar, partiyalar sabit deyil, dəyişkən və gözlənilməzdir. Onlar miqrantlara qarşı qəzəbləri, başqa irqə mənsublara, fərqli dinə sitayiş edənlərə qarşı ayrı-seçkiliyi ilə kütlədən seçilir, hər an hansısa cinayəti törətməyə hazır vəziyyətdə olan residivist kimidirlər. Bu ifrat sağçıları pulla şirnikləndirib hansısa qrupa, partiyaya, hətta ölkəyə qarşı siyasi fəaliyyətə cəlb eləmək o qədər də çətin deyil. Son vaxtlar “qoca qitə”nin qabaqcıl ölkələrində sonuncular çoxalmaqdadırlar. Stiven Kristofer də belələrindən idi... 

Cavabı bəlli olsa da, maraqlı sualdır: Niyə əqli cəhətdən şikəst adamlar, cəmiyyə­tin zibilləri həmişə erməni revanşistlərinin ətrafında toplaşır? Bu məzmunda kriminal xəbərləri oxuyanda belə təsəvvür yaranır ki, Avropanın hansı ölkəsindəsə kimsə “əzabkeş erməni xalqını” növbəti “soyqırımı”dan xilas etməyə çağırır. Bu mövzu hətta Ermənistanın özündə artıq bir qədər mənasızlaşıb, daha radikal şüarlar səsləndirmirlər. Fəqət, Avro­padakı, ABŞ-dakı diaspor heç cür reallığa təslim olmaq istəmir. Yenə Azərbaycanın adı ətrafında havanı qızışdırır, bu “özfəaliyyətə” qoşulmaq istəyən hər kəsi özünə cəlb edir. Adətən, daşnak-revanşist ermənilərə yan alanlar alovlu fırıldaqçılar, aşkar nasistlər, təcrübəli islamofoblar və bu qəbildən olan ünsürlərdir. 

İngiltərənin təhlükəsizlik qüvvələri Azərbaycanın Böyük Britaniyadakı səfirli­yinə qarşı dəfələrlə təxribatlar, qanuna zidd hərəkətlər etməyə çağıran Tommi Robinson kimi tanınan Stiven Kristofer Yaksli-Lenno­nu saxlayıb. Onunla birgə terrorçuluq ittiha­mı ilə başqa biri də həbs edilib. İndi istintaq ölkənin ən tanınmış sağçı fəallarından sayı­lan Robinson ətrafında araşdırma aparır.

Qeyd edək ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Böyük Britaniyadakı səfir­liyinə qarşı təxribatlara çağırıb. O, 25 may 2024-cü ildə Londonun Holland Park ərazi­sində Azərbaycan səfirliyi qarşısında islamo­fob və irqçi qüvvələrin hərəkətlərinə dəstək verib, tərəfdarlarını nümayişlərdə iştirak et­məyə çağırıb. Bu barədə müvafiq məlumat onun sosial şəbəkədəki rəsmi hesabında yer­ləşdirilib. 

Bu qrupun iyulun 20-də keçirdiyi ikin­ci mitinqdə “İslamçı Azərbaycan tərəfindən xristian ermənilərin soyqırımına qarşı dünya xristianlarının birləşməsi” çağırışı səslənib. Hüquq-mühafizə orqanlarının bu anti-Azər­baycan cəbhəsinin muzdlu üzvünə qarşı hərəkətə keçməsinə də bu çağırışları səbəb olub. 

Tommi Robinson kimdir? O, bir neçə dəfə məhkum olunub, üç həbs cəzası çəkib. Onun cinayətkar keçmişinə zorakılıq, maliyyə və imiqrasiya fırıldaqçılığı, narkotik maddələrin saxlanması və asayişi pozmaq kimi ittihamlar daxildir. Pobinson 2005-ci ildə hücuma görə, 2012-ci ildə ABŞ-yə daxil olmaq üçün saxta səyahət sənədlərindən istifadə etdiyinə görə və 2014-cü ildə ipoteka fırıldaqçılığına görə həbsxanaya düşüb. Deyəsən, onun budəfəki həbsxana həyatı uzun sürəcək. 

Sual yaranır: Azərbaycan ərazisində o xarakterli hərəkətlərə yol verən, çağırış­lar səsləndirən birisi dərhal saxlanılardı, ya yox? Əlbəttə! İngilislər bunu üçüncü cəhd­dən ediblər. Bəs, Fransada anti-Azərbaycan, islamofob, türkiyəfob çıxışların qarşısı niyə alınmır? Çünki Emmanuel Makronun idarə etdiyi Fransa nəinki belə qanunsuzluqlara göz yumur, əksinə onları təşviq edir. 

İ.HƏSƏNQALA
XQ

Siyasət