Gəncəyə yağış yağır… Göy üzündən süzülən damlalar sanki təkcə torpağı deyil, bu qədim şəhərin yorğun ruhunu da yuyur. O uzun, ağır yay istilərindən sonra şəhər ilk dəfədir belə rahat nəfəs alır. Küçələrin daş döşəməsi səssizcə üzü tündləşən səmanı dinləyir, binaların divarları illərin həsrətiylə yağan yağışa söykənir.
Yağış Gəncənin üstünü təkcə su ilə deyil, sükutla, sərinliklə örtür. Sanki hər damla bir duadır. Nizaminin misralarından süzülən, Cavad xanın xatirəsində yaşayan dua.
Hələlik adda-budda olsa da yerə tökülən qızılı yarpaqlar yağışın suyu ilə bir-bir yuyulur. Elə bil təbiət özü də bu şəhərin tarixindən, qürurundan, min illər boyu çəkdiyi dərdlərdən xəbərdardır. Gəncə təkcə torpağa deyil, sanki yaddaşına da su verir.
Köhnə küçələrin sükutunda da bir musiqi var bu gün. Yağışla birgə pıçıldayan ağaclar, damlara çırpılan damlaların ritmi, insanların addımlarındakı tələsməyən sabitlik…
Bəlkə də Gəncə bu yağışla təkcə sərinləmək deyil, içindəki təlatümü də bir anlıq susdurmaq istəyir. Axı hər şəhərin arada dincliyə, tənhalığa, bir səssizliyə də ehtiyacı var…Elə bugünkü kimi. Amma bu sükut uzun çəkməyəcək. Gəncə sentyabrın sonu, oktyabrın əvvəlləri yenidən təlatümə qovuşacaq və o zaman…
Gəncəyə yağış yağır. Külək yox, tufan yox, sadəcə yağış… Həm də necə gözəl, necə yaraşan bir yağış…Sanki minillik tarixə, poeziyaya, dözümlü daşlara layiq olan bir şəhərə ən çox lazım olan ilahi bir toxunuş kimi.
Və bu yağışın altında Gəncə yenidən doğulur…Səssiz, sadə və möhtəşəm.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri