Bakı Enerji Forumunda “yaşıl” müzakirələr

post-img

Azərbaycan paytaxtının ev sahibliyi etdiyi Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun ikinci günündə “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzuları müzakirə edilib. Eyni zamanda, COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada digər ölkələrdən dəvət olunan xüsusi qonaqlar məruzəçi qismində iştirak ediblər.

Xarici siyasət və Xəzər regionu üzrə enerji eksperti Brenda Şafferin moderatorluğu ilə keçirilən “Qaz dia­loqu: Enerji böhranı zamanı qaz təc­hizatının rolu” mövzusunda keçirilən panel iclasda SOCAR-ın vitse-prezi­dentinin müşaviri Səriyyə Bünyatova çıxış edərək deyib ki, “yaşıl enerji”nin inkişafına baxmayaraq, təbii qaza olan tələbat azalmır. 2040-cı ildə Avropada qaza olan tələbatın nəzərəçarpacaq dərəcədə azalmayacağını vurğulayan S. Bünyatova bildirib ki, buna görə də SOCAR hasilat sektorunda işləri daha da sürətləndirməyə çalışır. 2023-cü ilin iyul ayında “Abşeron” yatağında qaz hasilatının istehsalı istiqamətində işə başladığını diqqətə çatdıran mü­şavir hazırda yatağın tam işlənməsi üzrə işlərin aparıldığını bildirib. Onun sözlərinə görə, bundan məqsəd növ­bəti illərdə təchizatı gücləndirmək və ixracı yüksəltməkdir. “Biz getdikcə xarici investorların hasilat sektoruna marağının artdığını görürük. Əminik ki, bu maraq davamlı olacaq. Həmçinin başqa yeni layihələr də planlaşdırırıq. Biz hasilat portfelimizi inkişaf etdiririk ki, həm yerli, həm də regional tələbatı qarşılaya bilək”, – deyə o, əlavə edib. 

BP-nin qaz və qaz karbonlu enerji­nin inkişafı üzrə regional (Azərbaycan, Gürcüstan və Türkiyə) vitse-prezidenti Katerina Papaleksandri təmsil etdiyi şirkətin Səngəçal terminalının karbon­suzlaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. Onun sözlərinə görə, BP günəş enerjisi ilə bağlı la­yihənin icrasına başlamağa hazırdır və bu, karbonsuzlaşmaya kömək edə­cək amillərdəndir. BP-nin vitse-prezi­denti, həmçinin qeyd edib ki, hazırda “Şahdəniz” yatağından gündəlik 79,5 milyon kubmetr təbii qaz hasil olunur və bu, Azərbaycanı, eləcə də regionu və Avropanı “mavi yanacaq”la təmin edir. 

Daha sonra mövzu ətrafında Alma­niyanın “Uniper” şirkətinin vitse-pre­zidenti Mixael Himler, Macarıstanın “MVM Group”un baş direktoru Karoly Tamas Matrai, Almaniyanın “VNG Handel & Vertrieb GmbH” şirkətinin idarəedici direktoru Konstantin Herzoq von Oldenburq və başqaları qaz təc­hizatının təhlükəsizliyi və dayanıqlığı, təbii fəlakətlər, kiberhücumlar və ətraf mühitə təsiri ilə bağlı risklər, Azərbay­canın zəngin qaz ehtiyatları və stra­teji mövqeyi Avropanın nöqteyi-nəzəri baxımından, mövcud qaz boru kəmər­lərinin və saxlanma terminallarının mo­dernləşdirilməsi və genişləndirilməsi yolu ilə qazın nəqli və saxlanmasının səmərəliliyinin artırılması, eləcə də enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə və sabitliyinə qaz təchizatının töhfəsi ilə bağlı fikirlə­rinin çatdırıblar. 

“Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçi­rilən panel müzakirələrdə çıxış edən SOCAR-ın vitse-prezidenti Babək Hü­seynov geoloji kəşfiyyat işlərinin aparıl­ması üçün təmsil etdiyi qurumun yaxşı komandaya malik olduğunu diqqətə çatdırıb. Hazırda “Ümid” yatağının 6 quyusunun olduğunu bildirən vit­se-prezident deyib ki, aparılan kəşfiy­yat işləri bu quyuların böyük potensialı olduğunu göstərir. O, “Total” şirkəti ilə əməkdaşlıq çərçivəsində həmin quyu­ların işlənməsinin həyata keçiriləcəyi­ni vurğulayıb. B. Hüseynov, həmçinin “Qarabağ”,“Abşeron”, “Naxçıvan” və “Babək” yataqlarında da geoloji kəş­fiyyat işləri həyata keçirildiyini və bö­yük həcmdə neft və qaz ehtiyatlarının müəyyən edildiyini diqqətə çatdırıb. 

Mövzu ətrafında çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Ca­vadova, BP-nin geologiya və işlənmə üzrə vitse-prezidenti (Azərbaycan, Gürcüstan və Türkiyə) Roşni Musai, GL GROP-un Məşvərət Şurasının üzvü Qilbert Bühler, “TotalEnergies” şirkəti­nin birgə müəssisə və inkişaf direktoru Ceyson Fiş, ABŞ-nin “Baker Hughes” şirkətinin Xəzər və Ukrayna üzrə direk­toru Karlo Beltrame və başqaları Xəzər regionunda cari və gələcək hasilat, is­tifadə olunmamış karbohidrogen ehti­yatlarının qiymətləndirilməsi, Azərbay­canın onşor və ofşor zonalarında yeni yataqların və imkanların araşdırılması, mövcud yataqlarda hasilat səmərəli­liyinin və bərpa əmsalının artırılması, Xəzər regionunda yeni qlobal oyunçu­lar və digər məsələlərdən ətraflı bəhs ediblər. 

Daha sonra “Neft axınları: Kross-logistika və Azərbaycanda inf­rastrukturun inkişafı” və “Uğurlu ener­ji keçidində insan kapitalının rolu” mövzularında keçirilən panellərdə SOCAR-ın vitse prezidenti Zaur Qəh­rəmanov, AD Ports GROUP-un kom­mersiya direktoru Fridrix Portner, At­lantik Council Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz, ADA Universitetinin dövlət, xarici tələbə iş­ləri üzrə prorektoru Fariz İsmayılzadə, SOCAR-ın vitse-prezidenti Ziba Mus­tafayeva, Birləşmiş Ərəb Əmirliklərini ADNOC şirkətinin daxili, mədəniyyət və dəyişiklik kommunikasiyaları üzrə vitse-prezidenti Ali al Sayeq və başqa­ları çıxış ediblər. 

Bütövlükdə isə, 600-dən çox nü­mayəndənin iştirakı ilə keçirilən forum­da iki gün ərzində 80-dən çox məruzə dinlənilib. Bununla yanaşı, yerli və xa­rici şirkətlərin nümayəndələrinin ünsiy­yət qurmasına və mümkün əməkdaşlı­ğın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verən ikitərəfli B2B işgü­zar görüşlər keçirilib. Bununla da, Bakı Enerji Həftəsi öz işini başa çatdırıb.

Yeri gəlmişkən, enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişlən­dirmək üçün unikal imkanlar yaradan Bakı Enerji Həftəsi çərçivəsində ke­çirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərib. Azərbaycan Respubli­kası Dövlət Neft Şirkəti isə tədbirin baş tərəfdaşı qismində çıxış edib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat