Xocalı qatillərinin cinayət işi tezliklə məhkəmə baxışına veriləcək

post-img

Müsahibimiz Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevdir

2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında ke­çirilən lokal xarakterli antiterror tədbirləri təkcə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təmin olunması ilə əlamətdar olmadı, həm də uzun illərdir na­rahat dolaşan şəhid ruhlarının rahatlıq tapması ilə nəticələndi. Üçrəngli Dövlət bayrağımızın bu gün işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən adı çəkiləndə hər bir azərbaycanlının içindən fəryad qopan Xocalıda dalğalanması həmin faciədə qurban getmiş soydaşlarımızın, eləcə də Vətən həsrəti ilə ötən illərdə dünyasını dəyişmiş bacı-qardaşlarımızın ruhlarını əbədi şad etdi. Prezi­dent İlham Əliyevin hələ 2021-ci il fevralın 26-da yerli və xarici media nümayən­dələri üçün mətbuat konfransında dediyi kimi, biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq. Dövlətimizin başçısı Xocalı soyqırımını törə­dənlərin bəzilərinin Vətən müharibəsində məhv edildiyini də bildirdi.

Onu da qeyd edək ki, Xocalı soyqırı­mının törədilməsinə dair açılmış cinayət işinin istintaqı bir an da dayandırılmayıb. Xüsusilə, ötən ilin sentyabrında Xocalının xunta rejiminin əsarətindən azad edilmə­sindən sonra yeni kütləvi məzarlıqlar aş­karlanır. Aşkarlanan yeni məzarlıqlar Xo­calı soyqırımı ilə bağlı cinayət işində yeni xüsusatların əlavə olunması deməkdir. Xocalı soyqırımının 32-ci ildönümü gü­nündə Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevlə həmsöhbət olduq.

– Emil müəllim, Xocalı soyqırımı ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı nələr müəyyənləşdirilib?

– Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində soyqı­rımı törədildiyi təsdiqlənib. Qeyd olunan tarixdə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhə­rində dislokasiya olunmuş 366-cı alayının dəstəyi ilə Xocalını mühasirəyə alaraq, şəhərə hücum etməsi müəyyənləşdirilib. Əvvəlcə yaşayış məntəqəsini şiddətli ar­tilleriya atəşinə tutub, sonra isə çoxsaylı ağır texnika, o cümlədən tanklar, piyada­ların döyüş maşını və zirehli transportyor­lar vasitəsilə şəhərə daxil olub, evlərində yatmış dinc əhalini vahiməyə salıb, qarşı­larına çıxan qadınlara, uşaqlara, qocala­ra aman vermədən odlu silahlardan atəş açmaqla, tankın, döyüş maşınlarının və digər texnikaların altına salaraq əzmək­lə, müxtəlif işgəncələr verməklə insanları xüsusi amansızlıqla qətlə yetirib və sair vəhşiliklər törədiblər. İstintaq materialları ilə sübuta yetirilib ki, Xocalı soyqırımı za­manı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər məhz azərbaycanlı ol­duqlarına görə ağlasığmaz işgəncələr ve­rilməklə xüsusi amansızlıqla qətlə yetirilib, 487 dinc sakinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. 1275 nəfər isə əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qa­dın və 26 uşağın taleyi bu günədək məlum deyil. Soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Azğınlaşmış erməni qatilləri azyaşlılara belə rəhm etməyib və 5 yaşlı qız uşağına 17 güllə vurublar.

– Xocalı soyqırımı ilə bağlı hansı maddələr üzrə cinayət işi açılıb?

– Cinayət işinin istintaqı zamanı konk­ret olaraq Xocalı epizodu üzrə sülh və in­sanlıq əleyhinə cinayət törətmələri sübu­ta yetirilmiş 40 nəfərin barəsində onların Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismin­də cəlb olunmalarına dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarları­na əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respub­likasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda baş prokuror Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliye­vin nəzarəti ilə hərtərəfli istintaq-əməliy­yat tədbirləri davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, Xocalı soyqırımının törədilməsi BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qar­şısının alınması və ona görə cəzalandır­ma haqqında”, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, habelə “Hərbi əsirlərlə rəftar haqqında”, “Müharibə zamanı mülki əha­linin qorunması haqqında” Cenevrə kon­vensiyalarının, 1950-ci il noyabrın 4-də Avropa Şurası tərəfindən qəbul olunmuş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın üçün­cü maddəsinin tələblərini kobud şəkildə pozulması idi.

– Ümumilikdə, Xocalı soyqırımı ilə bağlı təqsirləndirilən şəxslərin sayı neçə nəfərdir?

