Güney Azərbaycan kitabı Türk dünyası festivalında

post-img

Bugünlərdə Bakıda başa çatmış III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında türk ölkələri və toplumlarının sırasında Güney Azərbaycan da ayrıca ekspozisiya ilə təmsil olundu. İsveçdə Azərbaycan diasporu fəalı, Güneydə milli varlığımızın təsdiqi mövzusunda qəzetimizdə maraqlı yazılarla çıxış edən Abdulla Əmir Haşimi Cavanşir də bu bölmədə öz kitablarını təqdim etdi.

Soydaşımızla redaksiyamızda növ­bəti görüşün mövzusu da Güney Azər­baycanın türk dünyasının söz və kitab bayramında ayrıca yer alması oldu.

– Abdulla bəy, Güney Azərbayca­nın III Türk Dünyası Ədəbiyyat və Ki­tab Festivalında müstəqil ədəbi-mət­bu vahid kimi təmsil olunması hansı zərurətdən irəli gəlib?

– Bu, təbii bir ehtiyac, ədalətli bir seçim olaraq Güney Azərbaycan ya­zarlarının sevindirici uğurudur. Arazın o tayında – İran dövlətində və dünya­da Güney mənşəli 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Zəngin ortaq folklor örnəkləri, “Kitabi-Dədə Qorqud”, Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Sabir, Vurğun, Şəhriyar irsi üzərində Güney əbəbiyyatı və kitabı da yaşayır və zənginləşir. Bu çoxmilyonlu milli-mə­dəni toplum Türk dünyası, Dünya azər­baycanlıları kimi, onların ədəbiyyat və kitab mədəniyyətinin də ayrılmaz tərkib hissəsidir. 

Festivalda biz də öz kitablarımızı sərgilədik, oxucularla müxtəlif görüş­lər keçirdik. Türk ölkələrinin yaradı­cı insanları, naşirləri ilə ünsiyyətimiz tərəflər üçün maraqlı və faydalı oldu. Mənim son illərdə ərsəyə gətirdiyim Azərbaycan–İran münasibətləri barə­də əsərim, Güney azadlıq hərəkatının qəhrəman liderləri olmuş Səttar xan və Şeyx Məhəmməd Xiyabani haqqında irihəcmli kitablarım, Güneydə milli hərə­kat barədə məqalə və çıxışlar toplum festivalın qardaş ölkələrdən olan işti­rakçılarında böyük maraq doğurdu. Bu əsərlərin Türk dünyasında da yayılması barədə razılıqlar əldə edildi.

Festival misilsiz bir mədəniyyət bayramı təsiri bağışlayırdı. Çoxsaylı qonaqlarla bərabər, Azərbaycanın hər yerindən minlərlə kitabsevər də əsl türklük coşqusu ilə təntənələrə qoşul­muşdu. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, Milli Akade­miyanın prezidenti, akademik İsa Hə­bibbəylinin, ölkədə fəxri qonaq olan türk Nobel mükafatçısı, hamımızın iftixarı Əziz Səncərin festivalda iştirak etmələ­ri, dəyərli sözlər demələri nəhəng kitab auditoriyasında yüksək duyğu-düşün­cələr yaratmışdı. 

Mən bu festivalda ikinci dəfə idi iş­tirak edirdim. Ötənilki təəssüratım da unudulmazdır. Azərbaycan türk ortaqlığı çağırışları və təşəbbüsləri ilə Türk dün­yasının mənəvi cazibə mərkəzinə çevril­diyi kimi, Bakı ədəbiyyat və kitab festivalı da qardaş xalqların söz adamlarını 3 ildir bir araya toplayır, yeni hədəflərlə kitab mədəniyyətimizin zənginləşməsinə, türk oxucu auditoriyasının genişlənməsinə xidmət edir. Bu, yeni bir tarix, imperialist dairələrinin Türk birliyinə vurduğu yara­ların sürətlə sağaldılması, Türk sözünün yeni zəfəridir. Bakı Türk Ədəbiyyatı və Kitabı Festivalı özünü təsdiq edən bir mədəni formata çevrilib.

