Cəmiyyəti irəliyə sağlam ailələr aparır

post-img

Ailəni isə sevgi, qayğı və məsuliyyət möhkəmləndirir

Müasir dövrdə ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının təmin olunması cəmiyyətin sosial sabitliyi və sağlam gələcəyi üçün mühüm şərtlərdəndir. Qloballaşma, informasiya bolluğu, miqrasiya prosesləri və digər amillərin ailə dəyərlərinə təsiri aktual problemlərin elmi əsaslarla araşdırılmasını və dövlət səviyyəsində həlli yollarının müəyyənləşdirilməsini zəruri edir. Məhz bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Komitə ailə münasibətlərinin möhkəmləndirilməsi, qadınların ictimai-siyasi və sosial həyatda rolunun artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Komitənin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ilə müasir dövrdə ailə institutunun qarşılaşdığı problemlər və onların həlli yolları ilə bağlı söhbəti oxuculara təqdim edirik.

– Ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin formalaşması istiqamətində hansı işlər görülür?

– Qədim dövlətçilik tarixi olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalmış və bu mənəvi sərvəti zənginləşdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də aktuallığını qoruyub saxlayır. Milli dəyərlərə əsaslanan ailə modeli yalnız ailə institutunun möhkəmləndirilməsinə deyil, eyni zamanda uşaqların sağlam inkişafına və mənafelərinin qorunmasına birbaşa təsir göstərir. Ailə daxilində uşaqlara mənəvi dəyərlərin aşılanması onların şəxsiyyət kimi formalaşmasına, milli kimlik şüurunun güclənməsinə və cəmiyyət qarşısında məsuliyyət hissinin yaranmasına xidmət edir.

Qloballaşma, urbanizasiya, sosial şəbəkələrin təsiri, ailədaxili münasibətlərdə dəyişikliklər və həyat tərzinin sürətlənməsi ailə dəyərlərini yenidən formalaşdırır. Bütün bunlar isə milli-mənəvi dəyərlərimizin zəifləməsinə və ailə institutunun dağılmasına gətirib çıxarmamalıdır. Burada nəinki dövlət qurumlarının, eyni zamanda vətəndaş cəmiyyətinin və hər bir fərdin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan dövləti ailə institutunun qorunub saxlanılması, milli dəyərlərin təbliği və sosial rifahın gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, erkən evliliklərin qarşısının alınmasına, məişət zorakılığının azaldılmasına, ailədaxili münasibətlərin sağlamlaşdırılmasına yönəlmiş maarifləndirici proqramlar və sosial layihələr bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

– Son zamanlar məişət zorakılığı, erkən nikahlar və qohum evliliyi kimi mənfi tendensiyalar qarşıya ciddi çağırışlar qoyur. Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planının icrası barədə nə deyə bilərsiniz?

– Ailə institutunun zəifləməsinə təsir edən müxtəlif sosial, psixoloji amillər mövcuddur. Xüsusi vurğulanmalı məsələlərdən biri də məişət zorakılığıdır. Bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindəndir və zorakılığın qarşısının alınması üçün hüquqi baza təkmilləşdirilir, sosial müdafiə mexanizmləri gücləndirilir.

2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuşdur. Ölkə rəhbərinin 2020-ci il 27 noyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmiş və müvafiq sahədə tədbirlərin səmərəliliyinin artırılması, ailələrin möhkəmləndirilməsi məqsədilə uğurla həyata keçirilmişdir. Hazırda aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla 2-ci “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanır.

Bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri də məhz uşaq və qohum evlilikləridir. Azərbaycan demokratik ölkə olduğuna görə azyaşlı uşaqları erkən evliliyə məcbur etmək heç bir halda normal qəbul edilmir, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilir. Qeyd edək ki, erkən evliliyin fəsadlarından biri də erkən analıq riskləridir. Erkən analığın yaratdığı tibbi və sosial risklərin mövcudluğu göstərir ki, nikah yaşının qorunması, erkən nikahın qadağan edilməsi yalnız hüquqi tələblərin təminatı deyil, həm də uşaq və gənc anaların sağlamlığının qorunması, cəmiyyətin sosial rifahının yüksəldilməsi baxımından əsaslı və zəruri addımdır.

Erkən evliliklərin qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişikliklər edilir. Qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar cəmiyyətimizdə narahatlıq doğuran aktual məsələlərdəndir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Qohumlar arasında nikahların mənfi nəticələri Azərbaycan Respublikasının ailə qanunvericiliyində nəzərə alınmışdır. AR Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.

Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Qeyd edək ki, qohum nikahlarının qadağan olunması illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış strateji yanaşmadır. Tibb mütəxəssisləri dəfələrlə bildirmişlər ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin olma ehtimalı təxminən 2 dəfə çoxdur.

Komitə tərəfindən 2021-ci ildə “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair analitik hesabat” hazırlanıb. Sorğuda 1394 respondent iştirak edib. Təhlildə qeyd olunduğu kimi, belə nikahlara “əksəriyyət mənfi yanaşsa da müsbət yanaşanlar da var”. Respondentlər arasında qohum evlilikdə olan şəxslər də olub. Onlardan 21,2 faizi övladlarında dayaq-hərəkət aparatı problemlərinin, 26,8 faizi talassemiya, 11,8 faizi hemofiliya, 16,3 faizi daun sindromunun, 9,8 faizi isə müxtəlif xəstəliklərin olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən və qohum evliliklərinin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, informasiya təminatının yaxşılaşdırılmasına yardım edən görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır.

– Boşanmaların, eyni zamanda selektiv abortların sayının kəskin artması əsasən hansı səbəblərdən qaynaqlanır?

– Bu gün ailə institutuna təsir edən problemlərin əsasında insanların ailə institutuna münasibətindəki dəyişən yanaşması, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır.

Cəmiyyət həyatında baş verən yeniliklər ailənin məqsədlərinə, yaşam tərzinə, ümumilikdə birgəyaşayış prinsiplərinə öz təsirini göstərməkdədir. Müasir ailə modelində stresə dayanıqlılıq, tərəflərarası emosional sabitlik və problemi həlletmə bacarığının getdikcə azalması, sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması kimi bir çox səbəblər ailədaxili problemlərə və ailə institutunun zəifləməsinə gətirib çıxaran əsas amillərdəndir.

Ailədaxili münasibətlərdə hər iki tərəf ailə öhdəliyinin, dəyərlərin, hüquqlarının, ailədə sağlam psixoloji mühitin qorunması müstəvisində eyni dərəcədə məsuliyyət daşıyır. Burada əsas məsələ isə boşanmalara səbəb olan amillərin aradan qaldırılması, bu, mümkün olmadıqda isə nikahların pozulmasından sonra yaranan hüquqi-psixoloji problemlərin qanuni və sivil şəkildə həll olunmasıdır. Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır.

Bu gün mediada işıqlandırılan ailə modeli geniş auditoriyanın təsəvvüründə ailə ilə bağlı müsbət və mənfi obrazlar yaradaraq, cəmiyyətdə müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır, nəticədə kütləvi informasiya vasitələrində nümayiş etdirilən ailə modeli ictimai münasibətlərin keyfiyyətinə təsir edir.

Statistik göstəricilər daim yenilənir və zamanla dəyişir. Hazırda nikah və ya boşanma hallarının artması və ya azalması barədə fikir söyləmək tezdir. Lakin bununla yanaşı, ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir və maarifləndirici işlərin gücləndirilməsinə xüsusi önəm verilir.

Son 10 il ərzində selektiv abortların artması bir necə səbəblərlə bağlıdır. Abortların yaş kateqoriyası üzrə bölgüsünə diqqət yetirsək, görə bilərik ki, abortlar 25-34 yaş arası gənclər tərəfindən preventiv vasitə kimi daha çox tətbiq olunur. Bu yaş nikah yaşı dövrüdür. Nikah zamanı aparılan abortlar arzu olunmayan, planlaşdırılmamış və ananın həyatını təhlükə altına qoyan hamiləliyi nəticəsində baş verə bilər. Belə halların mövcudluğu onu göstərir ki, bu gün gənclərin reproduktiv sağlamlığı və ailə planlaşdırılması ilə bağlı bilikləri azdır.

Abortları yaradan digər səbəblər isə cəmiyyətdə hələ də mövcud olan stereotiplər və kənar şəxslərin ailədaxili məsələlərə müdaxiləsidir. Bu kimi halların qarşısının alınması üçün Komitə tərəfindən gender bərabərliyi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması kimi mövzularda daimi görüşlər və layihələr keçirilir, bu maarifləndirmə işləri sistematik olaraq aparılır.

– Qadının cəmiyyətdə rolu, təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması və gələcəyin məhz təhsildən başlanması ideyasının reallaşdırılması ən həssas mövzulardandır. Qadınların və gənc qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihə və proqramlar komitənin fəaliyyətində öz əksini necə tapır?

