Bəxtiyar Vahabzadə elektron salnaməsi

post-img

AMEA Rəyasət Heyətinin iclasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış veb-səhifənin təqdimatı olub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq, Xalq şairinin irsinin öyrənilməsi və təbliği üzrə çoxsaylı tədbirlər keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədibin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resursun hazırlanması da bu sıradandır.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov yeni hazırlanmış eresurslar.info.az elektron resursunu təqdim edib. Vurğulanıb ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.

Resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Bəxtiyar Vahabzadənin müəllifi olduğu və müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Axı dünya fırlanır”, “Gülüstan” poeması, “Dərin qatlara işıq”, “Səməd Vurğun”, “Mənim dostlarım” və s. əsərləri, “Gəlin açıq danışaq...” məqalələr toplusu, “Fəryad”, “Bir baharın qaranquşu” kimi 80-dən artıq kitabı ilə tanış ola bilərlər. Həmçinin 14 adda əsərin ingilis dilində olan tərcüməsi də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim edilir.

Diqqətə çatdırılıb ki, elektron bazada, həmçinin sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb. “Fotoyaddaş” bölməsində şairin həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, müsahibələri və sənədli materiallar sistemləşdirilib. Burada, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar da yer alıb.

Təqdimatda qeyd olunanlar əyani nümayiş etdirilib və Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron resursu rəyasət heyətinin üzvləri yüksək qiymətləndiriblər.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət