ABŞ Senatı revanşistləri “yemləməklə” nəyə nail olmağa çalışır?
Düşünürük ki, gündəmin əsas sualı budur: Fransadan, Hindistandan, ABŞ-dən hərbi-texniki və maliyyə dəstəyi alan Ermənistan, doğrudanmı, revanşist xəyallara qapılaraq ölkəmizə qarşı yeni müharibəyə hazırlaşır? Bu sorğunun arxasından digər suallar da boylanır. Misal üçün, Azərbaycanın COP29-a ciddi hazırlaşdığı ərəfədə İrəvanın şərti sərhəddə təxribata əl atması təsadüfdürmü? Yaxud, sülh prosesinə hərtərəfli dəstək və töhfə verməyə hazır olduğunu bəyan edən ABŞ nə məqsədlə Ermənistana hərbi xarakterli yardımlarını davam etdirir? Rəsmi Bakının əsəblərini tarıma çəkən bu kimi cavabsız sualların və İrəvanın şübhəli hərəkətlərinin heç bir halda bölgədə sülhə və əməkdaşlığa xidmət etməyəcəyi birmənalıdır.
Ermənistanın Hindistanla imzaladığı 600 milyon ABŞ dolları həcmində razılaşmaya əsasən, artıq yeni silah-sursat, eləcə də Fransadan zirehli texnika və HHQ üçün hücum silahları aldığı barədə yazmışıq. Üstəlik, Avropa İttifaqının Sülh Fondunun Ermənistana hərbi xarakterli 10 milyon avro həcmində yardımından sonra ABŞ Senatının İrəvana 65 milyon dollar ayırması daha ciddi suallar doğurur.
Bu həftə ABŞ Senatının Təxsisatlar Komitəsi bir sıra tədbirləri, o cümlədən, Ermənistana 65 milyon dollar yardım nəzərdə tutan 2025-ci maliyyə ili üçün Xarici Əməliyyatlar haqqında qanun layihəsini təsdiqləyib. Bu xəbəri səxavətlə paylaşan Erməni Assambleyası bildirir ki, pullar, guya, islahatlar və Avroatlantik inteqrasiya istiqamətində istifadə olunacaq. Qanun layihəsində o da qeyd olunur ki, komitə Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləyir Dövlət katibinə və USAID-in icraçı direktoruna ayrılan vəsaitlərin bölüşdürülməsi zamanı danışıqların vacibliyini nəzərə almağı tapşırır.
Erməni Assambleyasının Konqreslə əlaqələr üzrə nümayəndəsi Mariam Xaloyan isə yardımın məqsədini bu cür izah edib: “Ermənistan 2020-ci il müharibəsindən və Azərbaycanın “soyqırımı” siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 100 mindən çox erməninin axınından sonra böyük problemlərlə üzləşdiyi üçün ona, ən azı, 65 milyon dollar yardımın ayrılması vacibdir”. Yəni, Xaloyan Konqresin yardımını açıq-aşkar anti-Azərbaycan çalarları ilə boyamağa tələsib.
Vaşinqton birbaşa bu cür şərhlərə yol verməsə də, bunun mahiyyətindən nə qədər uzaq görünür? Maraqlı sualdır. Yada salaq ki, bu ilin aprelində Dövlət katibi Antoni Blinken Brüsseldə ABŞ və Aİ-nin Ermənistana hərtərəfli yardım göstərməyi öhdələrinə götürdükləri görüşün iştirakçısı olub. “Üçlər”in birgə bəyanatında üstüörtülü şəkildə Ermənistana yardım proqramında hərbi komponentin olması göstərilirdi. Həmin bəyanatda 2023-cü ilin sentyabrında Azərbaycandan Ermənistana könüllü köçənlər “məcburi miqrant” adlandırılıb.
* * *
Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi uğurlu antiterror tədbirindən sonra Qərb, xüsusilə də, ABŞ tərəfindən Ermənistana birtərəfli qaydada dəstək intensivləşməyə başladı. Digər məsələlərlə yanaşı, buraya ABŞ diplomatlarının, məsələn, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn və Dövlət Departamentinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bononun İrəvana ardıcıl səfərlərini daxil etmək olar. Artıq hamıya məlumdur ki, amerikalıların son aylardakı siyasi fəallığı Ermənistan qanunvericiliyindən Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaların çıxarılması şərtini yumşaltmaq üçün Bakıya təzyiq göstərmək istəyi ilə bağlıdır.
