Məktəb mövsümü gəlir

post-img

15 Sentyabr Bilik Günüdür

Dünən elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə yeni tədris ilinə dair brifinq keçirildi. Nazir bildirdi ki, yeni dərs ilində tədris prosesi 2,2 milyon uşağı əhatə edəcək. Məktəbəqədər müəssisələrdə 226 min, ümumtəhsil məktəblərində isə 1,6 milyon şagirdlə məşğələlər aparılacaq.

Nazir qeyd etdi ki, 246 min ali, 40 min peşə, 63 min nəfər isə orta ixtisas üzrə təhsil alacaq. 226 min uşaq isə məktəbəqədər təhsilə cəlb olunacaq. Tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanıb və təsdiqlənib: Hazırda 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq qida ilə təmin olunur. Müəssisələrdə isə yer çatışmazlığı var, çünki uşağını bağçaya qoymaq istəyənlər çoxdur. Elektron sistem vasitəsilə proses ciddi izlənilir.

Gələn ildən yeni qaydaların tətbiqi nəzərdə tutulur. Yeni tədris ilində, ümumilikdə, 1,6 milyondan çox şagirdin təhsil alması gözlənilir, bunlardan 130 mindən çoxu 1-ci sinfə gedənlərdir. Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfə artıb, gələcəkdə bu tip müəssisələrin sayının artırılması gözlənilir. Lisey və gimnaziyaların sayı 15-dən 39-a çatdırılıb. Gələcəkdə lisey və gimnaziyaların sayının çoxaldılması planlaşdırılır. Məqsəd ölkədə olan 39 liseyin də sayının 100-ə çatdırılmasıdır.

İbtidai sinif üzrə ən zəif nəticə göstərən 4 min nəfərədək müəllimin müqaviləsinə xitam verilib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı üç dəfəyə qədər artıb. Növbəti illərdə sertifikasiya imtahanında ibtidai sinif, eləcə də Azərbaycan dili və ədəbiyyatı fənni üzrə oxuyub anlamaya yönəlik sualların çox olması planlaşdırılır. Ən böyük problem isə dilə sevginin azalması, oxuyub anlamanın yüksək səviyyədə olmamasıdır: “Biz öz dilimizi sevməliyik. Bəzən dərsliklərə klassik yazıçıların əsərlərinin salınmadığı iddia edilir. Əlbəttə, şeir oxumaq çox gözəldir, lakin oxumaq anlamaq üçün yetərli deyil”.

Nazir bildirdi ki, son illərdə qəzalı məktəblərin sayı da 2 dəfəyə qədər azalaraq 400-ə enib, 600-ə yaxın yeni məktəb istifadəyə verilib. 312 ümumtəhsil müəssisəsində metodik dəstək xidməti fəaliyyətə başlayacaq. Tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə (ümumilikdə 1238 şagird) yeni təmayül tədris modeli pilot rejimdə tətbiq olunacaq.

Monitorinqlər nəticəsində ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib. Vakant direktor vəzifələri müəssisələrin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq.

Şagird sayında da artım müşahidə edilir, 500-dək şagird olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndirilir. Şagird sayı 500-dən çox olan müəssisələrə, eləcə də lisey və gimnaziyalara isə direktor seçimi zamanı ilk mərhələdə şagird sayı az olan müəssisələrin direktorlarının müsahibə nəticələrinə əsasən yerdəyişməsi planlaşdırılır. Ən önəmli məlumatlardan biri də yeni tədris ilində Qarabağ Universitetində 2 mindən çox tələbənin təhsil almasıdır. Qarabağ Universitetində ilk dəfə tibb ixtisası üzrə 70, tibb bacısı (qardaşı) ixtisası üzrə 30 nəfər tələbə adını qazanıb.

Yeniliklərdən biri də müəllimlər üçün vahid geyim formasının yaradılmasının yeni tədris ilində də nəzərdə tutulmamasıdır: “Bəzi yerlərdə belə təcrübə var, amma bizim gələcəklə bağlı belə planımız yoxdur”.

Müəllimlərin İşə Qəbul (MİQ) imtahanı da ödənişli olacaq, lakin qiymətlər rəmzi və xərcləri ödəmək üçün təyin ediləcək: “Çünki bəzi şəxslər imtahanda iştirak üçün qeydiyyatdan keçir, amma imtahana gəlmir. Qiymət bazara uyğun, bəzi şəxslər üçün isə pulsuz olacaq. Məqsəd məsuliyyət yaratmaqdır. İmtahanda iştirak üçün 60 minə yaxın müraciət olur, amma onlardan 48 mini gəlir. Bu zaman biz imtahana gəlməyən şəxs üçün kifayət qədər xərc çəkmiş oluruq və bu rəqəm heç də kiçik deyil”.

Ləman TƏHMƏZ
XQ

Təhsil