Günahsız qanlar batmır, cinayətlər üzə durur

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 11-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 raket atılması faktı ilə bağlı olub. Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində bir neçə nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərinin atəşə tutulması faktları ilə bağlı olub. Naxçıvanda məsul şəxs Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib.

Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunda Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində 1 nəfər ölüb, bir çox insan isə yaralanıb.

Elan olunan digər sənədlər 1990-cı ilin mart ayında Sədərəyə hücum edilməsi, Şuşada Əşrəf Ağalarovun girov götürülməsi, aprelin 25-də Babək rayonu Gərməçataq kəndini düşmənin odlu silahdan atəşə tutması, nəticədə müxtəlif şəxslərin xəsarət alması, iyunun 13-də Əsgəran rayonunun Badara kəndində avtomobil karvanının atəşə tutulması, nəticədə yaralananların olması faktları ilə bağlı olub.

Gədəbəy rayonunun Göyəlli kəndinə silahlı hücum edilməsi nəticəsində isə İsmayıl Nuriyev, Mədəd Nağıyev və İbrahim Orucov öldürülüb, İlham İsmayılov döyüldükdən sonra girov götürülərək Ermənistana aparılıb. O, girovluqda 21 gün saxlanılıb.

Bundan başqa, Dönməz Əzizovun, Şamo Çobanovun, Səhər Əsgərovanın, İlham Əliyevin öldürülmələri, Eldar Əliyevin girov götürülməsi, Razi Talışovun yaralanması faktları üzrə sənədlər elan edilib. 1990-cı il avqustun 17-də Fazil Mehtiyevin öldürülməsi zamanı Həsənov Viktor və Eminov Kəmaləddin yaralanıb.

Elan olunan növbəti sənədlər Mustafayev Faqət, Məmmədov Məmməd, Quliyev Yunis, Qarayev Ülfət, Nağıyev Tanrıverdi, Poladov Hümbət, Namazov Elçin, Əliyev Etibar və Rəhimov Gündüzün xəsarət almaları ilə bağlı olub. Laçında yerli sakinlər – Elman və Xanoğlan Süleymanov qardaşları qətlə yetirilib, onların qardaşı Elxan Süleymanov isə yaralanıb.

Digər sənədlər 1990-cı il sentyabrın 15-də Xankəndi şəhərində televiziya və radio verilişləri yayımı binasında partlayış törədilməsi, oktyabrın 14-də Xankəndi dəmiryol stansiyasında sərnişin vaqonunun partladılması, sentyabrın 11-də Xocavənd kəndinin atəşə tutulması, Ağdam-Füzuli avtomobil yolunda körpünün partladılması, Kərcivan-Astazur-Naxçıvan stansiyalarının dağıdılması, Möhbalı Əliyev, Rasim Məmmədov, Adil Məmmədov, Əhməd Cavadov və İmamverdi Hacıyevin öldürülməsi, Şakir Məmmədovun girov götürülməsi faktları ilə bağlı olub.

Elan olunan növbəti sənəd isə 1990-cı il noyabrın 30-da Xankəndi şəhəri yaxınlığında körpünün partladılması və avtobusun atəşə tutulması ilə bağlı olub. Həmin gün Göygöl Rayon Daxili İşlər Şöbəsinin əməkdaşlarının həyatına sui-qəsd edilib.

Elan olunan növbəti sənəd oktyabrın 22-də Əsgəran rayonunda “UAZ” markalı avtomobilin sürücüsü Elxan Quliyevin, sərnişinlər Qələmzər Hacıyevanın və onun 12 yaşlı övladı Elşənin girov götürülməsi faktı ilə bağlı olub.

Jurnalist Salatın Əsgərovanın və digərlərinin öldürülmələri faktı üzrə sənədlər də məhkəmədə elan edilib.

Məhkəmə prosesi sentyabrın 12-də davam etdiriləcək.

XQ

Son xəbərlər