Musiqi – mənəviyyatın qanunudur.
O, Kainata ruhunu, idraka qanad, təxəyyülə uçuş, kədərə cazibə,
hər nəsnəyə sevinc və həyat verir.
O – nizamın mahiyyətidir və hər şeyi yaxşılığa,
ədalətə və gözəlliyə doğru aparır.
Platon. "Dövlət" (e.ə.360-ci il)
2025-ci ildə Azərbaycan musiqi türkologiyasının təşəbbüskarı sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir-üzvü, Memarlıq və İncəsənət İnstitutunun “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsinin müdiri Rəna xanım Məmmədova-Sarabskayanın 75 illik yubileyi qeyd olunur. AMEA-nın Prezidenti akademik İsa Həbibbəylinin 10 fevral 2025-ci il 7/10 nömrəli “AMEA-nın müxbir üzvü Rəna Azər qızı Məmmədovanın 75 illik yubileyi haqqında” Qərarı Azərbaycan elminin, milli mədəniyyətin və ictimai həyatın inkişafında göstərdiyi müstəsna xidmətlərinə hörmət və ehtiramın nümayişidir.
Akademik elmin zirvələrinə qədər yüksəlmiş alim-qadın obrazı – həmişə elmi-ictimai mühitdə xüsusi maraq doğurmuş, intellektual gücün, qətiyyətin, mədəni missiyanın təcəssümünə çevrilmişdir. Müsahibə-dialoq janrında söhbətimizin əsas məqsədi Rəna Məmmədova-Sarabskayanın Azərbaycanda elmi fikrinin ən dərin və orijinal istiqamətlərindən biri olan musiqi türkologiyası məktəbininin təşəbbüskarı kimi geniş oxucu kütləsinə tanış etməkdir.
XXI əsr – identikliyin çağırışları, informasiyanın xaotik axınında məna-mündəricat axtarışları, azad mühitdə elm, incəsənət və mədəniyyətlərarası dialoq, mənəvi dəyərlərin transformasiya əsridir ki, bu da ənənəvi elmin, o cümlədən musiqişünaslıq sahəsində yeni yanaşmaların kulturoloji baxımdan təkrar qiymətləndirilməsi zərurətini diktə edir. Humanitar biliklərin genişlənməsi və lokal mədəniyyətlərin etnik kodlarına marağın artması şəraitində musiqini təkcə səs sənəti kimi deyil, həm də mentallıq, tarixi yaddaş və sivilizasion özünüdərk forması kimi təqdim olunmasına imkanlar yaradan elm sahələri xüsusi əhəmiyyət kəsb edir.
XXI əsr – identikliyin çağırışları, bəşəriyyətin mənəvi transformasiya, informasiyanın xaotik axınında məna-mündəricat axtarışları, mədəniyyətlərarası dialoq əsridir. Hazırda ənənəvi elmin, o cümlədən musiqişünas yanaşmalarının kulturoloji baxımdan yenidən qiymətləndirilməsinin zərurəti gündəmdədir. Bu baxımdan musiqi türkologiyası elm sahəsi kimi xüsusi mövqeyə malikdir. Azərbaycanda etnomusiqişünaslığı, kulturologiyanı və incəsənət fəlsəfəsini ətrafında birləşdirən musiqi türkologiyasının müstəqil elmi istiqamət kimi yaradılması təşəbbüsü Rəna xanım Məmmədova-Sarabskayaya məxsusdur. Məhz onun təfsirində Azərbaycan musiqi türkologiyası türk mədəniyyətinin aksioloji, estetik və sivilizasion kodlarının dərk edilməsini şərtləndirən humanitar platformaya çevrilmişdir.
Professor Rəna xanım Məmmədova-Sarabskayanın musiqi türkologiyası məktəbinin elmi müddəaları – həm səsin fəlsəfəsi, həm mədəni coğrafiyası, həm də türk xalqlarının musiqidə mövcudluq formasıdır. Məlumdur ki, sovet dövründə türk xalqlarının mədəniyyət və incəsənətini öyrənmək cəhdləri alimin pantürkizmdə ittihamı, nəticə etibarılə ictimai təqiblərlə yekunlaşa bilərdi. Lakin, o, hər şeyə rəğmən tələbəlik illərindən böyük cəsarət və fədakarlıq tələb edən elmi istiqaməti – musiqi türkologiyasını tədqiqatlarının prioriteti seçmiş, elmi baxışlarındakı əqidəsinə sonadək sadiq qalmışdır.
Rəna xanım Məmmədova-Sarabskayanın mühazirələri, doktorantlarla metodiki iş saatları, beynəlxalq konfrans və simpoziumlarda parlaq məruzələri, fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi üzrə şuralarda üzv, rəyçi və opponent kimi gərgin fəaliyyəti, yeni kitab, elmi məqalələr və məruzələr üzərində çalışmaları – bütün bunlar elm yolunu seçmiş gənc alim və tədqiatçılara yol göstəricisi və ilham mənbəyidir. R.Məmmədova-Sarabskayanın fundamental araşdırmaları gənc tədqiqatçıları türk xalqlarının uzaq əsrlərdən səslənən musiqi mədəniyyətini daha dərindən araşdırmağa ruhlandırır.
