Sentyabrın 9-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası keçirilib.
XQ xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra spiker bildirib ki, bugünkü xüsusi iclas çox mühüm bir məsələyə həsr olunub. Spiker deyib ki, möhtərəm cənab Prezident İlham Əliyev avqust ayının 7-si və 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı.
Milli Məclisin sədri deyib ki, böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətlər onların dövlətçilik təfəkkürü, strateji və yaradıcı düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə və ardıcıl surətdə həyata keçirir, yeni tarixi reallıqları yaradır.
Vaşinqton razılaşmaları da ilk növbədə məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.
Bu hadisənin Konstitusiya və Suverenlik ilində baş verməsi isə dərin rəmzi məna daşıyır. Ulu Öndərin dövlətçilik irsi və yaratdığı dəyərlər onun layiqli davamçısı olan möhtərəm cənab Prezidentin fəaliyyəti ilə qorunub saxlanılır və daha da zənginləşdirilir.
Spiker qeyd edib ki, dövlət başçısının Vaşinqton səfərini ikitərəfli münasibətlər kontekstində qiymətləndirsək, bu səfər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olundu. Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi, həmçinin Prezident Trampın 907 saylı düzəlişin icrasını dayandıran sənədi imzalamasında öz ifadəsini tapdı. Burada Prezident Trampın Cənubi Qafqaz reallıqlarını obyektiv qiymətləndirən, sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı.
Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.
Qeyd olunub ki, Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin Vətən müharibəsindən sonra qətiyyətlə reallaşdırdığı sülh diplomatiyasının məntiqi sonluğa çatması baxımından da əlamətdar bir hadisə oldu.
Dövlət başçısı əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulmasına, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. O həm də məlum prinsiplər əsasında sülh gündəliyini müəyyən edərək, bu gündəliyin həyata keçirilməsini təmin etdi.
Spiker bildirib ki, ölkəmizə qarşı müxtəlif iftira və təzyiqlərlə sülh danışıqlarına müdaxilə etmək, öz məkrli planlarını icra etmək istəyənlərin siyasi-diplomatik təxribatları isə böyük məharətlə dəf edildi. Bizlər bütün bu proseslərin canlı şahidiyik.
Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamənin imzalanması, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir.
Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır.
Spiker çıxışında deyib ki, Vaşinqton razılaşmalarının nəticəsi olaraq, dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü və ardıcıl surətdə müdafiə etdiyi Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, o həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş bir regionda işbirliyi üçün yeni imkanlar yaradır. Heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək. Birləşmiş Ştatların bu məsələdə dəstəyi bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi.
Qeyd olunub ki, Prezident Donald Trampın Zəngəzur dəhlizini “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlandırması heç də təsadüfi deyil. Bu bir daha cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız və yalnız sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət etdiyini bariz şəkildə təsdiq etdi.
Milli Məclisin sədri vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam da ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi.
Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk Qrupu ləğv olundu.
İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaqdır.
Çıxışının sonunda Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanın və Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olan, daha geniş regionda proseslərə istiqamət verən Vaşinqton razılaşmaları uzaqgörən siyasətin çətinlikləri qələbələrə çevirməyə qadir olduğunu parlaq surətdə təsdiq edir. Bu gün xalqımızın arzu və istəkləri reallığa çevrilir, regionumuzda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılır. Bütün bunlar isə möhtərəm cənab Prezident İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir.
Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, komitə sədrləri Əli Hüseynli, Səməd Seyidov, Fazil Mustafa, Zahid Oruc, Anar İsgəndərov, Sadiq Qurbanov, Şahin İsmayılov, Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Kamran Bayramov, Elman Nəsirov, Vüqar Bayramov, Azay Quliyev, Jalə Əliyeva, Səyyad Aran, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Azər Badamov, Elşən Musayev, Səbinə Xasayeva, Tural Gəncəliyev, Vüqar Rəhimzadə, Nizami Səfərov və Qaya Məmmədov öz fikirlərini bölüşüblər.