– Cinayət işinin istintaqı zamanı qa­nunsuz erməni silahlı birləşmələri tərəfin­dən yerli azərbaycanlı əhaliyə qarşı törə­dilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı 40 nəfəri Xocalı soyqı­rımı üzrə olmaqla ümumilikdə 300-dən ar­tıq şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya, işgəncə, müharibə adət və qanunlarını pozma və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələri sü­buta yetirilib. İstintaq müddətində həmin şəxslərdən 6 nəfərin yeri müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bunlar Arsen Baqdasaryan, Karen Qazar­yan, Alyoşa Xosrovyan, Lüdvik Mkrtıçyan, Meşəli soyqırımının törədilməsində təqsir­ləndirilən Vaqif Xaçatryan və Levon Mnat­sakanyandır. Beş nəfər barəsində cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq məhkəmə baxışına verilmiş və onların hər biri layiq olduqları cəzalara məhkum edi­liblər. Bir nəfər – Levon Mnatsakanyan və onunla birlikdə həbs olunmuş, qondarma “dqr”in digər vəzifəli şəxslərinin törətdiklə­ri cinayətlərlə bağlı cinayət işinin istintaqı hazırda davam etdirilir və həmin iş də qısa müddətdə yekunlaşdırılaraq məhkəmə baxışına veriləcəkdir.

– Xocalı soyqırımının törədilməsin­də iştirak edən və hələ də azadlıqda gəzən şəxslərin məsuliyyətə cəlb olun­ması üçün hansı tədbirlər görülür?

– Qeyd etdiyimiz kimi, istintaqla Xocalı soyqırımının törədilməsində 40 nəfərin iş­tirak etməsi müəyyən olunub. Axtarışa ve­rilmiş şəxslər arasında Seyran Ohanyan, Robert Koçaryan, Serj Sarkisyan, Yevgeni Nabokix, Valeri Çitçyan kimi Xocalı caniləri də var. Həmin şəxslər barəsində soyqırımı və deportasiya maddələri ilə təqsirləndi­rilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib. Barələrində məh­kəmələr tərəfindən həbs qətimkan tədbir­ləri seçilib. Axtarışlarının təmin edilməsi üçün sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Milli Mərkəzi Bürosuna göndərilib. Onlar hazırda axtarışdadırlar.

– Bir müddət öncə Əsgəran qalası­nın ətrafında kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanları­na aid olduğu ehtimal edilir. Həmçinin, fevralın 23-də Xocalıda su-kanalizasiya sisteminin tikintisi zamanı daha bir küt­ləvi məzarlıq aşkar edilmişdi. Bununla bağlı nələri deyə bilərsiniz?

– 2020-ci ilin noyabr ayından bəri, yəni torpaqlarımız işğaldan azad edildik­dən sonra dövlət başçımızın tapşırığına əsasən, Birinci Qarabağ müharibəsi döv­ründə itkin düşmüş şəxslərin meyit qalıq­larının axtarışı intensiv xarakter almışdır. Ötən dövr ərzində, yəni 2020-ci ilin noyabr ayından bugünədək Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Şuşa rayonunun Daşaltı kəndində, Şuşa şəhərindəki keç­miş həbsxananın ərazisində, Kəlbəcərdə, Laçında və digər ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə, 500-dən artıq insan meyit qalıqları tapılaraq götürülmüş və həmin qalıqların Birinci Qa­rabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsə­dilə məhkəmə tibbi-kriminalistik və məh­kəmə molekulyar-genetik ekspertizaları (DNT) təyin edilmişdir. Onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə 3890 nəfər itkin düşmüş hesab olunur. Hə­min ekspertiza tədqiqatlarının nəticələrinə əsasən, bugünədək 50-dək şəxsin şəxsin şəxsiyyəti müəyyən edilmiş və onların bir hissəsi öz doğmalarına təhvil verilərək, adət-ənənələrə uyğun dəf edilmişlər. Di­gər şəxslərin şəxsiyyətinin müəyyən edil­məsi istiqamətində işlər davamlı gedir.

Bugünlərdə Xocalıda su-kanalizasiya sisteminin tikintisi zamanı aşkar edilən kütləvi məzarlıqla bağlı məsələ ilə bağlı isə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində araşdırma aparılır. Axtarış işləri tam ye­kunlaşdıqdan və müavfiq ekspertiza nəti­cələri müəyyən olunduqdan sonra ictima­iyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

– Birinci Qarabağ müharibəsi zama­nı qəhrəmancasına şəhid olmuş Natıq Qasımovun meyit qalıqlarının aşkar­lanması istiqamətində hansısa yenilik varmı?

– Qeyd etdiyimiz kimi, Birinci Qara­bağ müharibəsi dövründə 3890 nəfər itkin düşmüş şəxs var. Təkcə Natiq Qasımovun deyil, onların hər birinin taleyinin müəyyən edilməsi istiqamətində işlər görülür. İtkin düşmüş hər bir şəxs tapılanadək biz işimi­zi davam etdirəcəyik.

– Xocalı soyqırımının törədilməsin­də iştirak etmiş təqsirləndirilən şəxs Raşid Beqlaryanın cinayət işində nə yenilik var?

– Raşid Beqlaryanla bağlı cinayət işini­nin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparır. Bildiyimiz qədər həmin iş üzrə Beq­laryana Xocalıda törədilmiş soyqırımında iştirak, deportasiya və digər maddələrlə ittiham irəli sürülüb. Onun barəsində olan cinayət işinin istintaqı hazırda yekunlaşma ərəfəsindədir. Yəqin ki, qısa müddətdə həmin cinayət işi üzrə ibtidai istintaq ye­kunlaşacaq və gələn ay məhkəmə baxışı­na veriləcək. Amma mənim bildiyim qədər ona yekun ittiham verilib.

Səxavət HƏMİD
XQ

Müsahibə