-Hörmətli Rəna xanım, ilk növbədə icazə verin Sizi yubileyiniz münasibtilə təbrik edim. Sizə yeni elmi uğurlar və tükənməz yaradıcılıq enerjisi arzu edirəm. Sıx iş qrafikinizə baxmayaraq, bizə vaxt ayırmağa razı olduğunuz üçün sizə minnətdarıq. Mühazirələr, doktorantlarla metodiki iş saatları, beynəlxalq konfrans və simpoziumlarda məruzələr, fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiə şuralarında üzv, rəyçi və opponent kimi fəaliyyətiniz, yeni kitab, elmi məqalələr və məruzələr üzərində çalışmalarınız – yalnız aysberqin görünən zirvəsidir. Əslində alimin fəaliyyətinin çox hissəsi cəmiyyətdən gizli qalır. Dərc olunan elmi əsərlər və məruzələrin arxasında böyük və gərgin tədqiqat işi, metodoloji işləmələr və elmi-pedaqoji fəaliyyət durur.
Bu müsahibəmizdə hələ tələbəlik illərində böyük cəsarət və fədakarlıq tələb edən elmi istiqamət – musiqi türkologiyasını seçmiş qadın-alim obrazını geniş ictimaiyyətə tanıtmağa çalışacağıq. Məlumdur ki, sovet dövründə türk xalqlarının mədəniyyət və incəsənətini öyrənmək cəhdləri alimin pantürkizmdə ittiham olunması, yekunda isə ictimai təqiblərlə nəticələnə bilərdi. Lakin Siz bütün bunlara baxmayaraq elmi baxışlarınızdakı əqidənizə sonadək sadiq qaldınız. Bunu qələmə aldığınız elmi məqalələr, monoqrafiyalar, mötəbər elmi-tədqiqat mübadilə platformalarında səsləndirdiyiniz çox saylı çıxışlarınız sübut edir.
Düşünürəm ki, siz də mənimlə razılaşarsınız ki, əsl fədakar alimin əsas peşəkar kodeksi onun ideyalarına sarsılmaz bağlılığı, elmi ənənələrin varisliyinə hörmət və yeni biliklərə yol açmış Böyük elm xadimlərinə səmimi minnətdarlıq hissinin bəsləməsi müddəalarında öz əksini tapır. Hansı hadisələr və ya şəxsiyyətlər Sizin bütün həyat fəaliyyətinizin kredosu kimi türk xalqlarının musiqi mədəniyyətinin öyrənilməsini təyin etməyə sövq etdi, ilhamlandırdı?
-Təbriklərinizə, səmimi sözlərinizə, Sizin elmi fəaliyyətimə göstərdiyiniz maraq və diqqətə görə çox sağ olun.
Mən akademik mühitdə böyümüşəm. Valideynlərim tarixçidirlər və ömürləri boyu Azərbaycan Milli Elmlər Akademiyasında çalışıblar. Mənim professional seçimimi məhz bu mühit müəyyənləşdirdi. Valideynlərim məşhur alimlərlə ünsiyyətdə olurdular. Ailəmizə yaxın olan görkəmli alimlərin – filosofların, tarixçilərin, şərqşünasların, etnoqrafların pleyadası məndə elmə təkcə maraq deyil, həm də deyilən və yazılan hər sözə görə məsuliyyət hissini tərbiyə edirdi. Mən həmişə xatırlayırdım: “Adət-ənənə külə sitayiş deyil, od ötürməkdir”.
Artıq 50 ildir ki, mən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışıram, əmək fəaliyyətimə laborant vəzifəsindən başlamışam. 30 ildən artıqdır ki, “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsinə rəhbərlik edirəm. Azərbaycan musiqi mədəniyyətinin milli xüsusiyyətlərinə, köklərimizə olan maraq elmi fəaliyyətimə həmişə stimul verirdi. Musiqi türkologiyasına dair ilk məqaləmi 1973-cü ildə Konservatoriyanın (indiki BMA) beşinci kursunda oxuyanda yazmışdım. Amma qohumlarım, dostlarım məni həmin məqaləni çap etməkdən çəkindirdilər. Eyni zamanda, atam Azər Sarabski və onun yaxın dostu, görkəmli alim Mirəli Seyidov mənə çox böyük dəstək oldular. Onların dəstəyi sayəsində Şərqin musiqi mədəniyyətini öyrənilməsini sistemli şəkildə həyata keçiridim.
80-ci illərin ortalarında “Müqayisəli sənətşünaslıq” şöbəsinin təşkili mənə həvalə olundu ki, burada aparılan elmi-tədqiqatların prioritetini musiqi türkologiyası təşkil etdi.
Azərbaycan elmində musiqi türkologiyasının banisi Üzeyir Hacıbəyli olmuşdur. 1919-cu ildə “İstiqlal məcmuəsi” dərgisində böyük Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsi dərc edilmişdir. 2005-ci ildə məqalə Azərbaycan etnomusiqişünaslığında əlamətdar hadisə kimi tanınmış alim, professor Fərəh xanım Əliyeva tərəfindən geniş ictimaiyyətə təqdim edilmişdir. O, nəinki Üzeyir Hacıbəylinin əvəzsiz mətnini “kəşf etdi”, nəinki müqəddimədə həmin mətni şərh etdi, həm də müfəssəl terminlər lüğətini yaratdı.
Təkcə onu demək kifayətdir ki, artıq Ü.Hacıbəyli sözügedən əsərinin ikinci hissəsində müxtəlif türk xalqlarının musiqisinin müqayisəli təhlilini verir. Belə ki, professor F.Ş.Əliyeva yazır: “Ü.Hacıbəyli Azərbaycan musiqisini sosial və ümümtürk kontekstində tədqiq edir, həmçinin onların fərqli və ortaq xüsusiyyətlərini də qeyd edir”. Sonra da davam edir: “Bu ideyalar ayrıca bir istiqamət kimi musiqi türkologiyasının əsasını qoydu”. Qeyd etdiyim kimi, 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda müqayisəli sənətşünaslıq şöbəsini yaratdım. Şöbənin apardığı elmi tədqiqatlarının prioritetini musiqi türkologiyası sahəsində problemlərin araşdırılması və tədqiqi təşkil edir.
