Üzeyir Hacıbəyli – istiqlalçı publisist

post-img

Müsahibimiz AXC irsinin tədqiqatçısı, professor Nəsiman Yaqubludur

Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, bütövlükdə, ictimai-siyasi fikir tariximizin inkişafında misilsiz xidmətlər göstərmişdir. Fəxrlə qeyd olunmalıdır ki, bugünə kimi Şərq tarixində musiqi sahəsində belə bir istedad sahibi doğulmamışdır. Üzeyir Hacıbəyli, həqiqətən, xalqımızın milli sərvətidir. Bu böyük düha, eyni zamanda, parlaq publisist kimi də fəaliyyət göstərmişdir. Əməkdaşımız Üzeyir bəyin son dərə­cə dolğun publisistik fəaliyyəti barədə fədakar tədqiqatçı, BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə söhbət etmişdir. Professor Üzeyir bəyin jurnalist­lik fəaliyyəti barədə bunları demişdir: 

– Üzeyir bəy Şuşadakı ikisinifli rus-ta­tar məktəbini bitirdikdən sonra təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirmişdir. Seminariyanı bitirib Cəbrayıl qəzasının Tuğ kəndində müəllimlik et­məyə başlamışdır. O, ilk yazılarını da bu­radan – Cəbrayıl qəzasından “Kaspi” qə­zetinə göndərmişdir. İlk məqaləsi 1904-cü il sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında dərc edilib. 

Üzeyir bəy 1905-ci ildə Bakıya qayıt­mışdır. Burada “Həyat” və “İrşad” qəzetləri ilə fəal əməkdaşlıq etmişdir. 

Ü.Hacıbəyli fəal yazar olmuşdur. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində, “Molla Nəsrəddin”, “Məktəb” jurnallarında, eləcə də digər mət­bu nəşrlərdə yüzlərlə məqaləsi, felyetonu dərc edilmişdir. Təkcə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” (Azərbaycan dilində) qəzetində Üzeyir bə­yin 68 məqaləsi işıq üzü görmüşdür. 

1909-cu il iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində (Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra), 1909-cu ilin 25 dekabrından 1910-cu il mayın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 aprelinə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində re­daktor olmuşdur. 

Görkəmli publisist yazılarını bu imza­larla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üze­yir”, “Ü.Hacıbəyli”, “Çı”, “Bəhmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” im­zası qoyurdu.

– Üzeyir bəy istiqlalımızın tarixi əhə­miyyətini xalqa necə çatdırırdı? 

– Ü.Hacıbəyli 1918-ci ildə AXC (Azər­baycan Xalq Cümhuriyyəti) yaradıldıqdan sonra, “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını aparırdı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” söz­ləri onun yazılarının əsasını təşkil edirdi.

Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində dekabrın 7-də açılacaq parlamentin tarixi əhəmiy­yətini yüksək dəyərləndirirdi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılış mərasimi oldu. Müəllif “Təəssürat” məqaləsində həmin hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətə­li xan doğru dedi ki, yatsa idik də, yuxumu­za girməzdi...” 

Ü.Hacıbəyli parlamentin açılış məra­simindən çox maraqlı məqamları oxucu­lara belə çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləş­mək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endiriləməz!” − dedik­də bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəla­dəmdən başımın tükləri biz-biz durdu”. 

Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyə­tinə bağlı olmaq, dəyərləndirmək, onu mü­dafiə etmək prinsiplərini yazılarında əks etdirirdi: “Amma bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məc­buruq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çün­ki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir”.

Bəli, dahi Üzeyir bəy bütün varlığı ilə Azərbaycanı sevirdi və Vətən sevgisi ilə yaratdıqlarının, yazdıqlarının, bəstələdik­lərinin hər biri bu gün də çox qiymətlidir. 

– Ü.Hacıbəylinin Azərbaycan istiq­lalının bir illiyinə həsr etdiyi “Bir yaş” məqaləsi milli publisistikamızn tarixin­də xüsusi yer tutur. Professor, bu barə­də oxuculara bir qədər geniş məlumat verməyinizi xahiş edirəm. 

