Çəltik əkinləri də subsidiyalaşdırılır

post-img

Son illər Azərbaycanda çəltikçiliyin inkişafına dövlət dəstəyi xeyli gücləndirilib. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı təsdiq olunub. Həmin sənədə əsasən, 2025-ci ildə ölkə üzrə çəltik əkini sahələrinin 10 min hektara, hektarlığın orta məhsuldarlığının 40 sentnerə, düyü istehsalının isə 40 min tona çatdırılması nəzərdə tutulur.

Aqrar Subsidiya Şurasının bu il sentyabrın 1-də qəbul etdiyi qərara əsasən isə 2026-cı təsərrüfat ilində çəltik əkinlərinin hər hektarına görə fermerlərə 380 manat dövlət dəstəyi veriləcək. 2025-ci il iyunun 1-dən avqustun 31-dək aparılmış təkrar çətlik əkinlərinə görə isə fermerlərə 120 manat subsidiya verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, bu bitki üzrə subsidiya yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında aparılan çəltik əkinlərinə görə ödəniləcək.

Qeyd edək ki, Azərbaycanda çəltikçilik əsasən, Şəki-Zaqatala və Lənkəran-Astara iqtisadi rayonlarında geniş yayılıb. Sözügedən rayonlarda çəltiyin “Ağ-qılçıq”, “Sarı-qılçıq”, “Uzros, “Ağ-ənbərbü” və “Sədri” kimi yerli sortları becərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkəmizdə 18 min 399 ton düyü istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4 min 426 ton və ya 31,7 faiz artım deməkdir. 2025-ci ilin məhsulu üçün isə ölkə üzrə 4 min 863,1 hektar sahədə çəltik əkilib. Bu isə ötən ilə nisbətən 414,3 hektar və ya 9,3 faiz çoxdur.

Yeri gəlmişkən, hazırda ölkənin düyüyə olan illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Bununla belə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası, eləcə də çəltik sahələrinin subsidiyalaşdırılması daxili bazarın idxaldan asılılığını azaldacaq.

XQ

İqtisadiyyat