Şübhəsiz ki, Azərbaycan humanitar elmində musiqi türkologiyası məktəbi formalaşıb. Mühüm məsələdir ki, musiqi türkologiyasının inkişafı və tədqiqat problemlərinin formalaşdırılmasında yeni ideyaların aktuallaşdırılması təkcə müqayisəli sənətşünaslıq sahəsində deyil, bütövlükdə humanitar elm üçün zəruridir. Azərbaycan tədqiqatçıları musiqi türkologiyasına dair elmi əsərlərində türkdilli xalqların musiqi mədəniyyətinin sistemli müqayisəli təhlili irəli sürülür. Əsas vəzifə türk musiqisi nitq modellərinin xarakteristikasıdır.
Azərbaycan humanitar elmində musiqi türkologiyasının prioritetində iki mühüm tezis mərkəzi mövqe tutur. Birincisi, Azərbaycan xalqının etnogenezinin onun musiqi mədəniyyəti işığında araşdırılmasıdır. İkincisi, türkdilli xalqların ortaq musiqi genefondunun axtarışıdır. Bununla belə, vurğulamaq lazımdır ki, Azərbaycan musiqisinin özünəməxsus xüsusiyyətlərinin, bədii funksionallığının səciyyəvi cəhətlərinin öyrənilməsi birinci dərəcəli məsələdir.
-XXI əsr təkcə sosial və mədəni reallıqları deyil, həm də alimin obrazını dəyişib. Klassik ziyalıların tektonik təbəqəsi dinamik lavaya – biliyin yeni üfüqlərini formalaşdıran və qlobal dünyanın çağırışlarına cavab verməyə qadir olan güclü intellektual hərəkata çevrilib. Bu gün elmi məqalə aparılan tədqiqatların nəticələrini təcəssüm forması olmaqla yanaşı, həm də intellketual-alimlərin dövrümüzün aktual problemlərinə reaksiyanın operativliyini əks etdirir. Nüfuzlu kitabxanalara və elmmetrik verilənlər bazalarına daxil olan jurnallarda dərc edilmiş 400-dən çox elmi məqalələrinizdə Sizin intellektual-müəllif kimi konseptual münasibətlərinizin təkamülünü izləmək mümkündür. Dövrümüzün proseslərinə, inkişaf tendensiyalarına cavab olaraq elmi məqalələrinizin birində analitik kəlmələrlə qətiyyətlə bildirirsiniz: "Musiqi türkologiyası özəl təşəbbüs deyil, türkçülüyə dəb xətrinə alüdəçilik deyil. Bu, qloballaşma, inteqrasiya proseslərinin diktə etdiyi strateji layihədir".
Alimin kitab irsi onun elmi inkişafının bütün mərhələlərini əks etdirir, ideyalarının dərinliyindən, sistemliliyindən və davamlılığından xəbər verir. “Azərbaycan muğamlarının musiqi-estetik xüsusiyyətləri” (1987); “Azərbaycan muğamında funksionallıq problemi” (1989); "Azərbaycan muğamı" (2002); "Ədəbiyyat və musiqi" (2002); “Musiqi türkologiyası” (2002); “Azərbaycan musiqili teatrı tarixindən” (2006); “Rusiya və Qafqaz” (2010), “Etnomusiqişünaslığa dair oçerklər” (2015), “Azərbaycanın musiqi türkologiyası problemləri” (2020), “Musiqi türkologiyasının metodoloji əsasları” (2025) və s. monoqrafiyaların adlarına biz AMEA-nın “Azərbaycanın elm və mədəniyyət xadimləri” adlı nəşrlər silsiləsindən olan “Biblioqrafik göstərici”də (2025, Elm) rast gəlirik.
Uzun illərin gərgin elmi fəaliyyətinizin kulminasiya zirvəsi – fundamental “Musiqi türkologiyasının metodoloji əsasları” (2025, Optimist) adlı monoqrafiyanızdır. Həmin əsərinizdə Azərbaycan sənətşünaslığında ilk dəfə olaraq türk xalqlarının musiqi təfəkkürü özünəməxsus mədəni kod kimi müfəssəl ardıcıllıqda təhlil olunur. Elmi ictimaiyyət tərəfindən monoqrafiyanız postsovet məkanında yeni elmi paradiqmanın formalaşmasına mühüm töhfə kimi qiymətləndirilir. Siz bu monoqrafiyada tarixi təcrübəyə və mənəvi varlığa malik türk xalqlarının musiqisini xüsusi təfəkkür forması kimi dərk edilməsinə imkan verən müəllif metodologiyanızı təqdim edirsiniz.
Sizin musiqi türkologiyasının öyrənilməsinin unikal müəllif metodologiyanızın əsasında hansı konseptual prinsiplər əsas yer tutur, və bu metodologiyanın ənənəvi yanaşmalardan fərqini nədə görürsünüz?
-Bəli, təbii ki, musiqi türkologiyası özəl təşəbbüs deyil. Qloballaşma, inteqrasiya proseslərinin diktə etdiyi strateji layihədir. Musiqi türkologiyası mədəni təcrübəni özündə cəmləşdirdiyi üçün transmədəni bir hadisədir. Musiqi türkologiyası mədəniyyətlərin dialoqu nəticəsində yaranmış və bu gün Azərbaycan humanitar elmi kontekstində üzvi, ayrılmaz bir hadisə kimi fəaliyyət göstərir. Biz elə bir ümumi nəzəriyyə yaratmağa çalışırıq ki, o müəyyən musiqi mədəniyyəti qrupuna, daha dəqiq – türk musiqi mədəniyyətinin öyrənilməsi üçün aktual olsun.
