Liderlik missiyası

post-img

III MƏQALƏ

Liderlik insanlara öz ideyalarını həyata keçirmək imkanı yaratmaq məharətidir.

Set QODİN

Liderlikdə tarixilik və ideyalılıq

Liderlik strategiyasında milli ideyaya xü­susi önəm verməsi məsələsində Henri Kissin­cerlə tam razılaşırıq. Çünki liderlik o zaman tarixi olur ki, onun daşıdığı ideya tarixi döv­rün məzmunu və məqsədi ilə uyğunluq təşkil edir. Məsələnin bu tərəfi xeyli politoloji və fəlsəfi mürəkkəbliyə malikdir və izaha ehti­yacı vardır.

Aydındır ki, liderlikdə tarixilik adi xro­nologiya və ya zaman fokuslanması deyildir. Burada “tarixilik” liderin fəaliyyət göstərdiyi dövrdə onun zaman ritmini tutaraq, uğurlu yol seçməsi, qarşısına real məqsəd qoyması və ona nail olmağın səmərəli mexanizmlərini tapmasıdır. 

Nümunə kimi, Atatürkün dünyanın bütün liderlərindən fərqli olaraq dövründə zamanın ritmini dəqiq tutmasını və bu əsasda Vətə­ni üçün uğurlu olan yolu müəyyən etməsini göstərə bilərik. Atatürk Qərb liderlərinin görə bilmədiyi situasiyanı öz ölkəsinin ma­raqları prizmasında aydın gördü. Buna uyğun olaraq, türk millətinin tarixi mübarizə ruhu­nu qiymətləndirdi və onu savaş meydanına qorxmadan, inamla, çəkinmədən apardı. Atatürkün milli ideyası “Türk milləti istila altında yaşaya bilməz!” prinsipi idi. Onu hə­min dövrdə Uinston Çörçill qədər dərindən anlayan ikinci siyasi lider olmadı. U.Çörçill, bəlkə də, zahirən kədərli, lakin uzaqgörən li­der kimi daxili səmimi etirafı ilə bir dəfə de­mişdi: “Biz, Atatürkdən başqa hər şeyi nəzərə almışdıq!”

Atatürk savaşdan sonra da milləti üçün milli ideyanı müəyyən etdi: “Yurdda sülh, cahanda sülh!” Bu ideya artıq müstəqil və qürurlu türk dövlətinin ənənəyə uyğun ola­raq daxili sabitliyi, düzəni və tərəqqini bütün dünyaya yaymaq istəyinin bir cümlədə ifadə­si idi! 

Başqa bir nümunə Heydər Əliyevdir. Ərazicə kiçik olan bir ölkəni tarixi baxım­dan qısa bir müddətdə regionun perspektivli müstəqil dövlətinə çevirdi. Bunu “Azərbay­canın ərazi bütövlüyü təmin edilməlidir!” milli ideyası ilə etdi! Bəlkə də dünya tarixin­də Heydər Əliyev qədər çətin şərtlər altında liderlik edən ikinci şəxs olmayıb. Demək olar ki, eyni vaxtda Heydər Əliyev həm özü­nü, həm də çox sevdiyi Vətənini yenidən yaratdı. Moskvada və Bakıda aldığı müxtəlif zərbələrdən nəinki əyilmədi, onları özü üçün yeni gücə, qüvvətə və iradəyə çevirdi. 

Heydər Əliyev bu nümunəsi ilə dünya liderlik tarixində həmişə öz yerini tutacaq­dır. Eyni zamanda, Heydər Əliyevin tarixi liderliyini anlamaq üçün böyük əhəmiyyəti olan özündən sonra yeni tarixi lider hazırla­masından ibarətdir. XX əsrdə ikinci belə bir nümunə yoxdur.

Nəhayət, liderliyn tarixiliyi haqqında H.Kissincerin yazdıqları kontekstində Sinqa­purun keçmiş başçısı Li Kuan Yunu xatırla­maq olar. O, Sinqapuru müstəmləkədən qısa müddətdə azad edərək inkişaf paradiqması əsasında yeni milli ideya ilə sürətli inkişaf xəttinə çıxara bildi. İndiyə qədər də Sinqapur Li Kian Yunun inkişaf paradiqmasına uyğun tərəqqidədir. Orada yalnız yeni milli ideya yaradan hələ yoxdur. Bu da o deməkdir ki, Sinqapur Li Kian Yunun inkişaf paradiqması üzrə onun müəyyən etdiyi ideya çərçivəsində yoluna davam edir. 

Belə alınır ki, tarixi liderlikdə milli ideya əsas hərəkətverici və motivəedici faktordur. Eyni zamanda, burada başqa bir prinsipial şərt də vardır. Milli ideya tarixi uğurluluq baxımından birbaşa strategiya məsələsinə bağlıdır. Liderliyin tarixiliyi ancaq strateji kontekstdə real məzmun ala bilir. Çünki ta­rixilik həm bir dövrü, həm də fəaliyyətin nə­ticələri baxımından uzun müddəti əhatə edir. Ona görə də liderliyin stratejisi liderliyin tarixiliyinin başlıca təminedici faktorudur. Burada “tarixilik” anlayışı kontekstində bir paradoks vardır. 

