“Qafqaz evi” formatı aktuallığını saxlayır

post-img

TRIPP-in işə düşməsi “3+3” platformasını gerçəkləşdirəcəkmi?

2020-ci il İkinci Qarabağ müharibəsindən sonra gündəmə gələn “3+3” regional əməkdaşlıq platforması Cənubi Qafqaz ölkələri – Azərbaycan, Ermənistan və Gürcüstan ilə yanaşı, regionun qonşuları – Rusiya, Türkiyə və İranı bir araya gətirməyi planlaşdırır. Əsas ideya budur ki, Cənubi Qafqazdakı problemlər regional dövlətlərin iştirakı ilə, kənar güclərin müdaxiləsi olmadan həll olunsun. “3+3”-ü, əslində, “Qafqaz evi” ideyasının genişləndirilmiş variantı kimi qiymətləndirmək olar. Platformanın digər məqsədi regionda sülh, təhlükəsizlik, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılması istiqamətində birgə addımlar atmaqdır. Bu təşəbbüs ilk dəfə Azərbaycan və Türkiyə tərəfindən irəli sürülüb, Rusiya və İran tərəfindən dəstəklənib. Amma ötən illər ərzində bura daxil olan ölkələr arasında bəzi ziddiyyətlərin olmasıı platformanın tam gücü ilə işləməsinə əngəl törədib. Buna baxmayaraq, qonşu ölkələrin rəsmi şəxsləri tərəfindən verilən bəyanatlar formatın aktuallığını göstərir.

Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan, Azərbaycan və Gürcüstanı Rusiya, İran və Türkiyə ilə birləşdirən “3+3” regional məsləhətçi platformasında görüşlərin bərpasına çağırıb. MDBMİ-də (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) tələbələr qarşısında çıxış edən Lavrov xatırladıb ki, bu təşəbbüsün müəllifləri Türkiyə və Azərbaycan olub və hazırda formatın yenidən işə salınması üçün əlverişli zaman yetişib. O bildirib ki, iki il əvvəl nazirlər və nazir müavinləri səviyyəsində bir neçə görüş keçirilib: “İndi hesab edirik ki, bu formatı bərpa etməyin vaxtıdır. İranlı qonşularımız da prosesi dəstəkləyir. Qeyd etdiyim kimi, Türkiyə və Azərbaycan bu platformanın təşəbbüskarlarıdır”.

Ermənistan Xarici İşlər Nazirliyi isə bildirib ki, nazirlərin növbəti görüşünün vaxtı və yeri barədə hələlik qərar verilməyib. Bununla belə, xarici işlər nazirinin müavini Vahan Kostanyan daha əvvəl qeyd etmişdi ki, toplantı həm İrəvanda, həm də Bakıda baş tuta bilər. Belə pozitiv yanaşmanın müəllifi Ermənistan XİN-in görüşə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib. Yeri gəlmişkən, Azərbaycan da analoji təklifi irəli sürüb. Lavrov bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə açıqlamasında “3+3” formatında nazirlərin üçüncü görüşünə hazırlığın getdiyini, növbəti iki iclasın isə Bakıda və İrəvanda keçirilməsinin nəzərdə tutulduğunu demişdi.

Çox güman ki, Ermənistan rəsmilərinin bu məsələdə Rusiyanı dəstəkləməsi, yəni platformanı yenidən aktivləşdirmək cəhdi, bölgədə əməkdaşlığı dəstəkləməklə yanaşı, həm də şimal qonşumuzun “könlünü almağa” yönəlib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasında, həmçinin Zəngəzur dəhlizinin açılmasında vasitəçi kimi ABŞ çıxış etdiyindən, rəsmi Moskva regional proseslərdə müəyyən qədər kənarda qalıb. Ermənistan bu addımı ilə Rusiyada əlavə qıcıq yaratmaq istəmir. Nikol Paşinyan hakimiyyəti hər nə qədər qərbyönlü siyasət yürütsə də, hələlik, tam olaraq Rusiyanın təsir dairəsindən azad ola bilməyib.

Qeyd olunduğu kimi, platforma çərçivəsində “altılıq” tərəfindən iqtisadi əməkdaşlığın və kommunikasiya xətlərinin bərpası nəzərdə tutulur ki, bu da bütövlükdə regionun geosiyasi mənzərəsinə ciddi təsir göstərə bilər. Gürcüstan istisna olmaqla, digər dövlətlər indiyədək “3+3” formatını dəstəklədiklərini açıq şəkildə bildiriblər. İndiyə qədər bu format çərçivəsində üç görüş keçirilib. Birinci toplantı 2021-ci il dekabrın 10-da Moskvada baş tutub və orada Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. İkinci görüş 2023-cü il oktyabrın 23-də Tehranda xarici işlər nazirlərinin iştirakı ilə təşkil olunub. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra isə üçüncü görüş İstanbulda keçirilib. Hər üç görüşdə Gürcüstan iştirak etməyib. Bunun səbəbini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumunda yenidən gündəmə gətirmişdi. O zaman nazir “Gürcüstan 3+3 formatının bir hissəsi olmasa da, həmişə belə adlandırılır. Biz bu platformanın üzvü deyilik. Biz bütün qonşularımızla əməkdaşlıq edirik – bir istisna olmaqla, o da Rusiyadır. Bunun da səbəbi var: Gürcüstanın iki rayonu Rusiyanın işğalı altında qalır və orada Rusiyanın hərbi mövcudluğu davam edir...”, – deyə bildirmişdi.

***

Hazırkı mərhələdə bu əməkdaşlıq çərçivəsindən kənarda qalan yeganə tərəf Gürcüstan olsa da, digər tərəflər dəfələrlə rəsmi Tbilisi üçün qapıların açıq olduğunu bildirib. Bununla yanaşı, ötən ilin dekabrında Moskva ilə Bakı arasında baş vermiş məlum təyyarə qəzasından sonra iki ölkə arasında yaranan gərgin münasibətlər də “3+3” mexanizminin fəaliyyətinə və onun gələcək konfiqurasiyasına mühüm maneədir. Digər tərəfdən, regionda təsir dairəsi uğrunda rəqabət aparan qüvvələr də mövcuddur. Xüsusilə, Rusiyanın və İranın ənənəvi rəqibləri, həmçinin ABŞ-ın Cənubi Qafqaza, o cümlədən Zəngəzur dəhlizi (TRIPP) istiqamətinə maraq göstərməsi bu əməkdaşlıq modelinin gələcəyinə bilavasitə təsir edə bilər. Çünki böyük güclərin regiondakı mövqelərinin toqquşması “3+3” platformasının fəaliyyət imkanlarını məhdudlaşdıra və iştirakçı ölkələr arasında ziddiyyətləri dərinləşdirə bilər. Məhz bu amillər “3+3” çərçivəsində əməkdaşlığın o qədər də sadə olmadığını göstərir.

“3+3” təşəbbüsünün taleyinə təsir göstərəcək məqamlardan biri də İranın region siyasətidir. Rəsmi Tehran hər nə qədər bu platformaya müsbət yanaşsa da, digər tərəfdən hakimiyyətdə cəmlənən mühafizəkar qanad Zəngəzur dəhlizi əleyhinə bəyanatlar verməkdə davam edir. Mehriban qonşuluq münasibətlərinə kölgə salan bu cür açıqlamalar Bakı–Tehran xəttində müəyyən narazılıqlar yarada bilər. Belə olan təqdirdə, format çərçivəsində hər hansı irəliləyişin əldə edilməsi müşkül məsələyə çevirələcək. Göründüyü kimi, “Qafqaz evi” formatının aktivliyi daha çox Rusiya və İranın atacağı addımlardan asılı olacaq.

Son hadisələri nəzərə alsaq, “3+3” modelinin işlək vəziyyətə gətirilməsində əsas təkanverici amil kimi Azərbaycan–Ermənistan münasibətlərini göstərmək olar. Artıq hər iki ölkə üçün əməkdaşlıq dövrü başlayır. Bu baxımdan, əgər bütün tərəflər siyasi iradə nümayiş etdirərlərsə, “Qafqaz evi” ideyasının gerçəkləşməsi reallığa çevrilə bilər. Regionda baş verən problemlərin, məhz bölgə xalqları tərəfindən həll edilməsi daha məqsədəuyğundur. Dünyada buna bənzər nümunələr mövcuddur. Skandinaviya ölkələri – Norveç, İsveç və Danimarka uzun illər sosial, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq edir, NATO üzvlüyü və regional layihələr vasitəsilə ortaq maraqları qoruyurlar. “Benilüks”ə daxil olan Belçika, Niderland və Lüksemburq isə iqtisadi inteqrasiya və ortaq siyasi təşəbbüslərlə regional sabitliyi təmin edir.

Musa BAĞIRLI
XQ

Siyasət