Qayıdışın növbəti ünvanı Kərkicahandır!

post-img

Ermənistan ötən əsrin 80-ci illərinin sonunda Qərbi Azərbaycandakı yüzminlərlə soydaşımızın öz tarixi torpaqlarından zorla qovulması prosesini yekunlaşdırdıqdan sonra torpaqlarımızı qəsbinə başladı. İşğalçıya qanlı sovet imperiyası rəhbərləri tərəfindən açıq dəstək göstərilməsi azğınlaşmış düşmənin iştahasını daha da artırır, onları illərlə gizli hazırladıqları planlarının icrasına şirnikləndirirdi. Hədəf Qarabağ və Şərqi Zəngəzurun barlı-bərəkətli ərazilərini ələ keçirmək, bu torpaqların əbədi-əzəli sakinləri olan azərbaycanlıları yurd-yuvalarından didərgin salmaq idi. Üstəlik, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi, ölkədə hökm sürən xaos, özbaşınalıq, hakimiyyətsizlik Qarabağı sahibsiz, dinc, əliyalın azərbaycanlıları isə gündən-günə azğınlaşan erməni faşistləri qarşısında Allahın ümidinə qoymuşdu.

Yaranmış fürsətdən istifadə edən ermənilərin qanlı cinayətlərinin qurbanına çevrilmiş ilk yaşayış məntəqələrindən biri də Xankəndi şəhə­rinə bitişik olan Kərkicahan qəsəbəsi oldu. Düşmənə mərdliklə müqa­vimət göstərilməsinə baxmayaraq bu yaşayış məntəqəsinin müdafiəsini uzun müddət davam etdirmək mümkün olmadı. Yerli əhalidən ibarət özünümüdafiə dəstəsi, polis və yenicə yaranmış Azərbaycan Ordusu­nun zəif silahlanmış bir qrup əsgəri quduzlaşmış erməni cəlladlarının hərbi texnika və ağır silahlarla Xankəndi istiqamətindən qəsəbəyə doğ­ru şiddətli hücumları nəticəsində geri çəkilməyə məcbur oldu, beləliklə, Kərkicahan 1991-ci il dekabrın 28-də işğal edildi...

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı qazandığı tarixi qələbələr dünyanın harasında yaşa­masından asılı olmayaraq on milyonlarla azərbaycanlıya olduğu kimi, respublikamızın 35 şəhər və rayonunun ərazisində müvəqqəti məskun­laşmış 2500-dən artıq kərkicahanlıya da sonsuz sevinc və qürur bəxş etdi, onların doğma yurd həsrətinə son qoydu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, er­məni barbarları tərəfindən tamamilə dağıdılmış yaşayış məntəqələrimi­zin daha gözəl və müasir memarlıq layihələri əsasında yenidən tikil­məsi, Böyük Qayıdışa start verilməsi dövlətimizin bu sahəyə prioritet istiqamət kimi yanaşmasının təzahürüdür.

2023-cü il oktyabrın 15-də Ağdərə, Xocalı və Xankəndidə müqəddəs üçrəng­li bayrağımızı ucaldan Azərbaycan Prezi­denti həmin gün Kərkicahan qəsəbəsində də oldu və dövlət başçısının tapşırığına əsasən, qısa vaxtda burada bərpa-qurucu­luq işlərinə başlandı. Hazırda ilkin mər­hələdə 50 fərdi yaşayış evinin bərpası və zəruri infrastrukturun yaradılması is­tiqamətində işlər sürətlə davam etdirilir, kərkicahanlılar isə ən qısa zamanda hə­mişəlik öz yeni ev-eşiklərinə dönəcəkləri günün həyəcanını yaşayırlar.

Böyük Qayıdış ərəfəsində hansı hisslər keçirdiklərini öyrənmək, onların sevincinə şərik olmaq üçün bugünlərdə Gəncə şəhə­rində Kərkicahan sakinlərinin kompakt məskunlaşdıqları yataqxanalarda olduq, keçmiş məcburi köçkünlərlə görüşdük. Söhbət zamanı kərkicahanlılar bildirdilər ki, öz ata-baba yurdlarına qayıdacaqları günü uşaqdan böyüyə hamı bir nəfər kimi səbirsizliklə gözləyir. 