Bildirilib ki, Vaşinqton razılaşmaları ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir və onun “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi rəmzi xarakter daşıyır. Qeyd olunub ki, bu mühüm razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi ki, bu da çox önəmlidir. ATƏT-in Minsk Qrupunun ləğv edilməsi isə münaqişənin başa çatmasının və əlavə heç bir vasitəçiyə ehtiyac qalmadığının göstəricisidir. Diqqətə çatdırılıb ki, Azərbaycan post-sovet məkanında öz ərazisini işğaldan azad etmiş yeganə ölkədir.
Deputatlar bildiriblər ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamə imzalandı, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Qeyd olunub ki, bu razılaşmalar, eyni zamanda Azərbaycanın ABŞ ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir və ölkəmizin beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə öz töhfəsini verəcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizi yaranmaqda olan yeni tarixin mühüm layihəsi olacaq və onun açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, Avropa və Asiyanı, həmçinin bütün Türk dünyasını birləşdirəcək.
Çıxış edənlər Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə səfərinin həm də Azərbaycanla ABŞ münasibətləri baxımından mühüm tarixi əhəmiyyət daşıdığını bildiriblər. Millət vəkilləri səfər zamanı keçirilən Azərbaycan-ABŞ sammitini ölkələrimiz arasında münasibətlərdə tarixi dönüş, keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi kimi dəyərləndiriblər. Vurğulanıb ki, Vaşinqton görüşündə iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcı qoyulub. Sammit çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu iki ölkənin əməkdaşlığının enerji, ticarət, müdafiə, süni intellekt və rəqəmsal infrastruktur kimi prioritet sahələr üzrə daha da dərinləşdirilməsini nəzərdə tutur. Memorandum əsasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində hazırlanması qərara alındı ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir.
Deputatların sözlərinə görə, Ağ evdə uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırması isə ikitərəfli münasibətlərdə yeni və olduqca parlaq bir səhifənin açılmasının simvolu oldu. Onlar ABŞ Prezidenti cənab Donald Trampın bu qərarı məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalamasını dövlətimizin başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi kimi qiymətləndiriblər.
Çıxışlarda Ağ Evin rəmzi açarının Prezidentimizə təqdim olunması cənab Donald Trampın cənab İlham Əliyevə olan böyük ehtiramının və Azərbaycana verdiyi önəmin göstəricisi kimi qeyd olunub.
Deputatlar səfərin nəticələrini Prezident İlham Əliyevin strateji baxışlarının, müdrik siyasətinin, qətiyyətli siyasi mövqeyinin və beynəlxalq münasibətlərə peşəkar və praqmatik yanaşmasının göstəricisi kimi xarakterizə ediblər. Vaşinqtonda imzalanan razılaşmalar göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, beynəlxalq siyasətin fəal oyunçusudur və bu mövqeyini daha da gücləndirməyə davam edəcək.
Qeyd olunub ki, dünyanın fövqəldövləti olan ABŞ və onun paytaxtında qəbul olunan qərarlar bütün qlobal proseslərə təsir göstərir. Çıxış edənlər əminliklə bildiriblər ki, Vaşinqtonda əldə olunmuş razılaşmalar ümumilikdə Cənubi Qafqazın gələcək inkişafında mühüm dönüş nöqtəsi olacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu uğurları artan silsilə ilə davam edəcək, ölkəmiz yeni dünya nizamında öz layiqli yerini qoruyacaq.
Müzakirələr başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova deputatlara təşəkkür edərək bildirib ki, bugünkü xüsusi iclasda 30 nəfər çıxış edib. Qeyd olunub ki, müzakirə zamanı çıxışlarda dərin fikirlər səslənib, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı qürur və Azərbaycanın xoşbəxt gələcəyinə əminlik ifadə olunub.
Spiker əmin olduğunu bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açıb. Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə edib, həm də regionda yeni geosiyasi reallıqlar yaradıb. Vurğulanıb ki, Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.
Səmərəli iş üçün deputatlara təşəkkür edən spiker Sahibə Qafarova, xüsusi iclasa yekun vuraraq deyib ki, bütün bu uğurlara görə biz möhtərəm cənab Prezidentə bir daha minnətdarlığımızı bildirərək, ölkəmizi yeni qələbələrə aparmaq naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayırıq.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.