Liderlik stratejisi və milli ideya

Paradoks ondan ibarətdir ki, lider eksk­lüziv fəaliyyətində, adətən, keçmişə aid olan tarixiliyi elə müasirləşdirməlidir ki, qarşıya qoyulan strateji hədəfə çatmaqda “tarixi rol” oynasın. Tarixi yalnız keçmiş təcrübə kimi deyil, müasir aktual faktor kimi gerçəkləşdir­mək isə yalnız liderliyin düzgün strategiyası­nı müəyyən etməklə mümkün olur. Eyni za­manda, istənilən halda lider özündə mənsub olduğu cəmiyyətin keçmişlə bağlı “tarixili­yini daşıyır”. Deməli, təməldə lider mütləq tarixiliyin hər iki aspektinin harmoniyasına nail olmalıdır. Bu məqamda tarixiliyin stra­tejiyə, strategiyanın isə tarixiliyə ciddi qarşı­lıqlı ehtiyacı məsələsi ortaya çıxır. 

Liderin tarixi xidmətlərindən biri də elə strategiya hazırlamasıdır ki, o, daim keçmişi özündə daşımaqla milləti gələcəyə istiqamət­ləndirsin. Burada isə tarixi, sosial, kültürəl məqamlarla yanaşı, topluma xas olan kollek­tiv psixoloji özəlliklə yanaşı, fərdi psixologi­yanın nisbəti aktuallaşır. Azərbaycan cəmiy­yətində bunun xüsusi məzmunu vardır. Bir elmi araşdırmanın işığında həmin aspektdə bir sıra məqamları aydınlaşdırmaq mümkün­dür. 

Holland sosioloqu Hert Hofsted XX əs­rin 60-70-ci illərindən başlayaraq 2003-cü ilə qədər mədəni faktorların cəmiyyətin üzvləri­nin dünyagörüşünə, psixologiyasına, o cüm­lədən zaman təsəvvürlərinə təsirlərini ekspe­rimental öyrənmişdir. O bir sıra mədəniyyət və sosial-psixoloji məqamlara nəzər salmış­dır. Bura qeyri-müəyyənlikdən cəmiyyətin qaçışı, zamana münasibəti (keçmişə, indiyə və gələcəyə), uzunmüddətli istiqamətlənmə qətiyyəti, strateji təfəkkür və s. 

H.Hofsted araşdırmasını həmkarları ilə birgə İBM şirkətinin 40 ölkədəki ofislərində çalışan və müxtəlif millətlərdən olan 116 min işçi üzərində aparmışdır. Detallara getmədən qısa nəticələrə baxaq. Məlum olmuşdur ki, xalqların zamana münasibəti onun üzvlərinin həyat psixologiyasına ciddi təsir edir. Qey­ri-müəyyənliyi sevməyən xalqlarda keçmişə bağlılıq yüksək olur. Onlar ailə, qruplararası münasibətlərə üstünlük verirlər. Bununla ya­naşı, onlarda uzagörənlik inkişaf etmiş olur. Strateji təfəkkür geniş yayılmasa da, güclü ola bilir. Eyni zamanda, keçmişinə çox bağlı olan toplum yeni ideyaları asan qəbul etmir. Bunun üçün onu yüksək səviyyədə inandır­maq və yeniliyin ədalətli olduğuna əminlik yaratmaq gərəkdir.

Bundan başqa, araşdırma göstərmişdir ki, hakimiyyətlə insanlar arasında “psixoloji məsafə” də kollektiv qərarlar qəbul edilmə­sində ciddi rol oynayır. Hakimiyyətlə xalqın yaxın olduğu şərtlərdə yeni ideyaya keçid asan olmur. Məsələ inamsızlıqda deyildir, məsələ liderlə özünü bütövləşdirən toplumun yeni ideoloji mövqedə meydana gələ biləcək qeyri-müəyyənlikdən çəkinməsindədir. 

Daha dərinliklərə baş vurmadan siyasət baxımından əhəmiyyəti olan bir məqamı da vurğulayaq. Kollektivçiliyin üstünlük təşkil etdiyi cəmiyyətləri universal uğurlu kollek­tivçilik modelinə gətirmək olmur. Bunun səbəbi kollektiv davranış haqqında hər cə­miyyətin öz təsəvvürlərinin olmasıdır. Ya­pon kollektivizmində kollektiv davranışın təməlində cəmiyyət qarşısında borc hissinin olması dayanır – “Yapon xalqa borcludur” bir mənəviyyat prinsipidir. Çində isə kollektiv davranışın kökündə ailə qarşısında borc hissi dayanır. Buna görə də yapon şirkəti çinlinin ailə maraqlarını şirkətin maraqlarından üstün tutması səbəbindən ona inanmır!

