Çin nadir torpaq metalları ixracını məhdudlaşdırdı: Qərb müdafiə sənayesi çətin vəziyyətdə

post-img

The Wall Street Journal qəzetinin məlumatına görə, Çin Qərb ölkələrinin müdafiə sənayesi üçün həyati əhəmiyyət daşıyan nadir torpaq metalları və digər kritik xammalların ixracına məhdudiyyətlər tətbiq edib. Nəticədə bir sıra müdafiə layihələrinin icrasında gecikmələr müşahidə olunur və xammal qiymətlərində ciddi artım qeydə alınıb.

Bildirilib ki, ABŞ-la ticarət münasibətlərində gərginliyin artdığı bir dövrdə Pekin nadir torpaq elementlərinin ixracına nəzarəti daha da sərtləşdirib. İyunda Vaşinqton bəzi ticarət güzəştlərinə razılıq verdikdən sonra Çin bu metalların bir hissəsinin ixracına icazə versə də, müdafiə sənayesində mühüm yer tutan strateji minerallar üzərində nəzarəti saxlayıb.

Hazırda dünyada nadir torpaq metalları ixracının təxminən 90 faizi məhz Çinin payına düşür. Çin, eyni zamanda, digər “kritik mineralların” da əsas istehsalçısı kimi çıxış edir.

Sənaye mənbələrinin WSJ‑yə verdiyi məlumata görə, bəzi müdafiə təyinatlı materiallar bazarda əvvəlki qiymətindən beş dəfə baha təklif olunur. Adının açıqlanmasını istəməyən bir şirkət nümayəndəsi bildirib ki, onlar yaxın günlərdə təyyarə mühərrikləri üçün yüksək temperaturadavamlı maqnitlərin istehsalında istifadə edilən samariyum metalını adi qiymətindən 60 dəfə baha almağa məcbur olublar.

Bu vəziyyət ABŞ və digər Qərb ölkələrinin müdafiə sistemlərinin dəyərində artıma səbəb olur. Təchizatçılar və sənaye rəhbərləri istehsal zəncirində bu gərginliyin artan maliyyət riski yaratdığını vurğulayırlar.

İyunun sonunda Vaşinqton və Pekin arasında ticarət razılaşması əldə olunub. ABŞ-ın ticarət naziri Hovard Latnikin sözlərinə görə, bu razılaşma Çin tərəfindən nadir torpaq metalları ixracına qoyulan nəzarətin yumşaldılmasını nəzərdə tutur. Lakin görünən odur ki, Çin strateji əhəmiyyət daşıyan mineralların ixracında hələ də dominant mövqeyini qoruyur.

S.ELAY

XQ

Dünya