– “Bir yaş” məqaləsi yüksək publisis­tika nümunəsidir. Üzeyir bəyin 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunan bu yazısında Azərbaycan istiqlalına böyük bağlılıq vardır. Üzeyir bəy yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu is­tiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanimanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbay­can Türk Dövlətinin bir yaşı tamam olub da, iki yaşa qədəm qoyduğu gündür. 

Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmiş­di. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madə­ri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anası­nı, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zül­mü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb et­mədi”. 

Böyük mütəfəkkir, fədakar jurnalist olan Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən hadisələr­lə də bağlı yazılar dərc etdirir, bu bölgədə erməni silahlılarının dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən yazır, etiraz sə­sini qaldırırdı.

– Üzeyir bəy yazılarında xarici düş­mənlərə qarşı da kəskin mövqe nüma­yiş etdirmişdir...

– Tamamilə doğrudur. Bu mənada onun “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sərhədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” xülyalarından uzaqla­şa bilmir, yaranmış müstəqil dövlətləri təh­didlər altında saxlamağa çalışırdı. Azər­baycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dövlətin içində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırırdı.

Böyük ədibin “Azərbaycan” qəzetində­ki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci il aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə dərc olundu.

Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən de­mirəm ki, Nikolay hökuməti ilə Lenin hö­kuməti arasında təfavüt yoxdur. Xeyr! Tə­favüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamı­za söyərdilər, mujik və raboçi (fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”. 

– Azərbaycan işğal edildikdən son­ra Üzeyir bəyin Sovet rejimi dövründə­ki fəaliyyəti, xüsusilə onun yazılarının əleyhinə kampaniyaların aparılmasında məqsəd nə idi? 

– 1920-ci il aprelin 27-də Rusiyanın XI ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi. Sovet işğalının ilk illərində bütün ziyalılar kimi, Ü.Hacıbəyli­nin də həyatı təlatümlər içində keçdi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfin­dən güllələnmə ehtimalı qeyd olunmaq­dadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylə­nilir (İ.Terequlov o dövrdə Fövqəladə Ko­missiyada çalışırdı – müəllif).

1920-ci ildə Azərbaycan Rusiya bolşe­vikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi. Müqayisə üçün bil­dirək ki, Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olun­muşdur.

Üzeyir bəy sovet dövründə bütün fəa­liyyətini Azərbaycan musiqisinin inkişafına, tərəqqisinə həsr etmişdir. 1920-ci ilə qədər çox sayda musiqi əsərləri bəstələyən bu böyük bəstəkar yalnız 1937-ci ildə bir ope­ra əsəri − “Koroğlu”nu yazmışdır. 

Ədəbiyyatımızın, mədəniyyətimizin, musiqimizin yolunda vətəndaş yanğısı ilə çalışan bu böyük insana qarşı sovet rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında daha da sərtləşmişdir. Ona qarşı bu qərəzli münasibətin yaranmasın­da qardaşı Ceyhun Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.

Üzeyir bəyin cidd-cəhd göstərmə­sinə baxmayaraq, qardaşı Ceyhun Azər­baycana qayıtmadı. Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Üzeyir bəy bu məktub­larında ailə, məişət və dolanışıq problem­ləri ilə yanaşı, qardaşından nigarançılı­ğını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı. 

1948-ci il noyabrın 23-də Azərbayca­nın ictimai-siyasi, mədəni mühitinə böyük və əvəzsiz itki üz verdi. Vətən sevdalı bö­yük ziyalı Üzeyir Hacıbəyovun sağlamlığı, səhhəti zamanın təlatümlərinə dözmədi, əbədi haqq dünyasına qovuşdu.

– Azərbaycan tarixində, mədəniyyə­tində Üzeyir Hacıbəyovun yeri və rolu­nu qısa şəkildə necə ifadə etmək olar?

– Böyük azərbaycanlı Üzeyir Hacıbə­yov haqqında ən dəyərli fikirləri Məhəm­məd Əmin Rəsulzadə demişdir: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təh­silini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Nə yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.

Fəqət beyhudə, dəmir pərdənin arxa­sında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbay­candan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qay­naqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir”.

Müsahibəni apardı:
Kəmalə ABDİNOVA
XQ



Müsahibə