Gəncədə bu il məzunların yarıdan çoxu Ali Məktəblərə daxil olub

post-img

Gəncə Şəhər İcra Hakimiyyətində bu il ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlarla maraqlı bir görüş keçirilib. 2024/2025-ci tədris ilində uğur qazanaraq ali məktəb tələbəsi adına layiq görülən gənclər şəhər rəhbərliyi tərəfindən xüsusi diqqətlə qarşılanıblar. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, eləcə də icra hakimiyyətinin digər nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında tələbə adını qazanan gəncləri təbrik edərək onların əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib:

“Siz yalnız öz valideynlərinizin deyil, bütün Gəncə ictimaiyyətinin fəxrisiniz. Bu gün burada toplaşmağımızın məqsədi sizin əzminizi, zəhmətinizi və uğurlarınızı paylaşmaqdır. Bu nəticələr göstərir ki, şəhərimizin təhsil sistemi düzgün istiqamətdə inkişaf edir. Sizə inanıram, əminəm ki, ölkəmizin gələcəyində söz sahibi olacaq, Azərbaycanı layiqincə təmsil edəcəksiniz”.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında vurğulayıb ki, bu uğurlar təkcə fərdi zəhmətin deyil, həm də dövlətin təhsilə göstərdiyi ardıcıl diqqət və qayğının nəticəsidir:

“Bugünkü görüş, təhsilin gücünü, gənclərimizin potensialını və dövlət-gənc birliyinin möhkəm təməl üzərində qurulduğunu bir daha sübut edir. Siz nümunəvi gənclərsiniz. İnanıram ki, bu uğurlarınız ali təhsil illərində də davam edəcək və sabahın peşəkarları kimi Vətənə layiqli xidmət göstərəcəksiniz”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov isə statistik göstəricilərlə çıxış edərək qeyd edib ki, bu il Gəncə şəhəri üzrə ümumilikdə 1600-dən çox məzun respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Bu, məzunların yarıdan çoxunun ali təhsilə yönəlməsi deməkdir və şəhərin təhsil sistemindəki uğurlu idarəetmənin, həmçinin müəllim-şagird-valideyn üçbucağının ahəngdar əməkdaşlığının nəticəsidir.

Görüş zamanı ali məktəblərə yüksək balla qəbul olunan məzunlara xatirə hədiyyələri təqdim edilib, onların gələcək planları dinlənilib. Bu cür tədbirlər gənclərin motivasiyasının artırılması və onların cəmiyyətə faydalı bir fərd kimi formalaşmasına dəstək məqsədi daşıyır.

Sonda xatirə şəkilləri çəkdirilib və gənclərin sevinc dolu baxışlarında sabaha olan inam öz əksini tapıb. Gəncə bu gün də, sabah da savadlı, vətənpərvər və bacarıqlı gəncləri ilə qürur duyacaq!

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə















Təhsil