– Abdulla bəy, tanıyanlar sizi Ca­vanşir adı ilə də çağırırlar...

– Cavanşir mənim ədəbi, türklər de­miş, taxma adımdır və belə çağırılmaq mənə çox xoş gəlir. Cavanşir erkən orta əsrlərdə Azərbaycanı Sasani fars əsarətindən çıxarmış, yeni ərəb işğa­lınadək dövlət müstəqilliyini yaşatmış qəhrəman hökmdarımızdır. Onun ta­rixi hünəri bizm dövrdə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını xatırladır. Mən onun adını Azərbayca­nın azadlığı, bütövlüyü timsalı olaraq daşıyıram və bu amala xidmət edirəm. 40 milyonluq bir toplumun söz, kitab təmsilçisi olmaqdan hədsiz öyünc du­yuram. Bu gün Güney Azərbaycanın nicatı ana dilini, milli varlığını qoruyub yaşatmaqdan, mənəvi dirçəlişdən keçir.

– Söz, ədəbiyyat, kitab sərin-sa­zaqlı skandinav ölkəsində soydaşla­rımızın qərib könlünü necə isindirir?

– Bəli məhz isindirir və hər şeydən çox soyuq təsirlərdən qoruyur. Yad məmləkətdə biz mühacirlər nəslinin və övladlarımızın sığındığı mənəvi məkan ana dilimiz, doğma sözümüz, öz ki­tablarımızdır. Biz anadilli kitablara mil­li-mənəvi dəyərlərin saxlancı və tükən­məz mənbəyi kimi baxırıq. Stokholm bələdiyyə kitabxanasında ana dilində kitablar bölməsi yaratmışıq. Burada mindən artıq dəyərli nəşr toplanıb. Ev­lərimizdə də xeyli kitabımız var, bir-bi­rimizlə mübadilə edirik. Hər Bakıya gələndə ən qiymətli hədiyyəm kitab­larım, ən dəyərli yüküm isə apardığım yeni nəşrlər olur. İsveçdəki Azərbaycan səfirliyi də bizə vaxtaşırı dəyərli kitablar hədiyyə edir.

– Yeri gəlmişkən, elektron müha­cir kitabxanası yaratmaq olmazmı?

– Əlbəttə, olar. Biz intrnetdə anadilli kitablarımızla tanış ola bilirik. Amma ay­rıca mühacirlər seriyası da yaratmağın vaxtı çatıb. Milli Kitabxana bu işi daha mükəmməl yerinə yetirə bilər. Ayrı-ayrı müəəlliflər də əsərlərini bu elektron ün­vana yerləşdirsə, yaxşı olar. 

– Bakı Türk Dünyası Ədəbiyat və Kitab Festivalı sizə yeni mövzu ver­dimi?

– Səttar xan və Şeyx Məhəmməd Xiyabani haqqında kitablarımın maraq­la qarşılanması məndə XX əsrdə Gü­neydə ikinci dəfə dövlətçiliyimizi bərpa etmiş Seyid Cəfər Pişəvəri və Milli hö­kumət barədə də belə bir mənbə yarat­maq istəyini qətiləşdirdi. Arzum növbəti festivalda da iştirak etmək və həmin kitabı türk dünyası oxucularına çatdır­maqdır. Sonda bütün soydaşlarımızı kitabı sevməyə, fəal oxucu olmağa ça­ğırıram. Bizə dilimizi anamız öyrədir, ki­tablar isə soydaşlarımızı vətəndaş kimi yetişdirir. Bu mənada, kitab dilmizin və milli varlığımızın mənəvi anasıdır.

– Abdulla bəy, söhbətiniz oxucu­larımız üçün də maraqlı olacaq. Re­daksiyamızda görüşümüzün geniş videovariantı isə “Xalq qəzeti” TV-nin tamaşaçılarına təqdim ediləcək. Qərib diyarda soydaşlarımıza ana­dilli kitab dünyamızın, qəzetimizin və internet televiziyamızın fəal izləyi­ciləri olmağı arzulayırıq. 

Söhbəti yazıya aldı:
Tahir AYDINOĞLU
XQ

Müsahibə