Ölkə musiqişünaslığında Azərbaycan xalq musiqisi milli musiqi təfəkkürü kontekstində, yəni lokal çərçivədə öyrənilir. Bizim vəzifəmiz onu ümümtürk dünyası müstəvisinə çıxarıb və türk səs mühiti ilə müqayisə etməkdir.
Türk etnik koordinatının sabitliyi qeyd-şərtsizdir. Bununla belə, Azərbaycan xalqının etnogenezi dərin bir hadisədir. Ona görə də Azərbaycan etnomusiqişünaslığı Azərbaycan xalq musiqisinin türk musiqi köklərinin tədqiqi tərkibində fars, ərəb-müsəlman komponentləri olan Qafqaz etnomədəni hadisə kimi yanaşmağa imkan verəcək. Təbii ki, bu mədəni “layları” fərqləndirmək kifayət qədər çətindir, lakin mümkündür. Azərbaycan musiqi elmində yeni bir istiqamətin - musiqi türkologiyasının təşəkkülü, musiqi türkologiyasına təkcə mütəxəssislərin deyil, ictimaiyyətin də marağının artması bir çox amillərlə izah olunur. Bu gün cəmiyyəti ən çox etnosun mental ideyasının milliləşdirilməsi problemi narahat edir.
Türk xalqlarının etnogenezi – çoxəsrlik tarixi yol keçən etnomədəni sistemlərin mürəkkəb “palitrası”dır. Məlum olduğu kimi, burada inteqrasiya, avtoxton əhalinin köçərilərə qarışması, transformasiyalar, assimilyasiya və s. proseslər baş verib. Lakin son nəticədə türk “nişanəsi” mədəniyyətin spesifikliyini yaradır: onun özünüidentifikasiyası birmənalıdır. Uzun əsrlər boyu türk xalqlarının yaradıcılığı, öz etnik arealına bir çox etnik qrupların mədəniyyətini daxil edərək, türk dilinin özünəməxsusluğunu qoruyub saxlamışdır. Və artıq bu gün bu barədə birmənalı olaraq danışa bilərik.
Türkdilli xalqların musiqisində etnokod axtarışı türk dünyasının müxtəlif regionlarını təmsil edən alimlərin əməkdaşlığını tələb edir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsində planlı şəkildə “Türk xalqlarının musiqi antologiyası”, “Türk musiqi lüğətinin atlası”, “Türk dünyası mədəniyyətlərinin qarşılıqlı əlaqələri atlası” kimi layihələr reallaşdırılır.
Bu gün musiqi türkologiyası Azərbaycan musiqişünaslığında kifayət qədər möhkəm mövqe tutmuşdur. Üstəlik, elmin inkişafı onun ilkin mövqelərinin doğruluğunu təsdiqləyib. Müasir elmdə türk xalqlarının tarixi və mədəni yaxınlığının öyrənilməsi, şübhəsiz ki, böyük maraq doğurur. Türk etnomədəniyyətində geniş Avrasiya regionunun musiqi folklorunun mühüm inkişaf qanunauyğunluqları əksini tapır. Türk xalqlarının tarixi talelərinin ümumiliyi, əsrlər boyu oxşar inkişaf mühiti onların mənəvi mədəniyyətinin ümumi cəhətlərinin formalaşmasına gətirib çıxarmışdır ki, bu da musiqi folklorunda öz əksini tapmışdır. Müqayisəli tədqiqat metodlarının məhsuldarlığı, funksionallığı tədqiq olunan obyektlərin həm universal, həm də spesifik cəhətlərinin müəyyən edilməsində öz bəhrəsini göstərmiş olur.
-Mənə musiqi türkologiyası sahəsində gələcək tədqiqatların yaradıcılıq perspektivləri də maraqlandırır.
-İlk növbədə, bu, türkdilli xalqların musiqi mədəniyyətinə dair materialın coğrafi genişlənməsidir. Müqayisəli təhlil metodologiyasının imkanlarından istifadədir. Şübhəsiz ki, türk musiqi dilinin kodlaşdırılması üçün türkdilli xalqların musiqi mədəniyyətinə dair geniş materialın müqayisəli təhlilə cəlb edilməsi zəruridir.
Daha sonra. Musiqi türkologiyası kontekstində müqayisəli araşdırmalar fənlərarası bilik səviyyəsinə ekstrapolyasiya edilməlidir. Musiqi türkologiyası sahəsində prioritet əhəmiyyətə malik müasir tədqiqatların tənzimləyici funksiyası fənlərarası araşdırmalarda əksini tapır.
Vurğulamaq lazımdır ki, Azərbaycan humanitar elminin inkişafında müxtəlif biliklərin inteqrasiyasına kəskin ehtiyac var. Bu aspektdə musiqi türkologiyası mədəniyyət hadisəsini fənlərarası biliklərin bir hissəsi kimi nəzərdən keçirməyə imkan verir və yalnız bu aspektdə türkdilli xalqların musiqisinin öyrənilməsinə izahedici parametrləri cəlb etmək mümkündür. Ümumiyyətlə, vurğulayaq ki, etnomusiqişünaslığın konseptual mərhələləri fənlərarası xarakter daşıyır, çünki onlar mütləq şəkildə tarix, etnoqrafiya, dilçilik və sənət əsas vektorlarını ehtiva edir.
Bu gün musiqi türkologiyasının üçüncü və mənim fikrimcə, əsas prioritetinə keçərək qeyd etmək istərdim ki, ən aktual fakt odur ki, Azərbaycan musiqisi musiqi dilinin genezisi və təkamülü səviyyəsində öyrənilməlidir. Burada əsas məsələ səciyyələndirmək, bəyan etmək deyil, təsvirçilikdən qaçaraq, həm də onun tarixi inkişafı prosesində milli spesifik xüsusiyyətlərin dərin impulslarını üzə çıxarmaqdır.
