Noyabrın 2-də Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil ediləcək. Qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi “Qürurla irəli” şüarı altında baş tutacaq.
Məqsəd Azərbaycanın möhtəşəm qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha yada salmaqdır.
Qeyd edək ki, iştirak üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı ödənilməlidir. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.
Bununla yanaşı, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada qonaqları müxtəlif əyləncələr və maraqlı bayram ab-havası gözləyir.
Qaçış 2 noyabr saat 10:00-da start götürəcək.
Qaçışda iştirak üçün 16 yaşdan yuxarı şəxslər https://events.smartscoring.com/marathon linki vasitəsilə 30 oktyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.
Müraciəti qəbul edilmiş hər kəsin e-mail-inə təsdiq məktubu və iştirakçı bələdçisi
göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar 15-30 oktyabr tarixlərində, hər gün saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.
Daha ətraflı məlumatı *6003 nömrəli çağrı mərkəzindən və ya qaçışın rəsmi Instagram səhifəsindən ala bilərsiniz: https://www.instagram.com/victoryrun.az