Azərbaycan cəmiyyətinin bütün bu pa­rametrlər üzrə öz kriteriyaları mövcuddur. Azərbaycanlı həm ailəsinə, həm də Vətəninə bağlıdır. Bizim kollektiv davranışlarımızı hər iki faktorun qarşılıqlı əlaqəsi motivə edir. Za­mana münasibətdə keçmişə daha çox bağlı­yıq. Ona görə də qeyri-müəyyənliyi sevmirik – hər şey aydın, dəqiq və konkret əxlaq çər­çivəsində olmalıdır. Azərbaycanlılar öz haki­miyyətlərini çox yaxın qəbul edirlər. Onunla psixoloji olaraq bütövləşdiklərini təsəvvür edirlər. Bu da təbii olaraq kollektiv miqyas­da ədalət anlayışını ön plana çıxarır. Azər­baycanlılar ədaləti bütün toplum miqyasında qəbul edirlər. Onlar bu səbəbdə istənilən növ ədalətsizliyə, ilk növbədə sosial, siyasi, dini və əxlaqi ədalətsizliyə çox həssas yanaşırlar. 

Bu şərtlr daxilində Azərbaycanda mil­li ideyanı düzgün müəyyən etməklə yanaşı, onu yeniləşdirmək də olduqca çətin məsələ­dir. Ulu öndər Heydər Əliyev öz dövründə bunu dəqiq nəzərdə tutmuşdur. Çünki hər bir azərbaycanlı üçün ərazi bütövlüyünün təmi­ni həm şəxsi, həm də kollektiv miqyaslarda ən ədalətli hadisə olmalı idi. Azərbaycanlılar Qarabağın azad edilməsini ədalətin bərpa­sı kimi qəbul edirlər. Burada həm keçmişə, həm də gələcəyə hörmət hissi azərbaycan­lılarda dərindədir. Çünki torpaqları azad etməklə həm də keçmişi azad etmiş oluruq. Gələcək isə təmiz keçmiş üzərində azərbay­canlı üçün perspektivlidir. 

Bütün bu nəticələrin əldə olunması üçün azərbaycanlılar kollektiv səviyyədə inamlı, yüksək qabiliyyətli, qətiyyətli strateji təfək­kürə malik liderin mövcudluğuna tam inan­dılar. Onlar əmindirlər ki, strateji təfəkkür olmadan qalıcı uğur əldə etmək mümkün deyildir. Ulu öndərin strateji zəkası azərbay­canlıların bu inamını daha da artırdı. 

Nəticə

Qısa sosial-psixoloji xarakteristikadan tarixi liderlik kontekstində iki mühüm nəticə çıxarmaq olar. Onlardan biri yeni tarixi mər­hələdə yeni milli ideyanın cəmiyyət tərəfin­dən qəbul edilməsidir. Digəri liderin strateji zəkasının təsir dərəcəsinin miqyasıdır. Fikri­mizcə, bu iki komponentin qarşılıqlı əlaqəsi yeni tarixi mərhələdə liderliyin tarixiliyini məzmunlaşdıran başlıca faktorlar olacaqdır. 

Yeni milli ideyanın cəmiyyət tərəfindən qəbul edilməsinin də iki tərəfi vardır. Birin­cisi, yeni milli ideya ictimai fikrin və psixo­logiyanın xüsusyyətlərinə uyğun olmalıdır. İkincisi, toplum onun həyata keçməsinin real olacağına inanmalıdır. Birinci aspekt­lə bağlı Prezident İlham Əliyev çox uğurlu addım atmışdır. Bu addım dövlət başçısının milli ideyanı cəmiyyətin geniş müzakirəsinə çıxarması ilə əlaqəlidir. Proseslər göstərir ki, toplum mövzuya həssaslıqla yanaşır və çox sayda təkliflər meydana gəlmişdir. 

Azərbaycan cəmiyyəti artıq yeni mil­li ideyanın zəruriliyinə tam inanır və onun dəqiq müəyyənləşdirilməsini gözləyir. Bu, olduqca müsbət məqamdır. Çünki cəmiy­yət liderin ölkənin və dövlətin gələcəyi ilə bağlı mövqeyini qəbul etməklə yanaşı, bu istiqamətdə atacağı addımları da dəstəkləyir. 

Bu, dövləti idarəetmə mexanizmlərini inkişaf etdirməkdən tutmuş, parlamentdə ye­niliklərin aparılması və sosial-iqtisadi sahədə həyata keçiriləcək proqramlara qədər bütün sferaları əhatə edir. Bununla milli ideyanın yenilənməsi faktoru Azərbaycan Preziden­tinin lider kimi fəaliyyətinin inklüziv legi­timliyi olan proses olaraq toplum tərəfindən qəbul edilməsidir. Sonrakı, daha məsuliyyətli mərhələ üçün, yəni yeni milli ideyanı tam reallaşdırmaq dövrü üçün möhkəm təməldir! 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət