Rusiyada azərbaycanlıların təqib və sıxışdırılması davam edir

post-img

“Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur. Azərbaycan–Rusiya münasibətlərinin gərginləşməsinə AZAL təyyarəsinin vurulması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranış səbəb olub.

Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının anti–Azərbaycana fəaliyyəti ikitərəfli münasibətlərə mənfi təsir edən amildir.

Yalnız qanunu pozanlar deyil, Rusiyada yaşayan azərbaycanlı sahibkarlar, diaspor nümayəndələri, ictimai fəallar müxtəlif hüquqazidd davranışlarla üzləşirlər. Onlar heç bir hüquqi əsas olmadan həbs olunur, işgəncələrə məruz qalır, ciddi təzyiqlərlə üzləşirlər.

Xüsusilə Yekaterinburq, Voronej və Leningrad vilayətlərində baş verən hadisələr məsələnin aktuallığını artırır. Məsələn, Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan Ural” ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən saxlanılıb. Bu şəhərdə saxlananlar arasında onun oğlu da var. Voronej şəhərində isə tanınmış iş adamı Yusif Xəlilov rüşvət verməkdə şübhəli bilinib. O, ilkin olaraq sərbəst buraxılsa da, avqust ayında təkrarən saxlanılıb. Xəlilov Voronej şəhərindəki iri ticarət mərkəzlərindən birinin – “Alekseyevski” bazarının həmtəsisçisidir.

Diqqətçəkən digər hadisə Leninqrad vilayətində baş verib. Burada dörd azərbaycanlı iş adamı ümumilikdə 3,7 milyon rubl məbləğində rüşvət verməkdə ittiham edilərək saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları bu əməliyyatı medianın müşayiəti ilə həyata keçirib. Yəni, “biz cinayətkarları saxladıq” görüntüsü yaratmağa çalışıblar. Yada salaq ki, Azərbaycandan olan iş adamları Rusiyada iri vergi ödəyiciləridir. Hər il onlar milyonlarla rubl dövlət büdcəsinə vəsait ödəyirlər.

Bu cür hadisələr çox vaxt hüquqi çərçivədən kənarda baş verir və nə beynəlxalq hüquq normalarına, nə də dövlətlərarası münasibətlərə uyğun gəlir. Belə yanaşma həm də illər boyu Rusiya cəmiyyətində dinc şəkildə yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının hüquqlarının pozulmasıdır. Azərbaycan icmasına qarşı keçirilən əməliyyatlar, zorakı davranışlar isə bir çox hallarda qanuna ziddir.

Yada salaq ki, Rusiya Federasiyası Konstitusiyasının 20-ci maddəsi hər kəsin yaşamaq hüququnu, 21-ci maddəsi isə işgəncə və alçaldıcı rəftarın yolverilməzliyini təmin edir. Lakin Yekaterinburq hadisəsi də daxil olmaqla azərbaycanlılara qarşı davranışlar bu müddəaların kobud şəkildə pozulduğunu göstərir. Narahatedici məqam odur ki, hadisələr hüquq-mühafizə orqanlarının iştirakı ilə baş verir. Hadisə ilə bağlı istintaqın aparılmaması, cavabdehlərin cəzasız qalması məsələnin sistemli xarakter aldığını göstərir. Bu, yalnız Rusiya daxilindəki hüquqi normalarla deyil, beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Rusiya 1987-ci ildən BMT-nin “İşgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya qarşı Konvensiyası”na qoşulub. Konvensiyaya əsasən, heç bir fövqəladə hal işgəncəyə bəraət qazandıra bilməz. Heç bir şəxs səbəbsiz yerə və sübut olmadan azadlıqdan məhrum edilə bilməz. İşgəncə və qeyri-insani rəftar isə beynəlxalq qanunlarla qadağan edilib.

Ümumiyyətlə, baş verənlər Rusiyada etnik və dini azlıqlara qarşı həyata keçirilən sistemli və məqsədyönlü siyasətin tərkib hissəsidir. Onlara qarşı artan zorakılıq, diskriminasiya və hüquq pozuntuları təsadüfi deyil. Bu, ideoloji əsaslara söykənən yanaşmanın nəticəsidir. Mövzu ilə bağlı hüquqşünas Samir Osmanlı XQ-yə bildirdi ki, miqrantlara və azərbaycanlılara qarşı hüquqi yoxlama adı altında keçirilən reydlər əslində hüququn aliliyindən çox ideoloji təzyiq vasitəsi kimi çıxış edir: “İnsanların təkcə milli mənsubiyyətinə görə şübhəli bilinməsi hüquqi dövlət prinsipinə tamamilə ziddir və beynəlxalq normalarla uzlaşmır. Rusiya beynəlxalq platformalarda özünü çoxmillətli və tolerant dövlət kimi təqdim etsə də, reallıq fərqlidir. Etimad, tərəfdaşlıq və strateji əməkdaşlıq yalnız rəsmilərin verdiyi bəyanatlarla deyil, sadə vətəndaşlara göstərilən münasibətlə ölçülür. Təəssüf ki, hazırkı vəziyyət bu münasibətin ədalət, hüquq və bərabərlik prinsiplərinə əsaslanmadığını göstərir. Son hadisə də dediklərimi təsdiqləyir. Bu günlərdə Moskvanın “Domodedovo” hava limanında bir qrup Azərbaycan vətəndaşı Rusiyaya buraxılmayaraq deportasiya olunmaq üçün saxlanılıb. Onlar hava limanına eniş etdikdən sonra sərhəd nəzarətindən keçə bilməyiblər və geri göndəriliblər. Narahatedici digər məqam isə zorakılıq hallarının Rusiya dövlət mediası tərəfindən qərəzli şəkildə təqdim olunmasıdır. Qeyri-rus və müsəlman mənşəli şəxslər “günahkar” obrazında ictimai rəyə sırınır. Beləliklə, ictimai nifrət ideologiyası yalnız hüquqi və sosial sahədə deyil, həm də mədəni və psixoloji səviyyədə təşviq olunur”.

Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Əgər Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq dediyi ölkələrə qarşı bu cür düşmən yanaşmadan imtina etməlidir.

Bununla belə, Rusiya rəsmiləri azərbaycanlılara qarşı haqsızlıqları görməzdən gəlirlər. Sanki saxlananlara qarşı heç bir işgəncələr verilməyib və hər şey qanun çərçivəsində baş verib. “Rusiyada ancaq qanunu pozan azərbaycanlılar cinayət məsuliyyətinə cəlb edilir”. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. Eyni zamanda o, Rusiyada böyük Azərbaycan diasporunun yaşadığını, nümayəndələrinin əksəriyyətinin qanuna tabe olan vətəndaşlar olduğunu vurğulayıb: “Azərbaycan diasporunun demək olar ki, bütün nümayəndələri burada layiqli hörmətə malik olan qanuna tabe olan vətəndaşlarımızdır. Qanunu pozan vətəndaşlar qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar”.

***

Bu arada bir məsələyə də toxunmaq istərdik. Son vaxtlar Rusiya Federasiyasında miqrantlara qarşı həyata keçirilən siyasət və qanunvericilik dəyişiklikləri daha sərt və məhdudlaşdırıcı xarakter alır. Əvvəllər daha çox fərdi hallarda müşahidə olunan inzibati çətinliklər və sosial təzyiqlər bu gün artıq sistemli və dövlət səviyyəsində tətbiq olunan strategiyaya çevrilib. Əmək bazarında, təhsil sistemində, digər sahələrdə həyata keçirilən tədbirlər milyonlarla miqrantın gündəlik həyatına təsir edib, onların fəaliyyət dairəsini məhdudlaşdırıb. Bununla yanaşı, Rusiyada qanunsuz yaşayan əcnəbilərin vətəndaşlıq və miqrasiya statuslarını leqallaşdırmaları üçün verilən möhlət sentyabrın 10-da başa çatacaq. Vladimir Putin 2024-cü ilin dekabrında imzaladığı fərmanla miqrantlara hüquqi vəziyyətlərini 30 aprelədək tənzimləməyi tapşırmışdı. Lakin apreldə imzalanan yeni fərmanla bu müddət 10 sentyabr 2025-ə qədər uzadılıb. Möhlət xüsusilə Rusiyada “nəzarət olunan şəxslər reyestri”nə daxil edilən, yəni qanunsuz yaşayan və sənədləri qaydasında olmayan şəxslərə aiddir. Möhlət bitdikdən sonra statusunu tənzimləməyən şəxslər deportasiya ediləcək. Onlara gələcəkdə Rusiyaya giriş yasağı da tətbiq oluna bilər. Bundan əlavə, belə şəxslərə evlilik, daşınmaz əmlak alışı, bank hesabı açmaq və digər hüquqi əməliyyatlarla bağlı məhdudiyyətlər qoyulacaq.

Beləliklə, sentyabrın 10-a qədər Rusiyada yaşayan bütün əcnəbilər statuslarını rəsmiləşdirməlidirlər. Əks halda deportasiya və uzunmüddətli giriş qadağası ilə üzləşə bilərlər.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət