Hüseyn Arif – 100
Şairin vəfatından illər ötsə də, xatirəsi, şeirləri, haqqında danışılan lətifələr Azərbaycanı diyar-diyar dolaşır. Hüseyn Arif ömrü əriş-arğac cığırlar, izlər dünyası idi. Getdiyi yerlərdə özünün də, sözünün də izi qalıb.
Bizim Borçalıda da o, zaman-zaman əziz insan kimi xatırlanıb. Ədəbiyyat müəllimim, ustadım şair Əli Səngərli deyirdi ki, Hüseyn Arif bizim Faxralıya gələndə sən hələ həyatda yox idin. Kəndimizin fəxri qonaqlarının – unudulmaz Səməd Vurğunun, Osman Sarıvəllinin və onlardan sonra Hüseyn Arifin adı elimizdə-obamızda xoş xatirələrlə anılır. Necə ki, bir şeirində yazmışdı:
Oldum Faxralıda, oldum bir payız,
Məni qarşıladı neçə oğul-qız...
Hanı Musa kişi, Binnət qağamız,
Zamanın hökmünə neyləyə billəm?
Mən orta məktəbi bitirdikdən sonra Bakıya gəldim, universitetdə oxuduğum illərdə Hüseyn Ariflə ünsiyyətimiz yarandı. Faxralıdan olduğumu biləndə və həmin şeiri ona xatırladanda çox kövrəldi. Beləcə, Xalq şairi Hüseyn Arif bir çoxları kimi, mənim də Söyün qağam oldu. O, Aşıqlar Birliyinin sədri olduğu illərdə vaxt-aşırı görüşürdük. Bir dəfəsində “Aşıq Hüseyn Saraçlı də məndən küsülü getdi”, – dedi və kövrəldi. Sonra da küskünlüyün səbəbini şeirlə anlatdı:
Gəlmişdi yanıma bir işdən ötrü,
Gözündə həsrəti, nisgili getdi.
...Hüseyn Arifin gücü çatmadı,
Hüseyn Saraçlı küsülü getdi.
Sevimli oğlu Arifin itkisi şairin ömrünü qəm-qüssəyə bələdi, şeirlərinə göz yaşı gətirdi. Sinəsindəki dağ boyda dərdi onun əzablı çöhrəsindən də, yazılarından da hiss olunurdu...
Söyün qağamla hər görüşümüz unudulmaz bir xatirəyə dönüb. Bu xatirələr qəlbimdə həmişə kövrək hisslər oyadır. Ötənlərdə aramızda olan söhbətlər beləcə ürəyimin qapısını döyür. Dediyi vaxt yanında olanda üzündəki təbəssümdən qəlbinin hərarətini hiss edirdim. Üzündə bir ümid şöləsi cilvələnirdi. Deyirdi ki, bax, həmişə belə tez-tez gəl... Gələ-gələ dost olarsan, gedə-gedə yadlaşarsan. Borçalıya olan sevgisindən ürəkdolusu danışanda duyğuları dil açırdı, yaralı könlü gül açırdı:
Başkeçidin ətəyi gül, başı qar,
Çiçəklərdən dəstə tutur ilk bahar.
Yaranışdan zirvə geniş, dərə dar –
Həm arandı, həm yaylaqdı Borçalı.
Dost yolunda əsirgəməz, nə desən,
Harayına çatasıdı, səsləsən.
Şirininə acı qatmaq istəsən,
Coşan seldi, yanan dağdı Borçalı.
Onun Borçalı ünvanlı şeirləri bir deyil, beş deyil, hansından söz açım?! Borçalı əsilli ziyalımız, sevilən şairimiz Abbas Abdullaya xitabən yazmışdı:
Şenliyin, Sadığın gəzdiyi yerlər
Mehlə nəfəs alıb çiskinlə tərlər.
Gümüş üzəngili ceyran kəhərlər
Cıdırda mat qoydu hər kəsi, Abbas.
Çay çaya qovuşar, bağ bağa bağlı,
Düz düzə calanar, dağ dağa bağlı.
Borçalı çökəyi Qazağa bağlı –
Birdi mərəkəsi, məzəsi, Abbas.
Onun ürəyi ürəklərin ürəyi idi. Özü də bulaq suyu kimi dupduruydu, safıydı. Çölündəki zəmanənin gərdişi də, içindəki insanlıq vərdişi də bir başqa idi. Onu da yaxşı bilirdim ki, xətrini çox istədiyi insanlarla rəftarı elə bu cürdür. Buna görə də şairin bu misraları ağappaq ümid kimi könlümdən gəldi keçdi:
İnsan oğlu məhəbbətdən güc alar,
El gözündə ucaldıqca ucalar.
Bir arzum var, yallı gedə qocalar,
Bir arzum var, balalara toy ola.
Mənim mənəvi dünyamı işıqlandıran unudulmaz Söyün qağam! Sən dünyanın o üzündə olsan da, ruhun bizimlədir, ustad! İndi sənin ətrini şeirlərindən alırıq. “Mən sənin özünəm, sən mənim özüm” dediyin duru gözlü Durnalı da, buludlu zirvələr də, yaşıl çəmənlər də, Çatmalı da yerindədir. Kürün suları hər yaz sənin həsrətinlə çağlayır:
Nə qədər qoynunda xumarlanmışam,
Yayxana-yayxana gələn Kür çayım.
Sahil kölgəsinə bürünüb axşam,
Səhər şəfəqilə gülən Kür çayım.
Sən Vətən ocağının istisinə qızınırdın. Vətənin suyuna, torpağına, otuna, yarpağına, gülünə, çiçəyinə elə könül vermişdin ki, şeirlərini oxuya-oxuya nəfəsini hiss edirəm, ustad! Sənin o sərt mehribançılığın üçün elə qəribsəyirəm ki...Hər yaz gələndə elə bilirəm o sənli xatirələrin içində bir həsrət toxumu cücərir. Deyirdin ki, yaz gələndə ana təbiət ağlımı başımdan alır. Elə “Vətən deməkdən” dilin ozan olmuşdu:
Oxşayım ağotu, öpüm nərgizi,
Bu yurdda boy atıb yaşa dolmuşam.
A yonca, a yovşan, bircə gün sizi
Unutsam, bilin ki, unudulmuşam.
Yox, sən unudulan deyilsən, Söyün qağam! Kür kimi çağlayan ilhamının havası ilə nəfəs alırıq.
Həzi HƏSƏNLİ,
şair-publisist