Xocalı – güclü olmağımızı diktə edən faciə

post-img

Azərbaycan xalqı “əsrin faciəsi” sayılan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdi. Bu dəfə fərqli ab-havada. Artıq Xocalı dərdi yaddaşımızdakı niskil deyil. Uzun illərdən sonra niskilsizlik yaşantısı ovqatımızı təzələyir. Artıq torpağına, daşına, qayasına toxuna biləcəyimiz, havasını uda, suyunu içə biləcəyimiz Xocalımız var. Ancaq bu yaşantı toxtaqlıq gətirmir. Yalnız niskili unutdurur. Qəmimiz də, qüssəmiz də, acımız da, kədərimiz də susmaq bilmir. 

Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığım illərdə fev­ralın 26-sı günü, adətən, ilk dərs Xo­calıya həsr olunardı. Heç yadımdan çıxmaz, Avropa və Amerika xalqları tarixi fənnini tədris edən Rövşən Hətə­mov özünün şahidi olduğu bir hadisəni danışmışdı. Olayın qəhrəmanı dərsə davamiyyəti zəif bir tələbə idi. Rövşən müəllim həmin tələbəni ölkədən, dün­yadan xəbərsiz biri kimi təqdim edən­də təəccüblənmişdik. Necə ola bilər ki, müəllim belə bir şəxs haqqında Xoca­lı barədə danışanda söz açır, – deyə öz-özümüzə sual da vermişdik. Amma tezliklə bütün daşlar yerinə oturdu. 

Rövşən müəllim Xocalı faciəsi ilə bağlı universitetdə, o cümlədən, tarix fakültəsində bəzi görüntülərin yayıldı­ğını bildirmişdi. Əlbəttə, söhbət rəh­mətlik Çingiz Mustafayevin lentə aldığı dəhşət səhnələrindən gedir. Müəllimi­mizin həmin gün necəsə dərsdə olan tələbənin o görüntülərə baxdıqdan sonra ona yaxınlaşıb sual verdiyini təsvir etdi. Təxminən belə: bunu er­mənilər ediblər? Bu ölənlər bizimkilər­dir? Rövşən müəllim deyirdi ki, həmin tələbəyə vəziyyəti izah etməyi ilə onun dekanlığa qalxmağı bir oldu. Qalxdı və ərizəsini yazıb könüllü şəkildə mühari­bəyə getdi. Getdi və cəmi bir ay sonra həlak oldu. 

Həmin an auditoriyanı dərin sükut bürüdü. Hamınız do­nub qaldıq. Nə edək, bizdə­mi gedək ölək? Ümumən, niyə yaşa­yırıq? Nə üçün? Suallar çox idi. Həmin gün Xocalı kimi dəhşətin olduğu bir şə­raitdə yaşamağın haram olduğunu an­ladıq. Rövşən müəllim son dərəcə incə şəkildə, heç bir pafosa yol vermədən acı reallığı ortaya qoymuşdu... 

Bəli, illərlə bu reallıqla yaşadıq. Düşmənlərimiz Qarabağımızı – Şuşa­nı, Laçını, Kəlbəcəri, Xankəndini, Ağ­dərəni, Füzulini, Zəngilanı, Qubadlını, Ağdamı, o cümlədən, Xocalını da unu­dacağımızı zənn etdilər. Hesablar qur­dular – beş, on, iyirmi, otuz ildən sonra Azərbaycan insanı işğal mövzusuna necə yanaşacaq? Ancaq onların bütün hesabları alt-üst oldu. İnsanlarımız heç nəyi unutmadılar. Elə Xocalını da... 

Hər dəfə yaramıza duz basdıq ki, Xocalı dəhşətini unutmayaq. 44 günlük müharibə başa çatdıqdan və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə görə, Ağdamın, Kəlbəcərin və Laçının bizə keçəcəyi­ni bildikdən sonra hamı düşündü: bəs Xankəndi? Bəs Xocavənd, bəs Ağdərə və nəhayət, bəs Xocalı? Prezident İlham Əliyev əbəs yerə demir ki, nəyi nə vaxt və necə edəcəyini hamıdan yaxşı bilir. Elə də oldu. Xocalı 2023-cüilin sentyabrında reallaşdırdığımız lo­kal xarakterli antiterror tədbirləri nə­ticəsində bizim oldu. Məhz antiterror tədbirlərinin uğuru Xocalı niskilimizi aradan qaldırdı. Ardınca yaşananlar da məlumdur. 

Bəli, haqq-ədalət öz yerini tu­tur. Bu gün Xocalı qatilləri­nin, canilərinin bir qismi Bakı həbsxanalarındadır. Əlbəttə, daha böyük canilər – Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Koçaryan kimi Xocalı cəlladlarının da onların sırasına qoşulacağına əminik. Çünki haqqın və ədalətin tam təcəlli­sinə inanırıq. Xocalının bizim olacağı­na inandığımız kimi. 

Xocalı unudulmamalıdır, çünki ta­rixdir – qanla yazılmış tarix. Xocalı ermənilərin azərbaycanlıların, türklə­rin başlarına gətirdikləri faciə yaşan­tısındakı davamlılığın göstəricisidir. Məqsəd bəllidir – Cənubi Qafqaz coğ­rafiyasından türk, azərbaycanlı izini tamamilə silmək. Elə Xocalı cəlladları da bunu düşünmüşdülər. Bizi bir millət olaraq məhv etmək idi istəkləri. Mənfur sələflərinin işini davam etdirmək “niy­yətinə” köklənmişdilər. 

Xocalı həm də ona görə unu­dulmamalıdır ki, bu faciə bi­zim üçün dövlətsizliyimizin acı nəticəsidir. Adı olub, özü olmayan dövlətimiz, zəif düşməyimiz düşmənə fürsət vermişdi ki, bizi cəzalandırsın. Cəzalandırdı da. Deməli, bundan son­ra zəif düşməməliyik. Həmişə güclü ol­malıyıq ki, cəzalanmayaq. Düşmən bizi cəzalandırmaq üçün fürsət tapmamalı­dır. Nəinki tapmamalı, heç fürsət axtar­mağı belə ağlından keçirməməlidir. 

Qarabağ müharibəsinin ideya rəhbərlərindən olan yazıçı Zori Balayan “Ruhumuzun canlanması” kitabında Xocalıda soyqı­rımı haqqında belə yazır: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xa­çatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata bax­dım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xa­çaturla mən uşağın meyitini hissə-his­sə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

Bu gün Xocalı da digər torpaqla­rımız kimi azaddır. Zori balayanların iyrənc ruhlarını ərazilərimizdən söküb atmışıq. Ancaq bunları emosiyasız oxumaq olmur. Deməli, Xocalı yal­nız Azərbaycan xalqının dərdi deyil, ümumbəşəri mahiyyət daşıyan fa­ciədir. Yəni, biz Xocalının soyqırımı kimi tanınmasını istəyərkən, yalnız öz xalqımızın üzləşdiyi bəlaya diqqət çəkmirik. Xocalıya ədalət istəyi bəşəri missiyadı. Xocalı cəlladlarını cəzalan­dırmaq da həmçinin. Özü də onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Cəza­landırılmalıdır ki, insanlıq əleyhinə ci­nayətlərin həyata keçirilməsi normaya çevrilməsin.

XQ-nin analitik qrupu

Qan yaddaşı