Avropa ölkələri hərbi münaqişə və ya böhran vəziyyətində ABŞ-ın onlara yönəldə biləcəyi "hərbi resursların", o cümlədən hərbi texnikanın kəskin şəkildə azaldılmasına hazırlaşır. Bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ NATO-nun Avropadakı qüvvələr modelinə verdiyi töhfəni əhəmiyyətli dərəcədə ixtisar etməyə hazırlaşır. Bu tədbirlərə Avropa ölkələrinin sahib olmadığı strateji bombardmançı təyyarələrin sayının 30% azaldılması, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının (PUA) sayının 75-100% ixtisarı, həmçinin hərbi dəniz qüvvələrinə məxsus gəmilərin sayının təxminən 50% azaldılması daxildir.
Hazırda Avropada Amerika Birləşmiş Ştatlarının köməyi olmadan hərbi əməliyyatların necə aparılacağı məsələsi nəzərdən keçirilir. "Hərbi resursların" ixtisar edilməsinin dəqiq müddəti hələ açıqlanmayıb, lakin məqalədə bunun yaxın gələcəkdə baş verəcəyinin gözlənildiyi vurğulanır.
Bir neçə gün əvvəl Brüsseldə yerləşən "Avropa Beynəlxalq Münasibətlər Şurası" analitik mərkəzi rəy sorğusu dərc edib. Sorğunun nəticələrinə görə, avropalıların əksəriyyəti potensial müharibə şəraitində ABŞ-ın onları müdafiə edəcəyinə inanmır və Avropada hərbi xərclərin artırılmasını dəstəkləyir.
Bundan əvvəl media subyektləri ABŞ-ın NATO-dakı iştirakını azaltmaq planının icrasına başladığı barədə məlumat əldə etmişdilər.
S.ELAY
XQ

