Uşaqlıq illərinin xatirələrini vərəqlədikcə səhər tezdən kimisinin tarlaya, kimisinin də çiyinlərində uzanan qarğı balıq ovuna tələsdiyi yada düşür. O vaxt hamı balıq ovunda məhz qarğıdan istifadə edirdi.
Adətən, yanımızda təcrübəli bir balıqçının olmasını istəyirdik. Bu sarıdan bəxtimiz bir balaca gətirmişdi. Bizdən yaşca böyük və təcrübəsi olan qonşu Mehman, sanki, bizə müəllimlik edirdi. O, bizə ov sarıdan “dərs” keçər və həmişə söyləyərdi ki, balığın da ovlanmaq saatı var. Biz yeniyetmələr də bu fikrə “balıqlar da saat taxır” anlamı verərdik. Mehmansız balıq ovunda isə uşaqlara aramızda bu saat məsələsini müzakirə edər, “yəqin balıqlar növbə ilə” atdığımız tilova yaxınlaşırlar, - deyə düşünərdik. O illərdən biz düz 40 ildən çox vaxt ayırır.
Hazırda Dənizkənarı Bulvarda xüsusi yer ayrılıb ki, bura balıq həvəskarlarının ən çox üz tutduğu ünvandır. Dənizkənarına çatanda dan yeri yenicə işıqlanırdı. Həftənin ikinci günü və səhər saatları olsa da balıqçıların gəlişi gözə dəyirdi.
Estakadaya daxil oluruq. Hələ ki sakitlikdir. Hamı tilovunu atıb “dörd gözlə” ovunu gözləyir. İlk həmsöhbətim Vaqif dayıdır. Əslən bakılıdır. Vaxtilə uşaqlığı “Montin”də keçib. Balıq həvəskarıdır. Məram və məqsədimi bildirirəm. Burada nə qədər balıqçı varsa, hamısının ustadı bax o ağsaqqaldır.
– Talış, ay Talış, “qonağımız var” – deyə ucadan səsləyir. Qısa bir məsafəni asta-asta gedərək özüm özümə “nə yaxşı oldu, cənub zonasında da balıqçılıq həmişə olub. Maraqlı söhbət alınacaq”- deyə yönəldilən ünvana yetişirəm.
– Bizi də yada salan olarmış. Bir vaxtlar çox gəlib, yazı-reportajlar hazırlayardılar. Son illər çox az maraqlanırlar. Həmişə də təcrübəli balıqçı kimi söhbəti mənimlə ediblər.
– Təcrübəniz, yəqin, Lənkəranın, Astaranın dənizə çıxışı ilə bağlı olub. Bunu eşidər-eşitməz ağsaqqalın şaqqanaq çəkərək ürəkdən gülməyi ilə ətrafdakı adamlar bizi əhatəyə aldılar.
– Balıqçılardan biri yenə nə oldu, elə ürəkdən güldün. De biz də gülək, səhər-səhər kefimiz açılsın. Bu qardaş elə bilir ki, mən cənub bölgəsindənəm. Təbəssümlə söhbətə davam edir:
– Yox ay oğul, adım Talışdır. Əslən qarabağlıyam. Uşaqlığımızdan balığa olan həvəs bizi bu gün bura gətirib. Qarabağ kanalında inanın ki, gecədən səhərə kimi balıq ovlayar, gündəlik həm qidamızı, həm də çörək pulumuzu qazanardıq. Uzun illərdir ki, dəniz kənarına gəlirəm. Bu bir adət halını alıb. Bir gün gələ bilməyəndə darıxıram. Xüsusilə yay aylarında. Sübh tezdən gün batana kimi buradayam. Özüm ilə bütün tədarükümü – çayımı-yeməyimi gətirirəm. Yaşım da 80-i haqlayıb. Bura mənim üçün cənnətməkandır. Bu, mənə ruhən istirahət yaşadır, mənalı və unudulmaz anları isə xatirəyə çevirir.
Müəyyən müddət ərzində insan bütün qayğılardan azad olur. Hətta gərginlikdən azacıq da olsa uzaqlaşır və özünü gümrah hiss edir. Bütün dostlarıma sanatoriyalara getməkdənsə kimi balıq tutmağı, kimi özlərinə hobbi məsləhət görürəm. Di gəl ki... Eşidən yoxdur. Həkim insanlara əsasən günəş altında gəzməklə “D” vitamini və təmiz hava qəbul etməyi məsləhət görür. İkisini də burada tapmaq mümkündür.
Bura gələnlərin çoxu uzun illərin balıqçılarıdır. Aralarında dostluq əlaqələri də yaranıb. Balıq tutmaq hamı üçün, sanki, bir hobbidir. Bircə başını qaldır göyə bax. Qağayılar necə də sıraya düzülüb. Onlar da bizim kimi ruzilərini gözləyirlər. Elə bil “dron”durlar. Sanki bizə nəzarət edirlər. “Bıçok”ların da qənimidirlər. Yeyib doydularsa, ətrafımızda dövr edirlər. Hələ onların bir ağızdan nəğmə demələrini eşidəsiniz. Bu estakadanı da axşama doğru bizimlə birgə tərk edirlər. Hər səhər də qarşılayırlar.
“Heç balıqların “rəqsi”ni görmüsünüzmü?” – həmsöhbətim sual verir. “O necə olur?” – təəccüblə soruşuram. Talış dayının bir iri çörək parçasını dənizə atmağı ilə balıqların doğrudan da “rəqsi” başlayır. Bizim üçün əziz nemət olan çörəyi elə şirin yeyirlər ki, hər tərəfə səs yayılır. Gözümün önündə körpə bir uşağın ilk dəfə çörəyi damağına çəkməsi canlanır. Talış dayı bundan həzz alıb kövrəldiyini gizlətməyə çalışsa da danışığında hiss olunacaq dərəcədə büruzə verir.
Tamaşa etdikcə şirin söhbəti ilə yanaşı gözlərini bir anlıq da olsun tilovdan çəkmir. İndi kütüm, “slyotka” vaxtıdır. Diqqətlə fikir ver, 100 metr məsafəyə atdığım tilov ancaq kütüm balığı üçündür. Biz kütüm balıqlarını məhz o zonaya öyrəşdirmişik. Gələn aydan etibarən kifal balığının mövsümü başlayır. Atalarımız demişkən: “Könlü balıq istəyənin, quyruğu suda ola gərək”.
Talış dayı tutduqca tilovuna düşməyən digər balıqçıların nigaranlığı açıq-aşkar sezilir. Vaqif dayı estakadanın o başından səslənir: ay Talış, “Brilyant əl” kinosuna yəqin baxmısan. Yoxsa “vodalazlar” sənin üçün suyun altında tilovuna balıq taxır. Nahaq yerə sənə “ustad” demirik ki... Gərək sənətkar olasan.
Talış dayı balıqçılıqdan elə maraqlı faktlar söyləyir ki... Balıq ovu dünyada ən yaxşı məşğuliyyət növlərindəndir. Tilovun yeminə qədər diqqətli olmalısan. Onu elə yerləşdirməlisən ki, balıq duyuq düşməsin. O, yemi hədəfə alana kimi xeyli müşahidə edir. Gərək balığın “nazı” ilə oynayasan.
Bir azdan Vaqif dayının ucadan səsi gəlir: Hamı eşitsin, iki gün şimal, daha sonra cənub küləyi əsəcək. Demək ki, dörd gündə balığımız bol olacaq.
Ovunuz rast gətirsin, balıqçı qardaşlar!
Müşfiq MİRZƏ
XQ