Qarabağ qatilinin baş-ayaq müqayisəsi

post-img

Nepal və Fransada baş verənlər Sarkisyanı niyə ümidləndirib?

Ermənistanın üçüncü prezidenti, 1980-ci illərin sonlarında Qarabağın dağlıq hissəsində Azərbaycana qarşı etnik separatizm hərəkatının və daha sonra qanlı işğalçılıq müharibəsinin bilavasitə iştirakçısı olan Serj Sarkisyanın günü hakimiyyətdə olduğu dövrdə yol verdiyi qanunsuzluqlarla, daha doğrusu, cinayətlərlə bağlı məhkəmə salonlarında sürünməkdə keçir. Prosesi izləyən jurnalistlər məhkəmə salonlarından çıxarkən adətən, Sarkisyana yaxınlaşaraq ondan müxtəlif məsələlərə münasibət bildirməsini istəyirlər. Jurnalistlərin bu müraciətləri Sarkisyan üçün göydəndüşmə fürsət olur. Keçmişin qalığı, hətta özünün əvvəlki tərəfdarları arasında da dəstəyini çoxdan itirmiş, necə deyərlər, naftalin qoxuyan siyasətçi hər dəfə revanşist şüarlar səsləndirir. O, bununla erməni müxalifətinin keçmişdə necə dərindən ilişib qaldığını nümayiş etdirir. Sarkisyanın bu günlərdə yenə məhkəmə binası qarşısında jurnalistlərə verdiyi açıqlama bunun daha bir göstəricisi sayıla bilər.

S.Sarkisyan deyib: “Hakimiyyətin dəyişdirilməsi məsələsi hər zaman bizim gündəmimizdə olub və bu gün də aktual olaraq qalır. Ən düzgün və optimal yol baş nazirə etimadsızlıq ifadə etməkdir. Parlament təkcə söz demək deyil, həm də dinləmək yeridir. Kimin qulağı varsa, eşidəcək. Xüsusilə nəzərə alsaq ki, parlament dinləmələrində çıxış edənlər, əsasən, deputat olmayan, ildə cəmi 2-3 dəfə Milli Assambleyanın tribunasından çıxış etmək imkanı əldə edənlərdir”.

Sabiq prezident son günlər uzaq Nepalda və Ermənistanın “bacısı” Fransada baş verən iğtişaşlardan vəcdə gələrək bildirib: “O ölkələrdə nə oldu? Xalqın etimadını qazanmayan hökuməti devirməyin iki yolu var: biri zorakılıq və qətl yolu ilə Nepal nümunəsidir, digəri parlament vasitəsilə Fransa nümunəsidir. İndi sual olunur – biz xalqımıza nə təklif edəcəyik?”.

Özü xalqın etirazları nəticəsində hakimiyyətdən devrilən Serj Azatoviçin bu açıqlaması onun iqtidarı dövründə baş verən bəzi hadisələri xatırlatmağı zəruri edir. 2008-ci ilin fevralında Sarkisyanın prezident seçkilərində elan edilən qələbəsi “Qarabağ klanı”nın əlində cəmləşmiş informasiya resursları tərəfindən Ermənistanın yeni mərhələyə qədəm qoyması kimi təqdim olunmuşdu. Lakin çox keçmədən onun hakimiyyəti kütləvi narazılıqlar, qanunsuzluqlar, cinayət xarakterli addımlar və dövlət aparatının korrupsiya bataqlığında çürüməsi ilə yadda qaldı. On il ərzində Ermənistan cəmiyyəti həm siyasi repressiyaların, həm də iqtisadi talanların şahidi oldu. Bu dövr həm də ölkənin demokratik inkişaf imkanlarının tamamilə əldən verilməsi ilə səciyyəvidir.

