Təzminat qaçılmazdır!

post-img

Ermənistan Azərbaycana vurduğu ziyanın əvəzini ödəməlidir

“Son günlər dünya mediası Ermənistanın Fransa, Hindistan, eləcə də digər tərəfdaşlarının köməyi ilə yenidən və əsaslı şəkildə silahlanması barədə xə­bərləri tirajlamaqla məşğuldur. Əminəm ki, Azər­baycanın buna həm siyasi, həm də hərbi cavabı özünü çox gözlətməyəcək. Bu isə adətən, indiyə qədər şahidi olduğumuz kimi, ildırım sürətli və hərtərəfli düşünülmüş formada olacaq”.

Bu fikirləri özünün “X” platformasında tanınmış polito­loq Eldar Namazov paylaşıb. Siyasi elmlər doktoru E.Na­mazov, eyni zamanda, diqqəti məsələnin başqa tərəfinə yönəldir: “Otuz ilə yaxın davam edən işğaldan, həmin dövrdə Azərbaycanın yüzlərlə şəhər və qəsəbəsinin yer­lə-yeksan edilməsindən sonra dağıdılmış sənaye və ya­şayış obyektlərinin bərpası üçün təcavüzkarın ödəməli ol­duğu təzminat məsələsi — vurduğu külli miqdarda ziyana görə kompensasiya ödəməsi gündəmdə olan mövzudur. Bu məsələnin hüquqi tərəfinə gəldikdə, bu, həm bey­nəlxalq konvensiyalara uyğun olaraq, həm də Ermənistan baş nazirinin işğal faktını tanıdığı və silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxaracağını öhdə­sinə götürdüyü 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı əsasında həllini tapması şübhəsizdir. Amma Qərbin bəzi haypərəst dövlətləri münaqişəyə son qoyulandan dərhal sonra Azərbaycanı 44 günlük müharibədə uğradığı məğ­lubiyyətin şokunu yaşayan Ermənistan tərəfinə mərhəmət göstərməyə, digər amillərlə yanaşı, qarşı tərəfin çox zəif maliyyə və iqtisadi imkanlarını nəzərə almağa çağırırlar”.

Paylaşımında daha sonra rəsmi İrəvanın son vaxtlar başlatdığı genişmiqyaslı və yenidən bahalı silahlanma kampaniyasının bu istiqamətdə güzəştlə bağlı bütün sual­ları aradan qaldırdığını bildirən E.Namazov Ermənistanın, təbii olaraq, hərbi cəhətdən güclənmək hüququnun oldu­ğunu, amma bu tip fəaliyyətə, ən mühafizəkar hesablama­lara görə, Azərbaycana yüz milyardlarla dollar məbləğində təzminat ödədikdən sonra başlaya biləcəyini vurğulayır:

“Tam əminəm ki, Azərbaycan tərəfi bu məsələdə də ədalətin bərpası üçün yaxın vaxtlarda lazımi addımları atacaq. Əslində, təzminat məsələsi sülh müqaviləsinin əsas müddəalarından birinə çevrilməlidir. Həmin müddəa olmadan tərəflər arasında etimadı bərpa etmək və mü­naqişədən sonrakı nizamlanmanın digər məsələlərini həll etmək mümkün deyil”. 

XQ

Siyasət