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının, dövlət başçımızın ifadə etdiyi kimi, ta­rixi ədalətin bərpa edilməsinin əvəzolun­maz duyğular bəxş etdiyini vurğulayan sakinlərdən bir neçəsi artıq Kərkicahana getmək, o müqəddəs torpaqları yenidən görmək və qəsəbədə aparılan tikinti işləri ilə tanış olmaq imkanını qazanıblar. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. İndi kərkicahanlılar ha­mılıqla əmindirlər ki, möhtərəm Prezi­dentimizin diqqəti və qayğısı sayəsində ata-baba yurdlarındakı evləri tezliklə, özü də yüksək keyfiyyətlə tikilib, təmir olunub onların istifadəsinə veriləcək.

Qəsəbə inzibati ərazi dairəsi üzrə nü­mayəndə Dərgah Haqverdiyev sakinlərin sevinclə Böyük Qayıdışa hazırlaşdıqlarını bildirdi: “2546 nəfər kərkicahanlıdan 942 nəfəri, yəni 276 ailə 33 ildir ki, Gəncə Dövlət Kollecinin və Gəncə Dövlət Uni­versitetinin yataqxanalarında məskunlaşıb: “Biz uzun illər ağır yataqxana şəraitində yaşasaq da, hər zaman dövlətin qayğısını hiss etmişik və Prezident İlham Əliyevin Qarabağı, Şərqi Zəngəzuru erməni işğa­lından azad edəcəyinə ümidimizi itirmə­mişik. İndi Kərkicahana qayıdış ərəfəsində sevincimizin həddi-hüdudu yoxdur. Təsəv­vür edin ki, son günlər nümayəndəliyə edilən bütün müraciətlər eyni məzmunda­dır: Biz tezliklə öz yurdumuza qayıtmaq istəyirik!”.

Tarixi zəfərimiz sayəsində məkanı uca, müqəddəs şəhidlərimizin də qisası alındı, torpaqlarımızın azadlığı uğrunda canın­dan keçmiş minlərlə Vətən övladının ruhu dinclik tapdı, şəhid ailələrinin yanan ürək­lərinə su çiləndi. Qeyd edək ki, Kərkicahan qəsəbəsi yağı düşmənlə savaşda 34 şəhid verib. Yataqxanalarda müvəqqəti məskun­laşmış sakinlər arasında şəhid ailələrinin də yaşadığını öyrəndikdə onlarla görüş­məyi özümə borc bildim. Qonağı olduğum I Qarabağ müharibəsi veteranı Ayaz Səli­mov dedi ki, qardaşı, 1970-ci il təvəllüd­lü Rafael Səlimov erməni vəhşiliyinin ilk qurbanlarından olub.

Hələ 1988-ci ildə Qarabağda separa­tizmin təzahürləri yeni-yeni özünü göstər­məyə başlayanda Xankəndidəki Qarabağ İpək Kombinatında fəhlə işləyən Rafael er­mənilər tərəfindən vəhşicəsinə döyülərək zirzəmiyə salınıb. Onu çox çətinliklə xi­las etmək mümkün olub. Ancaq məcburi köçkün düşdükdən sonra torpaqlarımızın işğalı ilə barışmayan Rafael polis sıraları­na daxil olub və Şuşa polis batalyonunun tərkibində cəbhə xəttinə qayıdıb. 1994-cü il yanvarın 5-də Ağdərə rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə şə­hidlik zirvəsinə ucalıb. Atası Elyas kişi də, anası Şəfiqə də övladlarının itkisinə döz­məyərək vaxtsız dünyalarını dəyişiblər. İndi Ayaz Səlimov torpaqlarımızın işğal­dan azad edilməsi, Kərkicahana tezliklə köçün başlaması qədər də qardaşının qa­nının alınmasına sevinir. Sevinir ki, qisas qiyamətə qalmadı...