Konkret olaraq Sarkisyanın prezidentliyinin ilk ayı ölkə üçün faciəvi oldu. Müxalifətin etiraz aksiyalarını zor gücünə dağıtmaq üçün hakimiyyət xüsusi qüvvələri səfərbər etdi. Martın 1-də baş verən toqquşmalar nəticəsində azı 10 nəfər həlak oldu, yüzlərlə insan yaralandı və həbs olundu. Bu hadisə Ermənistan siyasi tarixində ən qanlı səhifələrdən biri kimi qalır. Hökumət faktiki olaraq xalqın iradəsini güllə ilə susdurdu. Ölkə daxilində bu, Sarkisyanın legitimliyinə ağır zərbə vurdu, beynəlxalq aləmdə isə Ermənistanın imicini sarsıtdı.

Sarkisyanın hakimiyyət dövrü Ermənistan iqtisadiyyatında vəd edildiyi kimi köklü islahatların aparılması ilə deyil, oliqarxik sistemin möhkəmləndirilməsi ilə xarakterizə olunur. Ölkənin əsas iqtisadi sahələri – enerji, telekommunikasiya, dəmir yolları, tikinti və gömrük sistemi – dar çevrəyə aid oliqarxların nəzarətinə verilmiş, ictimai resurslar şəxsi mənfəət mənbəyinə çevrilmişdi. “Transparency International” və digər qurumların hesabatlarında Ermənistan korrupsiya indeksinə görə postsovet məkanında ən korrupsiyalaşmış dövlətlərdən biri kimi göstərilirdi. Sarkisyan hakimiyyətinin əsas dayağı “Qarabağ klanı” adlanan siyasi-kriminal qrup idi. Bu klan dövlət strukturlarını ələ keçirərək həm siyasi, həm də iqtisadi sahədə monopolist mövqe tutmuşdu. Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin, xüsusilə də müxalifətin basqılarla neytrallaşdırılması məhz bu qrupun maraqlarına xidmət edirdi. Siyasi rəqiblərə qarşı cinayət işlərinin açılması, seçkilərdə kütləvi saxtakarlıqlar, məhkəmə sisteminin tam itaət altına alınması Sarkisyan dövrünün acı reallığı idi.

Bu adamın siyasəti cəmiyyətin müxtəlif təbəqələrində narazılıq doğururdu. Zənnimizcə, 2016-cı ilin iyulunda baş vermiş hadisəni xatırlatmaq yerinə düşər. Həmin vaxt silahlı “Sasna tsrer” qrupu polis alayını ələ keçirərək hakimiyyətə meydan oxudu. Hadisə bir tərəfdən Sarkisyanın təhlükəsizlik sisteminin zəifliyini, digər tərəfdən isə cəmiyyətdəki dərin sosial-siyasi böhranı üzə çıxardı. Hökumət bu böhranı güc yolu ilə yatırsa da, hadisələr Sarkisyan rejiminin əsassız dayaqlar üzərində qurulduğunu nümayiş etdirdi. Onun hakimiyyəti illərində müxalifətçilərin və jurnalistlərin təqibi, vətəndaş cəmiyyəti institutlarının sıxışdırılması adi hal idi. Beynəlxalq insan haqları təşkilatları Ermənistanı mütəmadi olaraq sərt tənqid edirdi. Hökumət daxili sabitliyi qorumaq üçün polisin zorakılığından və məhkəmə sisteminin asılılığından istifadə edirdi. Beləliklə, hüququn aliliyi şüar olaraq qalmış, real həyatda isə qanunsuzluqlar hakimiyyətin əsas idarəetmə üsuluna çevrilmişdi.

2018-ci ildə Sarkisyanın ikinci prezidentlik müddəti başa çatırdı. Serjik isə hakimiyyət kürsüsündən ikiəlli yapışaraq onu heç kimə vermək istəmir, gələcəkdə hansısa formada iqtidarda qalmağın yolları üzərində siyasi oyunlar qururdu. Belə oyunlardan biri kimi o, 2015-ci ildə konstitusiyanı dəyişdirərək prezident idarəçiliyindən parlament üsuli-idarəsinə keçidi təmin etdi. Məqsəd 2018-ci ildən sonra da hakimiyyətdə qalmaq idi. Sarkisyan bu planı qismən həyata keçirdi. O, 2018-ci ilin aprelin 17-də Ermənistanın Baş naziri təyin olundu. Amma sən saydığını say, gör xalq nə sayır... Sarkisyanın baş nazirliyi cəmi bir həftə çəkdi. Erməni cəmiyyəti illərlə yığılan qalan qəzəbini ifadə edərək inqilaba qalxdı. Sarkisyan aprelin 23-də istefa verməyə məcbur oldu.

