Söhbət Gədəbəyin səfalı bir guşəsindən gedir
Gədəbəyin ən ucqar kəndinə də çox rahat gedib çıxmaq mümkündür. Çünki son illər bu dağ rayonunda bir-birindən gözəl o qədər yollar çəkilib ki, saymaqla qurtaran deyil. Haqqında söhbət açacağımız Novosaratovka kəndinə də təxminən on il qabaq çəkilmiş yolla gəlib çıxırıq. Özü də bu yoldan təkcə Novosaratovka deyil, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsi istifadə edir.
Kəndin tarixini çoxları bilir. Ona görə də geniş məlumat verməyə ehtiyac da yoxdur. Sadəcə bir faktı daha qabarıq qeyd etmək istəyirik ki, kəndin yaranmasını bəzi mənbələrdə olduğu kimi tamamilə malakanların adı ilə bağlamaq düzgün deyil. Bu kəndin keçmiş adı Fındıqlı olub. Başqa sözlə, Novosaratovka çarizmin köçürmə siyasəti nəticəsində 1850-ci ildə Rusiyanın Saratov quberniyasından gəlmələrin həmin ərazidə məskunlaşmasından sonra inkişaf etməyə, böyüməyə başlayıb. Təbii ki, kənd tədricən öz simasını dəyişib və digər azərbaycanlı kəndlərundən seçilib. Özü də təkcə Novosaratovka deyil, Slavyanka, İvanovka kəndləri də azərbaycanlıların yaşadığı kəndlərdən çox fərqlənir. Planlı şəkildə salınan evlər və səliqəli, rahat küçələr indiyədək olduğu kimi durur.
Maraqlıdır ki, burada yaşayan ruslar Azərbaycan dilində Gədəbəy ləhcəsi ilə danışırlar. Malakan kəndlərinin memarlıq quruluşu və məişəti elə fərqlidir ki, buralara yolu düşən Azərbaycanda olduğunu unudur. Ruslar köhnə adət – ənənələrini, mətbəxlərini, musiqilərini yaşadırlar...
Kənd icra nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Elnur Qarayevlə nümayəndəliyin binası qarşısında görüşürük. Deyir ki, hazırda kənddə rəsmi qeydiyyatda olanların sayı 2865 nəfərdir. Lakin son vaxtlar Novosaratovkada ev tikdirənlər, bura yalnız yay aylarında gələnləri də nəzərə alsaq əhalini sayı 4 min nəfərdən çoxdur.
– Yayda Bakıdan, Gəncədən, hətta Rusiyadan, digər şəhərlərdən və rayonlardan gələnlərin sayı-hesabı olmur. Yerli sakinlər öz evlərini gələn qonaqlara kirayəyə verirlər, – deyə E.Qarayev Novosaratovkanın bir azdan daha qələbəlik olacağını bildirir, – artıq hamı öz ev -eşiyini qaydaya salıb, turistləri gözləyir.
Qeyd edək ki, yay aylarında səfalı kəndə gələnlərin istirahətinin daha maraqlı və məzmunlu təşkili üçün hələlik ciddi bir iş görülməyib. Halbuki turizmlə məşğul olan qurumların istər xarici, istərsə də yerli turistlərlə bağlı konkret iş planı, tədbirləri, marşrutları olmalıdır.Nə vaxta kimi burada bir-iki ay qalan qonaq istirahətini yalnız bulaq başında yeyib-içməklə keçirəcək? Gədəbəy elə bir tarixi qədim məkandır ki, onun təbliği ilə məşğul olmaq hamımızın vəzifəsidir. Yadımdadır, bir neçə il qabaq Gədəbəy tarixində ilk dəfə olaraq Milli Yaylaq festivalı keçirəndə 19 ölkədən turistlər gəlmişdi və onlar bu bölgənin adət-ənənələrinə, təbiətinə, tarixi abidələrinə, mətbəxlərinə heyranlıqlarını gizlədə bilmirdilər.
Hər il Novosaratovkaya yüzlərlə uşaq gəlir. Onların əylənmələrinin, gəzintilərinin təşkili barədə düşünmək lazımdır.Gədəbəy şəhərindəki bir parkla kifayətlənmək olmaz. Bu cür guşələrin yuxarıda adlarını çəkdiyimiz kəndlərdə də təşkilini həyata keçirmək lazımdır.