Vaşinqtonun məqsədi qonşularının ərazi bütövlüyünü təhdid etməmək barədə heç bir öhdəlik götürmədən Ermənistanın regional layihələrdə iştirakına nail olmaqdır. Azərbaycan, təbii ki, bununla razılaşa bilməz. Son vaxtlar ABŞ rəsmilərinin bəyanatlarında getdikcə ultimativ tonun güclənməsinin səbəbi budur. İş o yerə çatıb ki, Dövlət katibinin köməkçisi O’Brayn “Azadlıq” radiosuna müsahibəsində ermənilərin Azərbaycandan Ermənistana köçürülməsi şəraiti ilə bağlı, bir növ, müstəqil araşdırma aparılmasını məqbul sayıb. Həmin açıqlama ilə eyni vaxtda ABŞ-nin “insan haqları” üzrə təşkilatı “Freedom House”un hesabatı dərc olundu. Həmin hesabatda Azərbaycan Qarabağdakı erməni əhalisinə qarşı “etnik təmizləmə”də ittiham olunur. Hələ bundan əvvəl ABŞ Dövlət Departamenti dünyada dini azadlıqlarla bağlı xüsusi hesabatında Azərbaycanı “nəzarət altında olan ölkələr” siyahısına daxil etmişdi. Bu yaxınlarda İrəvanda işgüzar səfərdə olan ABŞ Dövlət katibinin müavini Uzra Zeya Ermənistan KİV-ə müsahibəsində 2023-cü ilin sentyabrında ermənilərin Azərbaycandan Ermənistana könüllü köçürülməsi ilə bağlı birmənalı olmayan qiymətləndirməyə yol verib. Yeri gəlmişkən, bundan sonra Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun xüsusi nümayəndəsinin çalışacağı barədə məlumatı məhz Uzra Zeya vermişdi.
Sadaladıqlarımıza bu yaxınlarda başa çatmış ABŞ–Ermənistan birgə hərbi təlimlərini də əlavə etsək, yaxın vaxtlarda okeanın o tayından üzüb gələn zolaqlı-ulduzlu gəminin dənizlərə çıxışı olmayan Ermənistan “sahillərinə yan almasının” şahidi olacağıq. Əslində, bu qüsurlu improvizə iki ölkə arasında münasibətlərdəki asimmetriyanı, Vaşinqtonun Cənubi Qafqazda ədalətli sülh və sabitliyin bərqərar olmasında maraqlı tərəf olmadığını nümayiş etdirir. Bunun tamamilə əksinə olaraq, reallıq onu deyir ki, ABŞ Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin qorunub saxlanmasında nəinki maraqlıdır, hətta onun inkişafına töhfə verir. Erməni xalqı isə öz tarixində artıq neçənci dəfədir ki, böyük yırtıcıları yemləyən, amma sonda özü ac qalan “oyuncaq yalquzaq” rolunda çıxış edir.
* * *
Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması, ikitərəfli sülh danışıqlarının dinamikası barədə həmişə nikbin və həvəslə danışan ABŞ Dövlət Departamentinin rəsmisi bu dəfə, nədənsə, mövzuya ehtiyatlı yanaşıb. Bu barədə jurnalistin sualını cavablandıran Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Ermənistan–Azərbaycan məsələsində irəliləyişin mümkünlüyü barədə danışmaqdan çəkinib. O, sadəcə, “bu, həm Dövlət katibi Antoni Blinkenin, həm də koordinator Luis Bononun fəal şəkildə davam etdirdiyi məsələdir, amma məndə hər hansı yeni xəbər və ya cədvəl yoxdur”.
Hazırkı məqamda baş verənlərin bir qədər fərqli, daha praqmatik izahı da var. Ağ evdəki demokratların administrasiyası ABŞ-dəki erməni diasporunun səslərini qazanmaq üçün mübarizə aparır. İntəhası, təcrübə onu göstərir ki, ermənilərin səsini alıb seçkilərdə qalib gələn demokratlar hakimiyyətlərinin birinci yarısında dəstəkçilərinin maraqlarını qorumaqda o qədər də canfəşanlıq etmir, nisbətən praqmatik davranmağa çalışırlar. Onlar erməniləri bir də növbəti seçkilərdə xatırlayırlar. Fəqət, oyuncaq “yalquzaq” missiyasını icra edən ermənilər başlarına gələnlərdən dərs almaq istəmirlər.
