Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən bildiriblər ki, bu günlərdə təhsil ocağının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Mübarizəmin salnaməsi” adlı kitabı işıq üzü görüb.
Məhərrəm Zülfüqarlı 70 illik yubleyi münasibətilə nəşr etdirdiyi kitabın “Ön söz”ündə xeyrin şər üzərində qələbəsinə inandığını, yaşanmış ömrün hər dönəmində xeyirxahlığı həyat amalı bildiyini xüsusi vurğulayıb. “Nəslin şəcərəsi” fəslində ata tərəfdən Cənubi, ana tərəfdən isə Şimali Azərbaycanla bağlılığı faktını diqqətə çatdıran müəllif bütöv Azərbaycanın övladı olduğundan qürurlandığını yazıb.
Kitabın digər fəsilləri “Məktəb illəri (1961–1972)”, “Tarix fakültəsinin tələbəsi (1972–1977)”, “Dövlət təyinatı ilə kənddə orta məktəb müəllimi (1977–1980)”, “Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialının müəllimi (1981–1992)”, “Gərgin siyasi fəaliyyət dövrü (1988–2004)”, “Milli QHT Forumu ilə əməkdaşlıq və İctimai Problemlərin Tədqiqi Assosiasiyasının təsis edilməsi (2005–2020)”, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında (AVCİYA) fəaliyyət (2007 –2024)”, “Azərbaycan Turizm və Menecment Universitetində müəllimlik fəaliyyətinin davamı”, “Elmi fəaliyyətdə üzləşdiyim haqsızlıqlar (1982–2022)” adlanır. Nəşrdə müəllifin bundan öncə işiq üzü görən 105 kitabının siyahısı da verilib.
Professor Məhərrəm Zülfüqarlının geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Mübarizəmin salnaməsi” adlı kitabı ilə maraqlananlar M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında və müəllifin şəxsi saytında https://maharramzulfugarli.com/ yaxından tanış ola bilərlər.
Z.HÜSEYNOVA
XQ