Xaçmazda ədəbi məclis milli ruha köklənib
Murad Qudyalçaylı adına “Ulduzlar” ədəbi məclisinin növbəti toplantısının Əməkdar jurnalist Azər Həsrətin təşəbbüsü ilə çay süfrəsi arxasında keçirilməsi iştirakçıların ürəyincə olub. Söz xiridarları bölgənin ədəbi mühiti, istedadlı gənclərin üzə çıxarılması və onlara dəstək verilməsinin yolları barədə danışıblar.
“Ulduzlar”ın baş katibi Aqşin Dadaşoğlu deyib ki, bundan sonra ədəbi məclisin toplantıları darıxdırıcı iclas şəklində deyil, asudəlik və rahatlıq şəraitində keçiriləcək. Budəfəki məclisə evsahibliyi edən Azər Həsrət bölgənin ədəbi potensialından yetərincə istifadə edilmədiyi barədə danışaraq qarşıdakı mərhələdə yaradıcı insanları səfərbər etməyin, ortaya dəyərli ədəbiyyat nümunələrinin çıxarılmasının vacibliyini qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbəri, tanınmış şair Ramiz Qusarçaylı toplantıya onlayn qoşularaq ürək sözlərini söyləyib, səfərdə olduğuna görə məclisə qatıla bilmədiyindən təəssüfləndiyini, ədəbi yaradıcılıq məsələlərində hər zaman istedadlı insanların yanında olduğunu bildirib.
Çay süfrəsi ətrafında davam edən məclisdə baş katib Aqşin Dadaşoğlu, AYB və AJB üzvü olan şairlər – Məmməd Qədir, Cümşüd Aydəmir, Səyyad Sərraf, İbrahim Ağçaylı, Firudin Həvəskar, Gözəl Azayeva, qəzəlxan Mövlan Şahid, gənc şairlər Səməd Asifoğlu və Kənan Rahi yeni əsərlərini oxuyublar.
Məclisdə iştirak edən Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova və Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva çıxışlarında son illər bölgədə yaradıcı insanların çoxaldığını, onların potensialının düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıblar.
Fidan ƏLİYEVA
XQ