– Sağlam ailə mühitinin qorunması, qızların təhsil hüququnun təmin edilməsi gələcək nəslin formalaşmasında mühüm rol oynayır. Qızların savadlı, sosial cəhətdən aktiv fərdlər kimi yetişməsi milli-mənəvi dəyərlərin qorunmasına, ailə institutunun möhkəmlənməsinə cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Ucqar bölgələrdə qızların tam orta təhsilə cəlb olunma səviyyəsinin artırılması və bu nisbətin şəhər yerlərindəki yüksək göstəricilərə çatdırılması üçün il ərzində müvafiq tədbirlər və layihələr həyata keçirilir. Dövlət Komitəsi tərəfindən reallaşan “Sən tək deyilsən” adlı layihə çərçivəsində 2023-cü ildə Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb, “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı təsis edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə fəaliyyəti nəticəsində təsis edilmiş “Hənifə Məlikova – Zərdabi” adına təqaüd proqramı çərçivəsində 4 il ərzində respublikanın 58 rayonu üzrə 27 ali təhsil müəssisələrinə yüksək balla daxil olan 145 nəfər qız təqaüdlə təmin olunur.

“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində 2024-cü ildə Dövlət Komitəsi ilə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb. “Arzumuz var” sloqanı ilə reallaşan təqaüd proqramının ilk mərhələsində Bakı şəhəri və regionlardan (Ağcabədi, Qusar, Göyçay) olan 15 nəfər abituriyent qıza dəstək göstərilir.

– Uşaq hüquqlarının pozulması, onların mənəvi – psixoloji inkişafına zərər vuran fəaliyyətlərin yolverilməzliyi, uşaq problemləri sahəsində beynəlxalq sənədlərdə tələb olunan müddəaların yerinə yetirilməsi barədə nə deyə bilərsiniz?

– Uşaq hüquqlarının qorunması dövlətin prioritet istiqamətlərindən biridir. Onların sağlam mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, zorakılıq və istismardan qorunması üçün həm milli qanunvericilikdə, həm də beynəlxalq öhdəliklər çərçivəsində mühüm addımlar atılır.

Bu məsələ ilə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir, müxtəlif layihələr icra edir. Uşaqların mənəvi-psixoloji inkişafına zərər vuracaq fəaliyyətlərin qarşısının alınması məqsədilə onların ilk növbədə zərərli informasiyadan qorunmasının təmin edilməsi vacibdir. 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu müasir dövrdə uşaqların sosial media və digər mühitlərdə zərərli informasiya, onun mənfi nəticələrindən müdafiəsi işinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin 2023-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə 92-ci sessiyası keçirilmiş, Azərbaycan Respublikası Hökumətinin beşinci və altıncı dövrü məruzəsinin təqdimatı baş tutmuşdur.Sessiyada Konvensiyanın “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair” və “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” fakültativ protokolları üzrə hesabatlar ətrafında da dinləmələr aparılmışdır.Dövri məruzə əsasında qəbul olunmuş Yekun Müşahidələrdə Konvensiyasının ölkəmiz tərəfindən implementasiyası istiqamətində növbəti addımların atılmasına dair tövsiyələrin icrası məqsədilə İşçi qrup yaradılmışdır. Hazırda müxtəlif qurumların nümayəndələrindən ibarət İşçi qrup bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.

– Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyalarının fəaliyyətinin günün tələblərinə cavab verməsi üçün hansı işlər görülür?

– Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli 113 nömrəli Fərmanı ilə təsdiq edilmiş qanuna əsasən yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalar Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar olaraq dəyişdirilmiş, yerli komissiyaların fəaliyyətinin təhlil edilməsi, nəticələrə uyğun tövsiyələrin hazırlanması məqsədilə Uşaq hüquqlarının müdafiəsi üzrə Katiblik fəaliyyətə başlamışdır.

Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyalar haqqında Əsasnaməyə edilmiş yeni dəyişikliyə uyğun olaraq yerli icra hakimiyyətləri yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar ildə 4 dəfə (rüblük, altı aylıq, doqquz aylıq, illik) olmaqla, həmçinin uşaq hüquqları sahəsində qəbul edilmiş qərarlarla bağlı 3 iş günü ərzində katibliyə məlumat verirlər.

– Ətraflı məlumata görə təşəkkür edirik.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ



Müsahibə