Yeni yaranan “qara dəlik”lər

post-img

Alimlər ilk dəfə iki “qara dəliy”in birləşərək nəhəng kosmik obyektə çevrilməsini “eşidə” biliblər. Bu hadisə məşhur fizik Stiven Hokinqin yarım əsrdən çox əvvəl irəli sürdüyü, lakin onun ömrü boyu təsdiqlənməyən nəzəriyyəsinin ən güclü sübutu oldu.

Maks Plank adına Potsdam Qravitasiya Fizikası İnstitutunun doktorantı Edrian Abakın rəhbərliyi ilə aparılan tədqiqat yanvarın 14-də Lazer İnterferometrik Qravitasiya Rəsədxanasının (LIGO) qeydlərinə əsaslanır. Həmin gün rəsədxana “qara dəlik”lərin birləşməsinə işarə edən qravitasiya dalğalarını qeydə aldı. Nəticədə, yeni yaranmış “qara dəlik” əvvəlkilərdən xeyli böyük oldu.

Birləşmədən əvvəl 2 “qara dəliy”in ümumi səth sahəsi, təxminən, 243 min kvadratkilometr idi. Birləşmədən sonra isə yeni yaranan tək “qara dəliy”in səth sahəsi təqribən, 400 min kvadratkilometr təşkil etdi. Alimlərin sözlərinə görə, bu, Hokinqin 1971-ci ildə irəli sürdüyü “qara dəlik”lərin hadisələrin üfüqü sahəsi haqqında nəzəriyyəsini təsdiqləyir. Hokinq iddia edirdi ki, “qara dəliy”in hadisələr üfüqünün səthi zamanla kiçilir.

“Sadə görünsə də, bu fikir çox böyük nəticələrə malikdir”, – araşdırmanın həmmüəllifi, Kolumbiya Universitetinin dosenti və Fletayron İnstitutunun elmi əməkdaşı Maksimiliano İsi bildirib. Tədqiqatçılar vurğulayıblar ki, bu kəşf “qara dəliklər” haqqında anlayışımızı möhkəmləndirir və onların termodinamik obyektlər kimi nəzərdən keçirilə biləcəyini sübut edir. Eyni zamanda bu, “qara dəliy”in daxilindəki məlumatın (və ya entropiyanın) onun səth sahəsinə mütənasib olduğunu göstərir.

Bundan əvvəl alimlər Yer kürəsindən bir milyard işıq ili uzaqlıqda yerləşən bir qalaktikada iki fövqəlnəhəng “qara dəliy”in bir qaz buludunu birgə “udduğunu” müşahidə etmişdilər. Onların ümumi kütləsi Günəşin kütləsindən 40 milyon dəfə çoxdur. “Qara dəlik”lər bir-birinin ətrafında fırlanır və hər 130 gündən bir yaxınlaşırlar ki, bu da həmin qeyri-adi “ortaq ziyafət”ə səbəb olub.

Bu kəşf təkcə Hokinqin fundamental ideyalarını təsdiqləmir, həm də “qara dəlik”lərin təkamülünü və onların qarşılıqlı təsiri ilə bağlı kosmik prosesləri öyrənmək üçün yeni imkanlar açır.

XQ

Dünya