* * *

Bu gün ekspertlər belə bir fikirdə həmrəydirlər ki, Sarkisyanın hakimiyyəti Ermənistan üçün itirilmiş onillik oldu. Bu illər ərzində ölkə nə demokratik institutlarını gücləndirə, nə də iqtisadi inkişaf yoluna çıxa bildi. Əksinə, qanunsuzluq, cinayət və korrupsiya halları dövlət idarəçiliyinin əsas mexanizminə çevrildi. Hakimiyyət zorakılıq və saxtakarlıq üzərində qurulduğundan davamlı ola bilmədi. 2018-ci ildə Sarkisyanın devrilməsi erməni xalqının öz taleyinə sahib çıxmaq cəhdinin nəticəsi idi. Lakin o və onun kimi siyasətçilər bu gün də Ermənistanın üzərində ağır yük olaraq qalmaqdadırlar.

Bu gün Sarkisyan siyasi səhnədə formal mövcudluğunu qorumağa çalışsa da, onun ritorikası həm öz dövrünün ab-havasını, həm də bugünkü erməni müxalifətinin ideya kasadlığını açıq şəkildə üzə çıxarır. Serjik hakimiyyətin dəyişdirilməsini əsas gündəm mövzusu kimi qaldırsa da, bu çağırışın cəmiyyət üçün yeni məna daşımadığı, əksinə, keçmişin uğursuz siyasi yanaşmalarının davamı olduğu göz önündədir. Son dövrlərdə verdiyi açıqlamalar, xüsusilə məhkəmə binası qarşısında jurnalistlərə dedikləri onun hələ də müasir siyasi reallığı qəbul edə bilmədiyini göstərir. “Hakimiyyətin dəyişdirilməsi hər zaman gündəmimizdə olub”,– deyə o, müxalifətin artıq illərlə təkrarladığı tezisi bir daha səsləndirir. Lakin Ermənistanda baş verənlər göstərir ki, cəmiyyət bu şüarlardan yorulub. İndiki reallıqda xalq sosial-iqtisadi problemlərin həllini, regional təhlükəsizliyi, sabitliyi, dövlət idarəçiliyində şəffaflığı tələb edir. Sarkisyan isə bunların heç birinə konkret cavab vermir, sadəcə müxalifətçilik görüntüsü yaratmağa çalışır.

Sabiq prezidentin son günlərdə Nepal və Fransadakı hadisələrə istinad etməsi isə siyasi populizmin ən sadə formasıdır. Nepalda zorakılıqla hökumətin devrilməsi, Fransada isə parlament mexanizmlərinin işə düşməsi ilə bağlı müqayisə aparan Sarkisyan, əslində, Ermənistan reallığını görməzdən gəlir. Çünki bu ölkələrdə baş verənlər tamamilə fərqli siyasi mühitin məhsuludur. Ermənistan cəmiyyətinin istəyi zorakı yolla dəyişiklik yox, demokratik institutların gücləndirilməsi və sabit inkişafdır. Sarkisyanın “biz xalqımıza nə təklif edəcəyik?” sualı əslində, onun cavabsız qaldığının etirafıdır. Onun ritorikası həm də bütövlükdə, Ermənistan müxalifətinin hansı vəziyyətdə olduğunu göstərir. Bu düşərgə yeni siyasi konsepsiya formalaşdırmaq əvəzinə, köhnə revanşist şüarların ətrafında dolanır. Bu isə onların geniş kütlələri səfərbər etməsinə imkan vermir. Çünki xalq 2008-ci ilin mart hadisələrini, korrupsiya bataqlığına batmış hakimiyyət illərini, iqtisadi talanı hələ də unutmayıb. Sarkisyanın adı bu acı xatirələrlə assosiasiya olunur və onun çağırışları nə qədər pafoslu səslənsə də, real sosial dayaqlardan məhrumdur.

Səxavət HƏMİD
XQ

Siyasət