Novosaratovkada torpaq becərənlərin də kifayət qədər problemləri vardır. Doğrudur, son illər adamlar süni əngəlliklərlə qarşılaşmırlar, bir sıra məsələlərin həllində yerli icra orqanlarının köməyini hiss edirlər. Lakin kəndli yetişdirdiyi məhsulun bəhrəsini görməlidir, heç olmasa ailəsinin ehtiyaclarını ödəmək üçün məhsulu bazara çıxara bilməlidir.
– Kartof əkməyə qorxuram ki, sata bilməyim, hamısı çöldə qalıb çürüsün, deyə milliyətcə rus olan Vasili Bıçkov təmiz azərbaycan dilində, gədəbəyli ləhcəsi ilə bazara çıxa bilmədiklərindən gileylənir, – ona görə də 12 sot pay torpağımın hamısını biçənək etmişəm ki, heç olmasa mal-qara qışda ac qalmasın,- deyir.
İcra nümayəndəliyinin qarşısında söhbət etdiyim digər kənd sakinləri də Vasilinin dediklərini təsdiq etdilər.
– Keçən il yetişdirdiyim məhsulun 7 tonunu mal-qaraya verməli oldum, – deyə Qədimalı Cəfərov da kartofu sata bilmədiklərindən gileyləndi,- tədarük məntəqəsinin olması işimizi xeyli asanlaşdırardı, bilərdik ki, zəhmətimiz hədər getməyəcək.
Digər bir sakin Faik Əsgərov da dedi ki, şərait yaratsalar kartofu Bakının, Gəncənin bazarlarına çıxarmaq olar və yaxşı da satılar. Hər halda Gədəbəy kartofunun adı-sanı var. Alıçılar da bilərlər ki, təmiz Gədəbəy kartofunu haradan almaq mümkündür.
İş adamlarının imkanlarından maksimum istifadə ediməlidir. Respublikanın iri şəhər və rayonlarında “Gədəbəy kartofu” adlı firma mağazalarının açılmasına nail olmaq lazımdır.
Maraqlıdır ki, Gədəbəyin öz bazarında da normal kartof tapmaq müşkül məsələyə çevrilib. Yeri gəlmişkən, bir neçə il qabaq şəhərin mərkəzində sıxlıq yaratdığı üçün nisbətən şəhərdən kənarda salınan bazara da baş çəkdİk. Tovuzdan, Şəmkirdən kartof gətirib satanlara rast gəldik.
“Təzə bazar” isə dağılıb gedir.Piştaxtalar qırıq-qırıqdır, satıcıların çoxu məhsulunu yerdə satır, antisanitariya hökm sürür. Öyrəndik ki, bazarın sahibi Xanlar Hüseynov adlı bir iş adamıdır. Guya o da son vaxtlar xəstə olduğundan bazar bir növ başlı-başına qalıb.
Novosaratovkanın həlli mümkün olan digər problemlərindən biri də içməli su ilə bağlıdır. Xüsusilə, qəsəbənin mərkəzi küçəsində su qıtlığı var.Bulaqlardan su gətirmək isə hər adama qismət olmur, çünki çox uzaqdır.
...Gədəbəyin bütün kəndləri səfalıdır, cəzbedicidir. Novosaratovka da bu gözəlliklərin mərkəzidir, desək, yanılmarıq.Bu yerlərin məhsulunun, ətinin, südünün də dadı bambaşqadır. Amma ənənələri qorumaq, əvvəlki şöhrəti bərpa etmək üçün sakinlərdən, kənd adamlarından da çox şey asılıdır. Bütün məsələlərin həllini dövlət qurumarının üzərinə atmaq, əlini əlinin üstünə qoyub gözləmə mövqeyi tutmaq yaramaz. Bir vaxtlar kənd icmaları yaradılmışdı. Onların bir çoxu kağız üzərində qalıb. Bu icmaların fəaliyyətindən maksimum istifadə olunmalıdır. Problemlər sakinlərin özlərinin iştirakı ilə həll ediməlidir.
Gədəbəyi gərək, ilk növbədə, gədəbəylinin özü sevsin. Mərhum şairimiz İlyas Tapdıq necə deyib?
Gəzib dolaşanda binələrini,
Əzmə çiyələyin dənələrini.
Dərənin dərini, suyun sərini,
Dağların qocası Gədəbəydədir!
Gədəbəyi bax, beləcə sevmək, sevdirmək, onunla fəxr etmək, qürur hissi keçirmək, heç nəyə biganə qalmamaq varsa, digər problemlər öz-özünə çözüləcək...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gədəbəy rayonu