Borçalının sonuncu sazbəndi

post-img

Gürcüstanın Borçalı mahalının əhalisi şifahi xalq yaradıcılığının əsas qollarından biri olan ozan sənətinə yüksək qiymət verir, saz ifaçılığının ənənələrini sevə-sevə yaşadır. Burada saz aləti müqəddəs hesab edilir. Hətta yeni doğulan körpənin adına saz bağlanır, uşaqlar ana laylası ilə yanaşı, aşıq havalarının sədaları ilə böyüyürlər. 

Təəssüf ki, bu gün Borça­lıda saz alətinin hazırlanması – sazbəndlik sahəsində vəziy­yət ürəkaçan deyil. Aldığımız məlumatlardan bəlli oldu ki, ha­zırda bu sənətlə məşğul olan yalnız Bafəli Adıgözəlovdur. Onunla söhbət zamanı dedi: 

– Uzun illərdir ki, Gürcüs­tanda sazımızın, sözümüzün, musiqimizin və mədəniyyə­timizin qorunub yaşadılması sahəsində fəaliyyətimi davam etdirirəm. İki qardaş ölkə ara­sında ədəbi-mədəni əlaqələ­rin inkişafına, eləcə də Azər­baycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə verə bildi­yim töhfələr “Diaspor fəaliy­yətində xidmətə görə” meda­lına layiq görülüb. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildi­rirəm. Bu medal dövlət başçı­sının Gürcüstanda yaşayan soydaşlarımıza, sənət adam­larına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.

Bafəli Adıgözəlov soydaş­larımız arasında həm də aşıq, zurna ifaçısı kimi məşhurdur. Bafəli müəllim bu gün Borçalı ətrafında sazbəndlik sənətinə marağın olmamasından çox narahatdır: 

– Kim istəyirsə, gəlsin, öy­rədim. Mən hamıya deyirəm, heç kimdən heç nə güdmə­dən bu sənəti öyrədərəm, istək olsun, yetər, təki sənət yaşasın. 

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə rəhbərləri Marneulidə olarkən onunla sazbənd sənətinin in­kişafı üçün müasir tipli ema­latxananın açılması barədə fikir mübadiləsi aparıblar. B.Adıgözəlov da ümidvardır ki, komitənin dəstəyi ilə sazbənd­lik sahəsində yeni nəsil sənət­karların yetişməsi üçün lazımi şərait yaradılacaq və o da bu işə öz töhfələrini verəcək.

XQ

Mədəniyyət