Türkdilli xalqların mədəniyyətini öyrənərək onun vahid bütövlükdə başa düşülməsinin zəruri olduğunu dəfələrlə vurğulamışam. Eyni zamanda, daimi çoxalma xarakteri daşıyan ümumi determinantlar həm də türkdilli xalqların musiqi mədəniyyətinin yerli, genetik təzahürləridir.
Musiqi türkologiyası etnomusiqişünaslığın bir hissəsi kimi geniş tədqiqat spektrinə malikdir. Mən sabaha saxlamadan öyrənilməsini zəruri hesab etdiyim bir neçə aspekti vurğuladım. Və nəhayət, etnomədəniyyətlə bağlı bir aspekti də qeyd edim. Məhz türkdilli xalqların mədəniyyətində arxaik dünyagörüşün, bədii mədəniyyətdə funksional simvolizmin, ayin mədəniyyətinin, ritual motivlərin və s.-nin təhlilə cəlb edilməsi zəruridir.
-“İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsi 30 ildən çoxdur fəaliyyət göstərir. Şöbənin fəaliyyəti ictimai rezonansa səbəb olubmu?
-Əməkdaşların müxtəlif nəşrlərdə dərc olunan məqalələri, nüfuzlu konfranslardakı məruzələri və sairə elmi araşdırmaları ilə yanaşı onların elmi fəaliyyətlərinin əsas nəticələri şöbədə sistematik olaraq dərc olunan “Müqayisəli sənətşünaslıq” adlı elmi topluda əksini tapır. Həmin toplunu elmi məqalələr toplusunu Azərbaycan alimlərinin səmərəli fəaliyyəti üçün motivasiya kimi xarakterizə etmək olar. Burada dərc olunan tədqiqatlar müqayisəli sənətşünaslığın semantik kontekstinə nəzər salır.
Sözügedən elmi məqalələr toplusunun hər yeni buraxılışı müqayisəli sənətşünaslığın problemlərinin inkişafında yeni mərhələni əks etdirir. Toplunun materiallarında müəlliflər tərəfindən təqdim olunan bir sıra elmi konsepsiyalar irəli sürülür. Bu konsepsiyalar təkcə elmi və praktiki əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın bədii mədəniyyətinin inkişafı kontekstində innovativ xarakter daşıyır. Onu da qeyd edək ki, nəşr olunan toplular müqayisəli sənətşünaslıq elmi bilik sahəsinin inkişafı üçün möhkəm zəmin yaradıb.
Humanitar elmlərdə yeni ideyaların irəli sürülməsi olduqca zəruridir ki, bu da müqayisəli sənətşünaslıq sahəsinin qabaqcıl inkişafını təmin edir. “Müqayisəli sənətşünaslıq” toplusunun sistemli şəkildə nəşr edilməsinin məqsədəuyğunluğunu məhz müqayisəli tədqiqat metodunun yeni müstəvidə inkişafını müəyyən etdi.
“Müqayisəli sənətşünaslıq” toplusunun elmi kollektivinin tədqiqatlarını qabaqcıl təcrübə nümunəsi kimi səciyyələndirmək olar. Çünki həmin məcmuə xüsusi olaraq müqayisəli sənətşünaslıq problemlərinə həsr olunmuş ilk məqalələr toplusudur ki, burada sözügedən elm sahəsinin müxtəlif aspektləri inkişaf etdirilir. Vurğulayaq ki, topluların materialları daim geniş oxucu kütləsinin maraq dairəsindədir.
-Sizin elmi əsərlərinizin musiqişünaslıq sahəsində önəmli mövqeyi ilə yanaşı, onların kuturuloji dəyəri də qeyd olunmalıdır. Çünki sizin tədqiqatlarda türk xalqlarının musiqisi həm özünütəsdiq etmiş bədii fenomen, həm də məna daşıyıcısı kimi çıxış edir. Əsatirlərdə, xalça naxışlarında və ya memarlıq formalarında olduğu kimi türk musiqisinin melodikasında da şifrələnmiş dünyagörüşdə zamanın obrazını, məkanın qavrayış özəlliyini, təbiətə və insana münasibəti izləmək olar.
Bu kontekstdə Sizin Azərbaycan muğamlarının etnik aspektdə öyrənilməsinə konseptual yanaşmanız xüsusi maraq doğurur. Xüsusilə qeyd edirsiniz ki, muğam Azərbaycan xalqının bədii təfəkkür prinsipidir, onda bütövlükdə Azərbaycan incəsənətinin özünəməxsus orijinallığını şərtləndirən funksional məzmunu görürsünüz. Sizin yozumunuzda Azərbaycan muğamı həm folklor mənbələrini, həm də kanonik nümunələri özündə cəmləşdirən şifahi peşəkar ənənədir. Eyni zamanda siz iddia edirsiniz ki, muğam sadəcə “uzaq keçmişin abidəsi” deyil, eyni zamanda canlı orqanizmdir, Azərbaycanın müasir musiqi həyatının tərkib hissəsidir. Və burada, təbii olaraq, sizə belə bir sualımız yaranır: Azərbaycan muğamında hansı əsas kulturoloji mənalar şifrələnib?
-Mənim Kiyev Konservatoriyasında müdafiə etdiyim doktorluq dissertasiyası Azərbaycan muğamının mənşəyi və onun təhlilinin yeni prinsiplərinə həsr olunmuşdur. Elmi-tədqiqat fəaliyyətimə məhz Azərbaycan xalqının etnogenezinin dərk edilməsindən başlamağım məni Azərbaycan muğamının mənşəyini öyrənməyə sövq etdi.