Ayazla söhbətimizə qonşuluqda ya­şayan şəhid ailəsinin üzvü, həyat yoldaşı Vəkil Şükürov 1991-ci il dekabrın 28-də, Kərkicahanın işğal günü ermənilər tərə­findən xüsusi qəddarlıqla qətlə yetirilmiş Sevil Şükürova da qoşuldu. Bildirdi ki, yaşadıqları acı günləri unutmaq mümkün olmasa da, o da Kərkicahana qayıdacağı üçün sonsuz sevinc içindədir: “Həyat yol­daşım Şuşada Şərq musiqi alətləri fabri­kində usta işləyirdi. Hadisələr başlayandan sonra gündüzlər işə gedir, axşam qayıdan­dan sonra isə digər kişilərlə birlikdə postda dayanıb qəsəbəni erməni quldurlarından qoruyurdu. Kərkicahanın işğal edildiyi gün şəhid oldu. Ermənilər onu ələ keçi­rib işgəncə vermişdilər. Başına, bədəninin müxtəlif yerlərinə vəhşicəsinə küt alətlərə zərbələr endirib, sonra da güllələmişdilər. Bu gün artıq onun da ruhu şaddır. Allah Prezidentimizi qorusun, Ordumuzu var etsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

S.Şükürova bir arzusunu da dilə gətir­di. Bildirdi ki, əgər Şuşada həmin fabrik yenidən yaradılarsa, orada şəhid həyat yol­daşının xatirəsinin əbədiləşdirilməsi ailəsi və bütün kərkicahanlılar üçün böyük təsəlli olardı.

Gəncədə məskunlaşmış daha bir Kər­kicahan sakini, istefada olan polis polko­vnik-leytenantı Təranə Şahmuradova ilə həmsöhbət olmağımın isə xüsusi bir səbəbi vardı. Çünki Şahmuradovlar Qarabağ mü­haribəsinin bütün dəhşətlərini yaşayıb, ailə 3 övladını itirib: 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı Təranə xanımın qardaşı Natiq şəhid olub, digər qardaşı Namiq itkin düşüb. Elə həmin il noyabrın 8-də isə həyat yoldaşı Tahir Zeynalov da Ağdərə istiqamətində gedən döyüşlərdə Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Bu qədər ağır itkilərə rəğmən, T.Şahmu­radova əzmini itirməyib, şəhid və itkin qardaşlarının yolunu davam etdirmək üçün polis olmağa, bununla özünü ovutmağa, sakitləşdirməyə qərar verib. Təranə xa­nım bu arzusuna Ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı sayəsində çata bilib. 

Uzun illər polis orqanlarında ləyaqət­lə xidmət etmiş Təranə xanım qüdrətli ordumuzun şanlı qələbələrindən bütün xalqımız kimi qürur, fəxarət hissi keçirdi­yini qeyd edərək bildirdi ki, indi iki arzum qalıb: “Möhtərəm Prezidentimiz, Müzəf­fər Ali Baş Komandanımız İlham Əliyev Xankəndidə bayrağımızı ucaldanda, Kər­kicahana gedəndə keçirdiyim hissləri söz­lə ifadə etmək mümkün deyildi. Sevinc və həyəcan boğurdu məni. Xoşbəxtəm ki, Vətənim sevinc içindədir, şəhidlərimin qanı axdığı torpaqlarımız azaddır. İndi ən böyük arzum Kərkicahana qayıdıb orada ata yurdunun çırağını yandırmaqdır, itkin düşmüş qardaşım Namiqin taleyindən xə­bər tutmaqdır...”. 

İnanırıq ki, tezliklə Kərkicahanda ev­lərin ocaqları qalanacaq, işıqları bir daha sönməyəcək. Cavanşirlər və Həsənbəylər nəsillərinin övladları yenidən doğma tor­paqlarının əbədi sakinlərinə çevriləcəklər.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri





Siyasət