Aktivist Rəssamlar Assosiasiyasının (ARA) bir qrup üzvü Orta Asiya dövlətləri olan Qazaxıstan və Qırğızıstana səfər ediblər.
Assosiasiyadan “XQ”-yə verilən məlumatda bildirilir ki, birliyin rəhbəri rəssam Nəvai Metin, Naqiyə Rzayeva və İntiqam Cəfərovun qatıldığı bu səfərdə, nəzərdə tutulduğu kimi, işgüzar görüşlər, sərgilər keçirilib.
İlk gün Qazaxıstanda olan sənətçiləri Almatı Dövlət Texnologiya Universitetinin prorektoru qəbul edib, tələbələrlə görüş təşkil olunub. Gələcək birgə addımlar müzakirə edilib.
Daha sonra görüş Qazaxıstan İncəsənət Muzeyində davam edib. Burada rəssam Nəvai Metin müəllifi olduğu, qazaxıstanlı rəssamların da qatıldığı “Dünyanı sənət xilas edəcək” adı kitab – kataloqunu muzeyin rəhbərliyinə təqdim edib.
Qırğızıstanda da rəssamlarımızın görüşləri yaddaqalan olub. Qonaqlar Qırğızıstan Rəssamlar Birliyinin sədri Yaxşıbek Junuşev tərəfindən qəbul ediliblər və gələcəkdə yaradıcı səfərlərin daha intensiv keçirilməsi haqqında müzakirələr olub. Səfərdə olan rəssamların sərgisi haqqında qərar verilib.
Sonra Qırğızıstanın İssıkkul bölgəsinə gedən rəssamlar 9-cu “Çukurova ədəbiyyat və sənət” festivalına qatılıblar. Festival müddətində rəssamlar canlı rəsmlər çəkiblər və tədbirin keçirildiyi ərazidə sərgilər təşkil olunub. Naqiyə Rzayevanın qum ilə göstərdiyi canlı performans xüsusi maraqla qarşılanıb. İntiqam Cəfərovun sulu boya ilə işlədiyi rəsmləri də diqqət çəkib.
Sənətçilərimizin bu fəaliyyəti yüksək dəyərləndirilib. Naqiyə Rzayeva Turan Birliyi və Özbəkistan Respublikasının medalı ilə, İntiqam Cəfərov Turan Birliyi medalı, Nəvai Metin isə Atatürk medalı ilə təltif olunublar.
Oradan Bişkekə qayıdan həmyerlilərimizin Rəssamlar İttifaqının sərgi salonunda da sərgiləri təşkil olunub. Tədbirin sonunda rəssamlar Qırğızıstan Rəssamlar İttifaqının diplomlarına layiq görülüblər.
Ə.ƏLİYEV
XQ