Azərbaycan muğamının mənşəyinin tədqiqi xüsusi əhəmiyyət kəsb edir, çünki muğamın xarakterik xüsusiyyətlərinin formalaşması onun milli özəlliyi, Azərbaycan xalqının vahid etnik bütöv hadisə kimi formalaşması ilə bağlıdır. Əsrlər boyu qorunub, günümüzə qədər gəlib çatmış Azərbaycan muğamları təkcə musiqi təfəkkürünün yüksək mütəşəkkilliyinə deyil, həm də onlarda təzahürünü tapan Azərbaycan folklorunun estetik dəyərli arxetipinə dəlalət edir. Mən Azərbaycan muğamının melodik strukturunda folklor əsasının, xalq melodiyalarının elementlərinin mənimsənilməsi prosesinin “orijinallığını” nəzərdə tuturam, mənbələrinin daxili bölünməzliyi hələ də açılmamış məsələ olaraq qalır. Axı muğam bir forma olaraq ilkin ola bilməzdi, onun formalaşmasına uzun bir yol olub.
Odur ki, muğam fenomenini Azərbaycan xalqının bədii təfəkkür ahəngdarlığının formalarından biri kimi göstərmək muğamın milli köklərinin spesifikliyini sübut etmək deməkdir. Məlum olduğu kimi, muğamın başlanğıcında xalq yaradıcılığı dayanır. Muğamlar folklor mənbələri ilə sıx bağlıdır. Muğamın formalaşmasında iştirak edən xalq yaradıcılığı Azərbaycan musiqisinin monumental, bədii cilalanmış forma kimi bərqərar olunması üçün əsas, möhkəm bünövrə olmuşdur. Və məhz belə bir bünövrə sayəsində muğamların “abidəsi” Şərq xalqlarının mədəniyyət tarixindən heç bir iz buraxmadan yoxa çıxmamış, xüsusi dərinliyi və ifadəliliyi ilə seçilən fundamental xassələri ilə qorunub saxlanılmışdır. Bir çox tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi, Şərqdə muğam sənəti xüsusi muğam intonasiya quruluşu ilə səciyyələnir.
Bu oxuma növünün qədim zamanlardan bəri mövcud olmasına çox nəsnələr xəbər verir. Vurğulayaq ki, muğamlılıq, ilk növbədə, deyilən sözün sehri ilə ovsunlayır. Muğam sənətinə emosional nitqin qatılaşması, səsin heyranlıqla seyrinin xüsusi keyfiyyəti ilə səciyyələnir. Qədim dövrlərdən Yaxın Şərqdə söz və vaizlik kultu yaranmışdır. Xanəndənin missiyası, ilahi təlqin, poetik istedadının ilahi veyhin mənbəyi haqqında rəvayətlər indi də yaşamaqdadır. Ümumiyyətlə, demək lazımdır ki, peyğəmbərlik, sözün qüdrəti motivi Azərbaycanda qədim zamanlardan mövcud olub. Yada salaq ki, əfsanəvi Zərdüştün qataları da ecazkarlığı və sonsuz təəşşüqlü söz ilə fərqlənən nitq ölçüsilə sehrinə salan reçitativ kimi ifa olunub. Muğam sözlə insana təsiri təşviq edir. Başqa sözlə, burada sadəcə olaraq sözləri oxuyub tələffüz etmək yetərli deyil, sözlə İnsanın ruhunu oxşamaq lazımdır. Muğam sözün təlqin qüvvəsi hesabına qüdrətlidir.
-Əgər elmin və elmi kommunikasiyanın inkişafı prizmasından yanaşsaq, elmi konfranslar alimlərin fəaliyyətində son dərəcə mühüm rol oynayır. Həmin tədbirlər alimlər üçün tədqiqatlarından alınan mühüm nəticələri təqdim etmək, qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq, fikir mübadiləsi aparmaq və elmi sahələrin yenilənməsi üçün bir növ platformadır. Konfranslar mahiyyət etibarilə canlı dialoq platformasıdır, burada biliklər həm translyasiya olunur, həm də həmkarların elmi fərziyyələrinin etibarlılığı yoxlanılır. Bizə məlumdur ki, Siz fəaliyyətin bu formasına böyük diqqət yetirirsiniz. Çünki hesab edirsiniz ki, elmi dialoq vasitəsilə təkcə şəxsi inkişaf deyil, həm də elmin institusional inkişafı mümkündür. Sizin YUNESKO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasında “Muğam aləmi” Beynəlxalq Simpoziumunda, Bakı Humanitar Forumunda, Lixaçov oxunuşlarında, Sankt-Peterburqda, Moskvada keçirilən məruzələrinizdə və bir çox ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarınız buna sübutdur. Qeyd etməliyik ki, XXI əsr həm də dialoqun formasını dəyişib. Bu gün Şərq, xüsusilə Türk dünyası, o cümlədən Azərbaycan alternativ düşüncə modeli və öz metodoloji tədqiqatlarının paritetliliyi ilə fərqlənir. Sizcə, bu vəziyyətdə “elmi dialoqun imperativ tonu” mümkündürmü?
-Həqiqəti bəyan edən imperativ şüarlar şübhə doğurmamalıdır. Əks halda onlar müasir alimlərin konsepsiyalarına təsir edə biləcək dərəcədə saxta impuls təhlükəsi daşıyır. Ona görə də musiqinin, o cümlədən türkdilli xalqların tarixi və nəzəriyyəsi ilə bağlı aşkar faktlara əsaslanmaq vacibdir. Mən maraq dairəmdə olan məsələlərlə bağlı dialoqa və müzakirələrə üstünlük verirəm. Çoxsaylı beynəlxalq forumlarda iştiraklarımın əsas motivasiya səbəbi həmkarlarımla ünsiyyət, fərqli fikirlərə olan marağımdır. Mənə işimin qiymətləndirilməsi olduqca önəmlidir.