Qarşı tərəf anlamır, ya da anlamaq istəmir ki, yeni müharibə Ermənistanın sonu demək olacaq. Azərbaycanın müzəffər Ordusu hazırda şərti sərhəddə, eləcə də bölgədə hərəkətdə olan hər şeyə və bütün prosesə nəzarət edir. Hadisələrin hansı məcrada gedəcəyindən asılı olaraq, Azərbaycan Ermənistanla hər an, həm də son döyüşə hazırdır. Amma biz müharibə deyil, sülh, əməkdaşlıq, normal münasibətlərin bərpasını istəyirik.
Sonda yazının əvvəlində qoyduğumuz sualın üzərinə qayıdırıq. Ermənistan öz davranışı və təxribatları ilə, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə, həqiqətənmi, bölgəni yeni müharibəyə sürükləyir? Deməli, Azərbaycan müharibəyə hazır olmalıdır. Arzulamasaq da, bu, bizim üçün növbəti, Ermənistan üçün isə son döyüş ola bilər.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı:
– Müstəqilliyimizi qazandıqdan bu yana ABŞ Konqresi dəfələrlə Azərbaycan əleyhinə qərarlar qəbul edib, açıqlamalar verib. Əlbəttə, burada erməni lobbisinin
gücünü danmaq olmaz. Konqresmenlər bəzən bu gücdən sui-istifadə edir, ədalətsiz mövqe sərgiləyirlər. Yəni, hər zaman haqlını haqsız çıxarmağa çalışıblar. Doğrudur, Ağ ev, Dövlət Departamenti bu gücü malalamağa çalışırlar, amma onlar bədnam 907-ci düzəlişin ABŞ-nin Cənubi Qafqazla, Azərbaycanla əməkdaşlığına mənfi təsir göstərdiyini konqresmenlərə başa sala bilərdilər.
Əgər Vaşinqton bölgədə maraqlarını qorumaq istəyirsə, Azərbaycana qarşı addım atmamalıdır. İkili yanaşma yenə davam edir. Bir tərəfdən Ermənistana 65 milyon dollar yardım edir, digər tərəfdən iki ölkə arasında moderator ola biləcəyini açıqlayır. Bakı Vaşinqtonun moderatorluğundan imtina eləmir, fəqət Konqresin bu cür davranışına Ağ evin səssiz qalması, bəzi hallarda isə Dövlət Departamenti rəsmilərinin qanunverici orqanda ermənilərə dəstək ifadə etmələri həm ABŞ–Azərbaycan münasibətlərinə mənfi təsir göstərir, həm də Vaşinqtonun arzuladığı Cənubi Qafqazda möhkəmlənmək siyasətini iflasa aparır. Bölgənin əsas dövləti Azərbaycandır və bizimlə əməkdaşlıq qurmadan burada möhkəmlənmək qeyri-mümkündür. Necə ki, Fransa anti-Azərbaycan siyasəti ucbatından Cənubi Qafqazdan əlini üzməli olacaq. Halbuki, keçmişdə Parislə ikitərəfli münasibətlər normal idi və bölgədə varlığını qoruyurdu.
Nə ABŞ, nə Fransa, nə də Hindistan yalnız Ermənistan üzərindən Cənubi Qafqazda “lövbər sala” bilər. Əksinə, onların mövqeləri daha da zəifləyəcək. Bu üçlüyün Ermənistanı silahlandırmasının arxasında başqa məntiq də gizlənir. Bu siyasət tək Azrbaycana qarşı deyil, bütövlükdə, Türk dünyasına qarşı həmlədir. Bəzi mərkəzlər Türk dünyasının möhkəmlənməsindən bərk narahatdırlar. Azərbaycana qarşı bu cür qərarlar həm də Türkiyəyə, Mərkəzi Asiya ölkələrinə qarşıdır.
Ermənistanın silahlanmasına gəldikdə isə rus yazıçısı Çexovun sözü ilə desək, birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq. Eləcə də məğlub və kasıb Ermənistanın bu cür silahlanması nəyə gətirib çıxara bilər? Amma bu dəfə Azərbaycan tarixi torpaqlarına gedib çıxa bilər.
İmran BƏDİRXANLI
XQ