-Hər dəfə söhbətlərimiz zamanı mən Sizin kitaba, daha doğrusu 8000-ə yaxın kitabı olan ev kitabxananıza həssas məhəbbətinizi dönə-dönə kəşf edirəm. Düşünürəm ki, bu kitabxana Sizin üçün sadəcə nəşrlər toplusu deyil. Həmin kitabxana canlı intellektual mühitdir ki, burada ideyalar yaranır, yeni elmi əsərlərin başlanğıcı qoyulur. Lakin müasir rəqəmsal yüklənmə və klip düşüncəsi sürətlə kağız kitabların rəqəmsal mediya ilə əvəz edilməsini şərtləndirir. Amansız informasiya əsrində “ev kitabxanası” ənənəsi ilə yeni bilik formatları arasında canlı əlaqəni necə qoruyub saxlaya bilərik? Bu barədə fikirləriniz bizə çox maraqlıdır. Sizcə, tədqiqatçının formalaşmasında kitab hansı rol oynamalıdır? Elmi informasiyanın rəqəmsal formatı, son zamanlar isə süni intellekt dərin elmi təfəkkürün formalaşmasına mənfi təsir göstərə bilərmi?
-Bu gün bizim həyatımız İnternetsiz təsəvvür edilə bilməz. Müəyyən hallarda İnternet bizim məlumatın sürətlə əldə etməyimizi olduqca asanlaşdırır. Ancaq burada iki məqam var. Birincisi, İnternet bizə tam biblioqrafik məlumat vermir. XVIII, XIX və XX əsrlərin nadir nəşrləri praktiki olaraq İnternetdə yerləşdirilməyib. İkincisi, kitabla bir başa təmasdan alınan hiss-həyəcan mənim üçün çox önəmlidir. Çünki kitabın özünəməxsus aurası var və kitab oxumaq prosesi birgə yaradıcılığın xüsusi bir növüdür. Ötən XX əsrin elmi təfəkkürü bizə çoxlu parlaq, perspektivli ideyalar bəxş etdi. Və biz onları deşifrə etməyə borcluyuq. Çünki humanitar elmlərdə sürətlə “çoxalmaqda olan” müasir terminologiya bizi avtomatlaşdırılmış düşüncəyə sürükləyir. Lakin elmi dili və ideyaları ilə bənzərsiz olan alimlərin yaradıcılığına qayıtmağın vaxtı çatıb. Əminəm ki, bu “dünən” deyil, bu bizim gələcəyimizdir. Yalnız mənbələrin orijinalına müraciət etməklə həqiqəti tapa bilərik. İnternetə yerləşdirilməyən, lakin nadir kitabxanların kolleksiyalarında olan çox qiymətli məlumatlar var. Başa düşməliyik ki, süni intellekt heç vaxt bədii yaradıcılıq, təxəyyül, fərdi istedad kimi fenomenləri əvəz etməyəcək. Məhz bu komponentlər kitabla dolğun ünsiyyəti təşkil edən amillərdir.
-Söhbətimizin yekununda həqiqi alim-musiqişünas portretini tamamlamağa çalışaraq Sizin əsl humanistliyinizə, xalqınıza səmimi məhəbbətinizə inamlı ştrixlərlərlə parlaq rəngləri əlavə etməməyi bilmərəm. Sizin tələbə, elmi dərəcə almaq istəyən doktorantlarla iş prosesinin yüksək elmi ünsiyyət mədəniyyətini nümayiş etdirir. Opponent fəaliyyətinə mündəricatlı və prinsipial yanaşma ilə yanaşı elmi dərəcə iddiaçısı olan qarşı tərəfə obyektiv xoşməramlı yanaşmanız Sizin yüksək peşəkarlığınıza dəlalət edir. Dialoqumuzu xoş notlarla bitirərkən bir məsələyə də toxunum. Elmi fəaliyyət yolunu seçmiş gənc tədqiqatçılara nə arzu etmək istərdiniz? Sizin xeyir duanız əminəm ki, həqiqətən Elmi Kəlama sadiq olan bir çoxlarına yol göstərən Qütb ulduzu olacaq.
-Sualınıza ətraflı cavab vermək istərdim. Lakin mən ən aktual üç məsələ üzərində dayanacağam. Müasir musiqi elmi üç terminoloji ənənənin - Azərbaycan, rus, ingilis dillərinin qovşağındadır. Yeni reallığın dərk edilməsinin vacibliyi bizi Azərbaycan musiqişünaslığında terminologiya problemlərini yenidən araşdırmaq zərurətini qarşısına qoyur.
Azərbaycan musiqişünaslığının terminologiyası sahəsində böyük nəzəri əhəmiyyət kəsb edən kifayət qədər problemli məsələlər mövcuddur. Eyni zamanda, vurğulamaq istərdim ki, Azərbaycan musiqi elmini istedadlı, yüksək peşəkarlığa malik alimlər təmsil edir, onların yaradıcılığında terminoloji “geştalt” üzvi funksiyanı yerinə yetirir. Azərbaycan musiqi elmində məhz onların çiyninə selektiv seçim və terminoloji təmizliyin qorunması məsuliyyəti düşür. Bu gün bu və ya digər terminin düzgün tətbiqi məsələsi ortaya çıxır.
Artıq aydındır ki, Azərbaycan transkripsiyasında musiqi terminlərinin dəqiq parametrlərinin müəyyənləşdirilməsində ümumi məxrəcə gəlmək lazımdır. Eyni zamanda, Azərbaycan nəzəri musiqişünaslıq tarixində mövcud olan səmərəli, məqsədəuyğun istiqamətləri birləşdirmək zəruridir. Bundan əlavə, məqsədləri, vəzifələri dəqiqləşdirmək və ən məhsuldar ideyaları formalaşdırmaq gərəklidir.
Azərbaycan musiqi elmi ənənəvi musiqişünaslığın həm elmi aparatına, həm də metodoloji vektorlarına əsaslanan nəzəri bazaya malikdir. Təbii ki, humanitar elmlər, musiqişünaslıq inkişaf edir və Azərbaycan nəzəri elminin əsaslarının bütün potensial imkanlarının yenilənməsini tələb edir. Eyni zamanda elmi mətnin aydınlığı və ifadəliliyi zəruridir ki, bu da yalnız musiqi biliklərinin universallaşması şərti ilə mümkündür.
Mən diqqətinizi musiqi ekologiyasına yönəltmək istərdim. Müasir musiqi folklorunun funksionallığı ənənəvi kontekst əlaqələrinin itirilməsi vəziyyətində həyata keçir. Bu açıq-aydındır, və qeyd edim ki, çox kədərli haldır. Buna baxmayaraq, xalq musiqisində bir vaxtlar ənənəvi musiqinin ritual, sərt qaydaları ilə müəyyən edilmiş həmin sabit, genetik cəhətdən şərtləndirilmiş impulslar bu gün də qorunub saxlanılır. Ona görə də Azərbaycan xalq musiqisinin janrları arasında vaxtilə mövcud olan əlaqələri “bərpa etmək” özəlliklə vacibdir.
Bu gün Azərbaycan folklorunun funksional kreativliyi, əlbəttə ki, Yeni İnsanın tərbiyəsindən asılıdır. Belə tərbiyənin əsasında milli səciyyəli Azərbaycan ideyası dayanmalıdır. Və burada xalq musiqisinə mühüm yer verilməlidir. İfaçılıq təcrübəsində xalq və müasirliyin sintezinə yönəlmiş eksperimentlər, uğurlu və ya uğursuz müxtəlif hər cür proseslər marginal ola bilər. Lakin Azərbaycan xalq musiqisinin əbədi dəyərləri – bünövrəsində duran əsaslar qorunmalıdır.
Eyni zamanda, biz Azərbaycan xalq musiqisinin dəyərlərinin devalvasiyası bir yana, səsli musiqi mühitimizin çirklənməsi şəraitində yaşayırıq. İnformasiya məkanı Azərbaycan xalqına yad elementlərlə doludur. Bu gün xalq musiqi mədəniyyəti müxtəlif, mən deyərdim ki, “ekoloji cəhətdən zərərli” təsirlərə xəssasdır. Xalq musiqi mədəniyyəti ilə qarşılıqlı əlaqədə olan kütləvi şüurun müəyyən təbəqəsi kimi bu zövqsüzlük axınını subkultura və ya onun ikinci dərəcəli forması adlandırmaq olardı. Lakin profanasiyanın (təhrif etmənin, korlanmanın) ciddi terminoloji tərifləri ola bilməz. Onu aradan qaldırmaq lazımdır.
Məni narahat edən aşağıdakı aspektə də diqqət çəkmək istəyirəm. Tanınmış bir seçim dilemması var - ruh və kəlam. Bizim məsələdə bu elmi bilik və ifadə üslubudur. L.A.Mazel deyirdi ki, bədii əsər haqqında qeyri-bədii şəkildə yazmaq qeyri-mümkündür. Mən L.A.Mazelin “Klassik harmoniya problemləri” kitabını təkrar-təkrar detektiv roman kimi oxuyuram. Həmin alim fərdi üslubu, şəxsiyyəti, materialın təqdimat üslubunun unikallığı ilə seçilir.
Tamamilə razıyam ki, elmi dərəcə iddiaçıların qarşısına müəyyən tələblər qoyulmalıdır. Bu məqədəuyğundur, yeri gəlmişkən, qanunidir. Lakin nə dərəcədə səmərəlidir? Elmi işlər əsas ideya və məzmundan məhrum olur, axtarışın canlı ruhu yox olur. Tədqiqatçı faydalı, lakin müstəxəb parametrlərin ardınca getməyə məcbur olur.
Söhbətin yekununda, musiqişünaslıq sahəsində aparılan tədqiqatlarımı ümumiləşdirərək deyə bilərəm ki, əsas məqsədim Azərbaycan bədii mədəniyyətinin milli xüsusiyyətlərinin öyrənilməsi, onun sənət tarixinin rekonstruksiyası, Azərbaycan xalq musiqisinin genezisi və təkamülünü, Azərbaycan musiqisinin etnomədəni paralellərini, Azərbaycan musiqisinin Avrasiya mədəniyyəti kontekstində araşdırmaq olub.
Azərbaycan muğamının mənşəyinin, onun təhlilinə yeni yanaşmaların arqumentləşdirilməsi mənim üçün çox mühüm idi. Azərbaycan musiqi mədəniyyəti tarixinə dair arxiv sənədlərinin toplanmasına xeyli vaxt sərf olunub.
Üzeyir Hacıbəyli şəxsiyyəti – daima elmdə mənə yol göstərən, ona kitablarımı və məqalələrimi həsr etdiyim Qütb ulduzum olub və olaraqda qalacaq.
Söhbəti apardı:
Yeganə Əliyeva
Azərbaycan Milli Elmlər Akademiyasının
aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent